Qurbanın damağında qalan şirə

21 Oktyabr 2021 17:40 Gündəm 960
Qurbanın damağında qalan şirə

Pasportunda ad-soyadı Kurban Berdıev yazılda da, dilimizə çevirəndə Qurban Berdiyev olur.

SSRİ futbol məktəbinin yetirməsi sayılan 69 yaşlı mütəxəssis “Qarabağ”la oyunöncəsi mətbuat konfransında matçla bağlı fikirlərini bildirəndə, bir balaca yuxarıdan danışıb.

Deyib ki, sabahkı (bugünkü) görüşdə heç-heçə barədə düşünmürük, Bakıya qələbə dalınca gəlmişik.

Komandasını oyuna kökləmək üçün yaxşı ifadədir, yüksək motivasiya sayıla bilər, rəqibi çəkinməyə hesablanmış mesajdır və s. və i.

Berdiyevi lap yaxından tanımasam da, söz aldığı iki mətbuat konfransının iştirakçısı olmuşam. Gur danışmağı sevən, döyüşdən öncə rəqibə xox gəlmək taktikasını seçən adamdır. 9 il əvvəl həm Bakıda, həm də Kazanda dilinə gətirdikləri tam olmasa da, təxmini yadımdadır.

2012-ci ildə “Rubin”in baş məşqçisi olanda, Avroliqanın qrupundakı rəqiblərindən biri “Neftçi” olmuşdu. Yekunda hər iki matçda məhz Rusiya komandası qalib gəlmişdi. Məhz Berdiyevin rəhbərliyi altında.

Hə, indi Qurban dayı illər əvvəl Azərbaycan təmsilçisi üzərində qazandığı qələbələrdən ilhamlanıb, Bakını 3 xalla tərk etdiyi günü gözlərinin önünə gətirib qələbədən danışır.

Amma anlamır ki, qarşısındakı rəqib avrokubokların qrupuna ilk dəfə vəsiqə qazanan “Neftçi” deyil.

İndi onun rəqibi “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Sevilya”, “Atletiko”, “Monako”, “İnter”, “Roma”, “Fiorentina” kimi rəqibləri Bakıya gəlməyə məcbur edən, “Tvente”, “Yanq Boyz”, “Kopenhagen”, “Legiya”, “Aberdin” kimi rəqibləri pley-offdan rədd edən “Qarabağ”, bu komandanın sükanı arxasında isə Bakıya 3 xal arzusu ilə gələn neçə-neçə həmkarını vətəninə əliboş yola salan Qurban Qurbanovdur.

Görünür, Berdiyevin ağzında 9 il əvvəlin şirəsi qalıb. O şirəni də bu axşam “Qarabağ” təmizləməyə çalışacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti