Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi

19 May 2022 12:30 Gündəm 794
Ağdərədəki bic “rus icması”, Satenikin “mənasız ölən” oğlu və Xankəndiyə girmək təklifi

İrəvan küçələrində revanşistlərin etirazları səngiməsə də, artıq bir çoxları Azərbaycanla zarafatın təhlükəli olduğunu anlamaqdadır, xüsusilə də özgə torpaqda övlad itirənlər.

“Azadlıq” Radiosunun erməni bürosunun İrəvandakı Yerablur qəbiristanlığından hazırlanmış reportajı izlədim.

Satenik Davityan adlı əsgər anası hıçqırıqdan boğula-boğula saysız-hesabsız qəbirləri göstərib “bu qədər uşaq gedib mənasız yerə həlak oldu. İndi də nümayişlər, mitinqlər edirlər. Nəyə görə? Bir az gənc sağ qalıb, gərək onlar da həlak olsunlar ki, bunlar da sakitləşsinlər” deyir. Gerçək mənzərənin əksidir, həm Yerablur qəbiristanlığı, həm də oğlunun MƏNASIZ YERƏ öldüyünü deyən valideynin çarəsiz durumu...Dərs olsun, deyirik!

Amma olacaqmı? Əslində dərs olmasına imkan vermirlər. Necə ki, Sədərək rayonunun inzibati-ərazi vahidi olan Kərki kəndini 1900-cı ilin yanvarından işğalda saxladıqları halda, indi oranı geri vermək istəmirlər. Elə adıçəkilən radio həmin ünvandan da reportaj hazırlayıb. Son müharibədə Qarabağdan qaçıb gedən 40-adək ailəni yerləşdiriblər, onlar da deyir “ölərik, çıxmarıq”. Kim onları Kərkidə yerləşdirib və niyə? Bilə-bilə ki, 2020-nin 10 noyabr bəyannaməsinə uyğun olaraq Kərki və Qazaxın 7 kəndinin də Azərbaycana qaytarılması nəzərdə tutulub. Deyirlər, türklər Kərkiyə qayıtsa, İrəvan da əldən gedəcək...Yenə də həyasızlıq. Amma bu həyasızlıq davam etsə dedikləri baş verəcək, şübhələri olmasın. Onlardan “maşa” kimi istifadə edənlərdir, “dəliyə yel, əlinə bel” verənlər.

Rusiya sülhməramlıları yenə də Xankəndi və digər ərazilərimizdəki erməni uşaqlarına “rus oyuncaqları” paylamağa başlayıblar. Paralel şəkildə pulsuz-parasız rus dili kursları açıblar, Ağdərə, Xocavənd və digər ərazilərimizdə “rus icması” yaradırlar.

Yəqin fotosunu görmüsünüz: Ağdərədə birincisini açdılar. Giriş qapısının üzərində “Mardakert meriyası, Rus mərkəzi” yazılıb. Hansı əsasla? Bu, Azərbaycanın daxili işlərinə birbaşa müdaxilədir, özü də kobud şəkildə. Rusiya öz ərazisində on illərdir mövcud olan və əsasının qoyulması prosesində ölkə başçısının da iştirak etdiyi Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyətini dayandırdı illər öncə... Amma bu ölkənin çinovnikləri Azərbaycan ərazisində - Putinin də “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” dediyi ünvanda - “rus icması” yaradır. Digər tərəfdən, “Mardakert” adı çoxdan gorbagor olub, hələ 1-ci Qarabağ savaşının ilk illərində. Azərbaycan ərazisində meriya seçkiləri də keçirilməyib. Elə isə bu nə təqdimatdır? Və ən əsası: “rus icması” barədə də Azərbaycan rəsmi qurumlarının hər hansı qərarı olmayıb. Daha doğrusu, Rus icması var, deputat Mixail Zabelinin rəhbərliyi ilə fəaliyyətdədir. Azərbaycan Rus İcması İctimai Birliyinin IV qurultayının iştirakçılarına hətta Prezident təbrik məktubu da yollamışdı.

Elə isə özünü “rus icması” adlandıranlar nə sülənir Ağdərədə?

Başqa bir məqam: Putin Paşinyanla sonuncu görüşündə üçtərəfli müzakirələrdən danışdı, tənzimlənmədən bəhs olundu, üçtərəfli razılaşmaya uyğun olaraq. Yəni masada üç bayraq var: Rusiya Azərbaycan və Ermənistan bayraqları.

Ağdərədən çəkilmiş fotolara baxırıq: buradakı “mərkəz”ə də üç bayraq, daha doğrusu, 2 bayraq, 1 əski parçası qoyulub. Rusiyanın, Ermənistanın bayraqları və “artsax arsızları”nın üzərində unitaz olan cındası...

Əvvəla, Rusiya bayrağının qeyri-qanuni yaradılmış “mərkəz”ə qoyulmasının özü də qanunsuzdur. İkincisi, Ermənistan bayrağının nə iti azıb Azərbaycan ərazisində? Söhbət sərhədlərin demaraksiyası və delimitasiyasından gedirsə, Paşinyan ölkəsinin hələ 90-cı illərdən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edirsə, bəs, onun bayrağının Ağdərədə nə “iti azıb?” Başqa bir məsəl: Rusiya kimi nəhəng dövlət özünə necə sığışdırır ki, onun bayrağının yanına əski asır Qarabağdakı separatçı-terrorçu dəstələr?

Bəs harada qaldı fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin ilk bəndi?

Xatırladaq: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Azərbaycanda 150 mindən çox şagird rusca pulsuz təhsil alır, orta məktəblərin 8 faizi rusca təhsil verir, rus dilində təhsil müəssisələri fəaliyyət göstərir, Rus İcması mövcuddur və Putin də dəfələrlə bu faktları qeyd edib. M.Zabelin özü vaxtilə deyib ki, Azərbaycandakı 340 məktəbdə təlimin rus dilində aparıldığı sektorlar fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin müxtəlif fakültələrində 18 minə yaxın tələbə rus sektorunda oxuyur.

Bəs rusların yaşamadığı Qarabağda bu nə oyunbazlıqdır? "Rus pasportları"na hazırlıq?!

Sülhməramlıların müvəqqəti yerləşdiyi təsir zonası da Azərbaycan ərazisi deyilmi? Burada bayrağın asılma və endirilmə qaydaları da Azərbaycan qanunları ilə tənzimlənməlidir. Həm də əgər Rusiya prezidenti Putinin “Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir” sözü onun məmurları və Qarabağdakı heyəti üçün də keçərlidirsə, onda yığışdırsınlar bu tamaşanı!

Biri də var idi, Qarabağ işğalda olan zaman guya qaçıb Şuşaya gəlmişdi, Cıdır düzündə “eşşək yarışı” keçirirdi, biznesmen Qerman Sterliqovu deyirəm. Əslində “rus icması” söhbəti o vaxtlardan başlamışdı, sadəcə Azərbaycanın məsələyə sərt reaksiyası planın genişlənməsini əngəllədi, Rusiyadakı dairələr planı ertələdilər. Sonralar Qarabağa qanunsuz səfər edənlərin siyahısında Rusiya vətəndaşları birinci oldu, elə Azərbaycan XİN-in “qara siyahısı”nda da.

Ağdərənin Azərbaycan üçün çox önəmli bir ünvan olduğunu Rusiyada da yaxşı bilirlər. Ağdərə həm də Kəlbəcər yoludur. Ona görə də bu yolu qapatmaq, Azərbaycanı daim təzyiq altında saxlamaqdır niyyətləri, həm də “rus icması” adı altında.

1992-ci ildə uğurlu Ağdərə əməliyyatına qarşı hər cür fitnə-felə əl atdı Azərbaycan əleyhdarları. Rusiya silahı ilə, ABŞ 907 saylı sanksiya qətnaməsi ilə, digərləri də...

Şəhər yenidən işğal olundu 1993-ün yayında. Bu gün erməni separatçıları düşünür ki, burada əbədi qalmaları üçün Rusiya hərbçilərinin də bölgədə qalmasını əbədi etmək lazımdır. Bununçünsə ən uğurlu kart “rus icması” kartı sayılır. Nə olsun ki, nəinki Qarabağ ermənilərinin içərisində, hətta Ermənistanın özündə belə, düz-əməlli sayda rus yaşamır. Amma nə olsun yaşamır, onların nəzərincə, əsas icma yaratmaqdır. “Rus icması”nın təhlükəsizliyini təmin etməkdən ötrü məqam gələndə hərəkətə keçməkdən ötrü...Məkrli niyyət ortada.

Deputat Qüdrət Həsənquliyev mətbuata müsahibəsində deyib ki, sülh istəyiriksə Rusiya ilə danışmalıyıq. Həmçinin Türkiyə danışıqlar prosesinə qoşulmalıdır. “Rusiya sülhə imkan verməsə və əsgəri qüvvə ilə qarşı tərəfə yardım edərsə, Türkiyənin dəstəyi ilə Daxili Qoşunların xüsusi təyinatlıları Xankəndiyə girib, dövlət suverenliyimizi bərpa etməlidir”, deyib Qüdrət bəy. Məncə, haqlıdır, örtülü bazar, müttəfiqliyi pozar. Müttəfiqin ərazisində qanunsuz icma yaratmazlar. Bəlkə heç Putinin bu işdən xəbəri yoxdur, başının Ukraynaya qarışdığı dövrdə...

Son söz əvəzi: Rus İsmasının sədri M.Zabelin və Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov Ağdərə-Xocavənddəki bic “icma” söhbətinə reaksiya verməli, Rusiya hakimiyyətinə müraciətlər etməlidirlər. Yeri gəlmişkən, Boçarnikov həmkarı Bülbüloğluna qoşulub Şuşaya, “Xarıbülbül” festivalına gedə bilərdi. Bu dəfə də getmədi...

Elşad Paşasoy

Digər Xəbərlər
Xəbər Lenti