Prezident: “Xoşbəxt adamam ki, bu xəbərləri xalqıma çatdırıram”

20 Oktyabr 2020 15:53 Gündəm 257
Prezident: “Xoşbəxt adamam ki, bu xəbərləri xalqıma çatdırıram”

“Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir: "Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir".

Digər Xəbərlər
Xəbər Lenti