AFFA Premyer Liqa və Divizionda hansı klublara maliyyə ayıracaq?

2 Dekabr 2021 10:40 Gündəm 1 345
AFFA Premyer Liqa və Divizionda hansı klublara maliyyə ayıracaq?

AFFA-nın bölgə klublarına dəstək fondu təsis etməsi ictimaiyyətdə böyük maraqla qarşılanıb.

Bununla bağlı müxtəlif vərziyyə və versiyalar səslənməkdədir. Hər ağızdan bir avaz gəlir,

ölkə futboluna cavabdeh qurum isə fondun hansı əsaslar və prinsiplərlə çalışacağını, dəstəyin Premyer Liqa, yoxsa I Divizion təmsilçilərinə sərf olunacağını, ümumiyyətlə, onlara nə qədər vəsait ayrılacağını bəyan etməyib.

Bir sözlə, detallar sonraya saxlanılıb.

Bizə çatan məlumatlar odur ki, AFFA həm yüksək, həm də aşağı liqa klublarına maliyyə verəcək. Premyer Liqada əyalət nümayəndələrinin sayı hazırda 2-dir – «Qarabağ» və «Qəbələ».

«Keşlə»nin də gələn ilin əvvəlindən «Şamaxı» adı altında fəaliyyətini davam etdirəcəyini nəzərə alsaq, onların sayı 3-ə çatacaq.

AFFA «Sumqayıt»ı da bu siyahıya daxil etməyə hazırlaşır. Habelə «Səbail»i. Bayılda məskunlaşmış klub o puldan özünə pay götürə bilmək üçün gərək paytaxtdan kənara çıxsın.

Hazırda yeni ünvan tapılması üzərində çalışmalar davam etdirilir. «Səbail»in İsmayıl, Mingəçevir, Lerik, Qax kimi rayonların birinə köçürülməsi variantı masadadır.

Qarşıdakı gün və ya həftələrdə digər rayonların da namizədlər sırasına qoşulması istisna olunmur.

AFFA I Divizion iştirakçılarının sayını bölgələrin hesabına artırmağı planlaşdırır. «Turan», «Kəpəz» və «Zaqatala» cari mövsümün iştirakçıları sırasında yer alıb.

Növbəti mövsümdən bura daha 4 rayonun daxil edilməsi müzakirə olunur. Lənkəran, İsmayıllı, Qusar və Mingəçevir – hələlik siyahı bunlarla məhdudlaşır.

Ancaq bu haqda qəti fikir bildirmək çox tezdir. Planlar dəyişimə açıqdır və böyük ehtimalla, konkret istiqamətlər gələn ilin mart-aprel aylarında müəyyənləşdiriləcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti