“Bütün məsələləri müzakirə etmişik, indi cavab gözləyirəm“

19 May 2022 17:40 Gündəm 1 060
“Bütün məsələləri müzakirə etmişik, indi cavab gözləyirəm“

“Demək olar bütün məsələləri müzakirə etmişik, indi cavab gözləyirəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz“un sükanı arxasına keçməyə hazırlaşan “Sumqayıt“ın sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Turan Tovuz”un Müşahidə Şurasının növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra namizədlər arasından Ayxan Abbasovun klubun strategiyasına daha uyğun olduğu vurğulanıb. Gənc mütəxəssis danışıqlar zamanı fikirlərin üst-üstə düşdüyünü bildirib:

“Əsas odur ki, klub rəhbərliyi mənim nə iş görmək istədiyimi yaxşı başa düşür. Bilirlər ki, səbr göstərmək lazımdır.

“Turan“ 9 ildən sonra Premyer Liqaya qayıdır, birdən-birə hər şeyi ideal səviyyədə qurmaq mümkün deyil. İlk növbədə əzmkar komanda yaratmalıyıq.

Bəli, klubun büdcəsi ilə maraqlanmışam. Bilirəm ki, əlavə sponsorlar da cəlb olunması gözlənilir. Hər şey plan üzrə getsə, “Turan“ın maliyyə vəziyyəti normal olacaq.

İki-üç gün ərzində təkrar görüşüb danışacağıq. Ümid edirəm ki, bir problem ortaya çıxmayacaq.

Tovuz mənə doğma yerdir. Vaxtilə futbolçu kimi orada oynamışam. Tovuzlu azarkeşləri tanıyıram, onlara böyük hörmətim var.

Futbolu yaxşı bilirlər, tələbkardırlar. Həmişə komandanın arxasında dayanırlar. Biz də əlimizdən gələni edəcəyik ki, Tovuz camaatını sevindirək“.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!