"07"ni güclə saxlayırsınız, sizə "Honda" lazımdır, ağsaqqal?

7 Mart 2021 13:20 Hadisə 2 207
"07"ni güclə saxlayırsınız, sizə "Honda" lazımdır, ağsaqqal?

Altındakı sovet istehsalı olan “07”nin (oxu: indiki "Neftçi") dalını-qabağını yığıb-yığışdıra bilməyən birinin inomarka arzusuyla yaşadığını görmüsüz?

Bəs həmin “07”ni bəyənməyib, xarici marka eşqi ilə borc-xərcə girib “Honda” (oxu: Keysuke Honda) alıb, sonra ona yanacaq tökməyə, yağını dəyişməyə pul tapmayanları?

Nə vaxtsa rastınıza əyninə şalvar almağa pul tapmayıb da, özünü qohum-qonşuya göstərmək üçün kreditlə avtomobil alıb, sonra başına döyənlər də çıxıb?

Mütləq ki, görmüsüz. Ətrafımızda o qədər bu düşüncə ilə yaşayan insanlar var ki. Psixologiyadır, bəzən gələcəyə baxmadan beyindən gələn ani siqnalın əmrinin qulu oluruq. Sonradan başımıza nə qədər vursaq da, faydası olmur. Çünki zamanında doğmaların dediklərini qulağın içinə yox, ardına vururuq.

Nədənsə məhəllmizin ağsaqqalın davranışları (oxu: Neftçi klubu) klubu mənə yuxarıda sadaladıqlarımı xatırladır. Bu gün-sabah 85 yaşı olacaq, altındakı maşını sürmür, cavanlığına salıb “Honda” həvəsinə düşüb. Ki, Yaponiya istehsalıdır, Rusiya, İtaliya, Braziliya kimi ölkələrdə şütüyüb, brend marka sayılır, ona görə də şansdan mütləq istifadə etmək lazımdır.

Adama sual verərlər, ay dayı, sizə “Honda” lazımdır? İllərdir əldən-ələ gəzən, çırpılmadığı divar qalmayan “07”ni güc-bəla ilə səhmana salmısız, indi-indi adamın gözünə xoş dəyir, duruşu, rəngi, getməyi, maşallah. Sürürsünüz də gül kimi. İnomarka almaq istəyirsiniz, əlimyandıda ili təzə o qədər lüks avtomobil satanlar var ki. Sadəcə, yaxşı-yaxşı axtarıb tapmaq lazımdır. Düzdür, bir az əziyyət tələb edən işdir. Nəyinizə lazım 35 ilin “Honda”sı?

Lap tutaq ki, “Honda”nı aldız. Hamı alqışladı, şəninə təriflər yağdırdılar, əhsən adına, maşallah gözəlliyinə, inşallah gələcəyinə. Sonra? Onu saxlamaq var e. Fransanın “Dabo”sunu, Braziliyanın “Dario”sunu, Haitinin “Donald”ını almışdınız da, sürə bildiz? Kaprizlərinə dözə bildiniz? Yox! Hərəsinin bir problemi çıxdı. Nəzərə alın ki, “Honda” onlardan daha keyfiyyətli, daha bahalı və daha gözəgəlimlidir. Yəni ki, xərci çoxdur.

Kasıb adam ili köhnə maşınları bir alanda sevinir, bir də satanda. Ona görə də, ağsaqqal, əl çəkin niyyətinizdən. Ətrafınızdakılara yox, bizə qulaq assın. Vallah, sizin yaxşılığınızı istəyirik. Ad xatirinə inomarka sürmək dəbdə olsaydı, “Qarabağ” çoxdan alıb sürərdi.

Maraqlanın, görün “84”ün “Yaguar”ına, “86”nın “Honda”sına kim pul verər?

“07”ni sürüb, bu gününüzə şükür edin. Allah qismət edər, sabah əlinizə yaxşı pul düşər, ili nisbətən təzə, ad-sanı olmayan, amma dözümlü, faydalı inomarka alarsınız. Alverçilərin şirin vədlərinə inanıb, pulunuzu çölə atıb, özünüzü də biabır etməyin! (offsideplus)

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti