Ermənistan Bakıya təkliflər göndərib: Orada nələr var?

20 Yanvar 2022 20:30 Gündəm 1 552
Ermənistan Bakıya təkliflər göndərib: Orada nələr var?

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistanın Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Bakı üçün yeni təkliflər göndərildiyini təsdiqləyib.

Amma o, təkliflərin konkret nədən ibarət olduğunu deməyib.

Sadəcə bunu bəyan edib: “Təkliflər bizim müvafiq idarə və vəzifəli şəxslərimizin bəyanatlarında səslənmiş sahələrə aiddir”.

Qeyd edək ki, erməni tərəfinin təkliflərinin Bakıya çatdırılacağını Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi mətbuat konfransında deyib. Lavrov bildirib ki, Ermənistan sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycan üçün yeni təkliflər verib və Moskva bu təklifləri Bakıya təqdim edəcək. Həmçinin o, əlavə edib ki, proses mürəkkəb olacaq. Lavrovun eyhamı diqqət çəkir. Bu o demək deyilmi ki, Ermənistanın təklifləri prosesləri uzatmağa xidmət edə bilər? Ümumilikdə sərhəd komissiyasının yaradılmasının bu qədər yubanmasının səbəbi nədir?

YAP-çı deputat Hikmət Babaoğlu heç bir halda qalib Azərbaycanın heç bir təklifi qəbul etməyəcəyini bildirdi:

"Ermənistanın birdən-birə sərhədlərin delimitasiya və demarkasiya təklifləri ilə çıxış etməsi ermənisayağı yalançı diplomatik təşəbbüskarlıqdır. Təkliflərin konkret olaraq nələrdən ibarət olduğunu bilməsək də, təqribən təxmin etmək mümkündür. Çünki Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı göndərdiyi təkliflərin məzmunu ilə bağlı deyib ki, bu təkliflər erməni tərəfinin müvafiq idarə və vəzifəli şəxslərinin bu vaxta qədər sərhəd mövzusunda səsləndirdikləri bəyanatlarında əksini tapan məsələlərdən ibarətdir. Biz bilirik ki, belə bəyanatlar Ermənistanın Azərbaycanla sərhəd olan inzibati vahidlərinin rəhbər şəxsləri tərəfindən və Müdafiə Nazirliyinin müxtəlif ranqlı zabitləri tərəfindən səsləndirilib və bütün fikirlərdə Azərbaycan sərhədçilərinin Ermənistanın içərilərinə doğru irəlilədiyi iddia edilib. Bu kökündən yanlışdır və həqiqəti əks etdirmir. Hər şeydən öncə ona görə ki, sərhədlər delimitasiya və demarkasiya edilmədən kimin harada dayandığını dəqiq təyin etmək mümkün deyil. Belə olan halda ermənilərin bu təkliflərinin nədən ibarət ola biləcəyi aydındır. Bu isə əslində təklif yox, bir növ ön şərtdir və Azərbaycan əsla bunu qəbul etməyəcək. Deməli Ermənistanın niyyəti bir an öncə delimitasiya və demarkasiya prosesini başlatmaq deyil, tam əksinə ona mane olmaqdır. Bu isə regionda kövrək sülhə təhdid olmaqla bərabər, vəziyyəti yenidən gərginləşdirə bilər. Görünür ermənilər hələ də haradansa onlara bir havadar tapılacağına ümid edirlər. Ancaq bu real deyil. Vaxtın uzanması isə Ermənistanın əleyhinədir. Elə dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da ATƏT-in baş katibi ilə görüşdə bir daha bəyan etdi ki, Ermənistanın bu məsələdə yanaşması, o cümlədən Ermənistan tərəfindən bu xüsusda nümayiş etdirilən mövqe və delimitasiya prosesinə başlanılmasına dair bir sıra ön şərtlərin irəli sürülməsi qətiyyən məqbul deyil. Bu fikirlərdən bir daha aydın olur ki, Azərabycana təqdim edilənlər təklif deyil, elə ön şərtlərdir və Azərbaycan əsla heç bir şərti qəbul etməyəcək. Ermənistan nəhayət anlamalıdır ki, müharibədən sonra sülh prosesini diqtə edən tərəf həmişə qalib ölkə olur. İndiki vəziyyətdə isə qalib ölkə məhz Azərbaycandır".

QAT sədri Akif Nağı məğlub tərəfin təkliflər irəli sürməsinin heç bir məntiqə sığmadığını qeyd etdi:

"Sərhədlərin delimitasiyası və demarkasiyası ermənilərin əlində vaxtı uzatmaq üçün bir vasitədir, sonda da hər hansı nəticənin əldə olunması inandırıcı deyil. Ermənistan tədbirlər paketi hazırladığını, Rusiya və Azərbaycana təqdim etdiyini deyir, həmçinin "digər partnyorlara" verdiklərini də qeyd edirlər. Bu "partnyorlar"ın kim olduğu, bu işə nə dəxli olduğu məlum deyil. Ermənistanın xarici işlər naziri dünən bildirib ki, təkliflərin detallarını aça bilməz, amma həmin sənəddə gərginliyin azaldılması, sabitlik və sair məsələləri vurğulayır və qeyd edir ki, təkliflərin əsasında qoşunların simmetrik geri çəkilməsi və əlavə təhlükəsizlik mexanizminin yaradılması dayanır. Artıq buradan aydın olur ki, ermənilər özlərinin çeynənmiş fikirlərini yeritməyə çalışırlar. Azərbaycan nə etməlidir? Burada iki məqamı qeyd etmək istəyirəm. Birincisi, Azərbaycan bu cür mənasız tezislərlə danışıqların uzadılmasına imkan verməməli, konkret vaxt limiti müəyyənləşdirməlidir. İkincisi, Ermənistanın hansısa təkliflər paketi ilə çıxış etməsinə imkan verilməməlidir. Məğlub tərəfin təkliflə çıxış etməsi məntiqə sığmır. Azərbaycan qalib tərəf kimi öz iradəsini bütün proseslərə yeritməlidir".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”