"Qarabağ"a veriləcək suallar və ya bu, daha təhlükəlidir

25 Sentyabr 2020 16:14 Gündəm 1 243
"Qarabağ"a veriləcək suallar və ya bu, daha təhlükəlidir

"Qarabağ"ın problemi yenə ehtiyat skamyası ilə bağlıdır.

Avropa arenası ilə milli yarışları və üstəlik, yığmanın da təlimlərini əlavə etsək, Ağdam klubuna optimal bərabər, tənzimlənib nizamlanan və əvəzlənən oyunçulardan ibarət heyətin formalaşması vacibdir.

Abdulla Zubirlə Xayme Romeronun yoxluğu kollektivi bu qədər sarsıdırsa, nə qədər prinsipial rəqib olsa da, yarıcan, bişməmiş, natamam "Neftçi" qarşısında aciz qoyması daha çox problemləri qabardır, sualları çoxaldır.

Məğlub duruma düşdükdən sonra çempion ikinci hissənin son 20 dəqiqəsi ərzində nəinki təzyiqi artıra bilmədi, hətta meydanda nə etmək istədiyi belə görünmədi. Çılğınlıqdan "Neftçi"nin faydalanaraq, daha böyük üstünlüyə yiyələnə bilməməsi də ayrı söhbətin mövzusudur.

"Qarabağ" üçün bu, heç də natamam hazırlığın göstəricisi deyil, komandanın psixoloji problemlərinin aynasıdır. Söz yox ki, ağır və üzücü bitən Kipr səfərindən yenicə qayıdıb əsas rəqiblə üz-üzə gəlmək asan deyil.

Lakin illərdir Avropa meydanlarında əsas yarışların qrupunda 6 oyun keçirməyə bir növ adətkar olmuş kollektiv üçün bu, təhlükəli haldır. Psixoloji natamamlıq kompleksi bundan da təhlükəlidir. Deməli, ən azı, oyunçu transferlərində yenə də prinsipial uğursuzluqlar var.

Komplektləşməmiş "Qarabağ" bununla ya budəfəki mövsümdə Avropa arenasına barmaqarası baxaraq, qrupa düşsə belə, mübarizədə olmamağı (yaxud bəxtinin gətirməsini) düşünür, ya da milli çempionatdakı rəqibləri zəif bilərək, bu templə əsas diqqəti Avropaya ayırmaqla qış fasiləsindən sonra yenidən milli mövsümə köklənməyi planlaşdırır.

Əlbəttə, bu mülahizələri ciddi hesab etmək istəməzdik. Çünki bunlar həqiqət olarsa, qeyri-ciddi münasibətlərin və ya futbol təsəvvürlərinin çatışmazlığından danışmaq lazım gələr.

İki əzəli rəqib üz-üzə gəlirsə və biri doğma divarlar arasında məğlub olursa, rəqəmlərin dili ilə bir neçə kəlmə demək lazımdır. Sonuncu dəfə 2018-ci il mayın 6-da "ağ-qaralar"a "ev"ində məğlub olan Ağdam klubu həmin ilin oktyabrından paytaxt təmsilçisinə yenilmirdi.

Komandaların bunaqədərki son iki dueli isə 0:0 hesabı ilə başa çatdığından, qarşılaşmadakı nəticə yeni hesabatın təməlini qoyur. Qarşıdakı 3 görüş elə buna görə və hər hansısa eniş-yoxuş olmazsa, daha prinsipial xarakter kəsb edəcək.

Bir də onu qeyd etmək lazımdır ki, bu, rəqiblərin 80-ci tet-a-tet mübarizəsi idi. Buna qədər 29 matçda qalib gələn sonuncu çempion 20 dəfə meydanı məğlub tərk etmişdi. Bu dəfə 85-ci dəfə rəqibini məyus edən ağdamlılar bu görüşdən sonra 73 dəfə "Neftçi"dən qapısında top görmüş oldu.

BATI YAR

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!