Yeni nazir idmanımızı dirçəldə biləcəkmi? -Ekspertlərin gözləntiləri

9 Sentyabr 2021 12:40 Gündəm 1 110
Yeni nazir idmanımızı dirçəldə biləcəkmi? -Ekspertlərin gözləntiləri

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Fərid Fazil oğlu Qayıbov yeni gənclər və idman naziri təyin edildi.

Bununla da boş qalmış nazir postlarından biri tutuldu.

Prezident yeni naziri videoformatda qəbul edərkən tapşırıqlarını verib. Eyni zamanda idman sahəsindəki nöqsanların ciddi şəkildə araşdırılması barədə göstəriş verib.

Ölkə başçısının yeni kadr təyinatını, tövsiyə və tapşırıqları idman ictimaiyyəti, idman uzmanları tərəfindən müsbət dəyərləndirilir.

Yeni nazirin idman sahəsində bu günə qədər olan fəaliyyəti barədə qısa məlumat verək:

F.Qayıbov Avropa Gimnastika İttifaqı və FIG Konqreslərinin iştirakçısı, Olimpiya Oyunlarının (Pekin-2008, London-2012 və Rio-2016) nümayəndə heyətinin üzvü, müxtəlif gimnastika növləri üzrə Avropa və Dünya Çempionatlarının nümayəndə heyətlərinin başçısı, 2014-cü ildən 2017-ci ilə qədər gimnastika növləri üzrə Avropa Çempionatlarında Apelyasiya Hakimlər Briqadasının Prezidenti olub.

2017-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

2017-ci ilədək Avropa Gimnastika İttifaqının Prezidenti, 2017-ci ildən bəri isə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifələrində çalışıb.

İdmanımızı, o sırada futbolumuzu qabağa aparmaq üçün təkcə kadr dəyişikliyi kifayətdirmi?

Bu sualla idman mütəxəssislərinə müraciət etdik.

Finala

Natiq Muxtarlı: “...Onu böyük çətinliklər gözləyir”

Sportinfo.az-ın tanınmış idman yazarı Natiq Muxtarlı yeni nazirin işinin elə də asan olmayacağını düşünür: “Prezident yeni gənclər və idman nazirini videoformatda qəbul edərkən tövsiyə və tapşırıqlarını verdi. Bu tövsiyə və tapşırıqlardan bəlli oldu ki, cənab Prezident bütövlükdə Azərbaycan idmanının problemlərindən xəbərdardır. Əsas problemi də xüsusi vurğuladı, uşaq idmanında durum, yaradılan infrastrukturdan təyinatı üzrə istifadə olunmaması.

Bu problemləri idman mətbuatı zaman-zaman qabardıb. Həmişə yazmışıq ki, Azərbaycan üçün ənənəvi olan idman növlərində legionerləşdirmə siyasəti aparmaq gələcəyimizə, sabahımıza vurulan zərbədir, Azərbaycanın bölgələrində uşaqları idmana cəlb etmək lazımdır. Cəlb etmək lazımdır ki, uşaqlar həm də sağlam böyüsünlər, pis vərdişlərdən uzaq olsunlar, təsir dairəsinə düşməsinlər.

Bütün bu problemləri cənab Prezident də vurğuladı. Bəli, problem varsa və həll olunmursa, deməli, kadrlar yararsızdır. Biz də həmişə bunu iddia etmişik. Elə götürək, futbol təsərrüfatını. Neçə illərdir yazırıq ki, uşaq futboluna yatırım etmək lazımdır, xaricdən məşqçi gətirmək yox. Çünki əlimizdə məhsul yoxdursa, xaricdən gətirilən məşqçi heç nə edə bilməyəcək. O adam ölkəmizə heç bir töhfə verməyəcək, amma əvəzində Azərbaycandan valyuta aparacaq. Necə ki, bunu Foqts, Prosineçki etdi, indi də Canni De Byazi edir. Və üstəlik, Byazi özü də Portuqaliya ilə oyundan sonra dedi ki, evin damını tikməzdən əvvəl bünövrəsini tökmək lazımdır. Yəni əsas yığma evin damıdırsa, bünövrə də uşaq futboludur. Bu isə bizdə yoxdur. AFFA rəhbərliyi isə bu bünövrəni qurmaq əvəzinə israrla xaricdən məşqçi dəvət edir, vecsiz legionerləri milliləşdirir. Onlara verilən vəsait uşaq futboluna yatırılsaydı, indi Azərbaycanın xeyli istedadlı futbolçuları olardı, onlar Avropanın ayrı-ayrı çempionatlarında çıxış edərdilər və beləcə, milli komandanın da səviyyəsi yüksələrdi.

Elə digər idman növlərində də eyni səhvlərə yol verilib. Kənd və qəsəbələrimizdə güləş, cüdo məktəbləri açmaq əvəzinə Dağıstandan, İrandan 3-4-cü dərəcəli idmançıları gətirib milliləşdirmişik. Uşaq idmanı yatırımsız qalıb. Bu gün bu səhvin bədəlini ödəyirik.

Hesab edirəm ki, yeni nazir Prezidentin tövsiyə və tapşırıqlarına uyğun olaraq ciddi addımlar atmalıdır. İndi səhvi aradan qaldırmasaq, idmanımız daha ağır duruma düşəcək. Futbolda itirdiyimiz hər bir il bizi 10 il geri salır. Dünya futbolu sürətlə inkişaf edir. Artıq bütün ölkələr futbolda müəyyən inkişaf yolu keçiblər, təkcə Azərbaycandan başqa. Yubanmadan islahatlara başlamaq vacibdir. İslahatlar isə kadrlardan başlamalıdır. Hazırkı kadrların onlara tapşırılan işin öhdəsindən gəlmədiyi bəllidir. Onların cavabdeh olduqları idman sahəsinin inkişafı ilə bağlı heç vaxt strategiyaları olmayıb. Deməli, dəyişiklik vacibdir. Yeni nazir federasiyalardakı indiki kadrlarla yola davam etmək istəsə, onu böyük çətinliklər gözləyir.

Kadr dəyişikliyi ilə yanaşı uşaq idmanında infrastrukturun qurulması, xüsusən də qəsəbə və kəndlərdə - vacibdir. Bu proses paralel aparılmalıdır. Hər bölgənin idman ənənələri araşdırılmalıdır. Yəni infrastruktur necə gəldi qurulmamalıdır. Əgər bir rayonda güləş ənənəsi varsa, orda güləş, digərində futbol, bir başqasında ağırlıqqaldırma məktəbləri yaradılmalıdır. Bu prosesə Təhsil Nazirliyi də cəlb edilməlidir. İlkin mərhələdə məktəblərin nəzdində olan idman zalları, meydançalardan yararlanmaq olar. Nazirlik, federasiyalar məktəbləri inventar və məşqçilərlə təmin etsə, qəsəbə və kəndlərdə idmana kütləvi axın olacaq. Gələcəyin olimpiya, dünya və Avropa çempionları kəndlərdədir. Onları tapmaq lazımdır".

Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir"

Kənan Məstəliyev: “Fərid bəy hər şeyi çox yaxşı görür”

İdman mütəxəssisi Kənan Məstəliyev F.Qayıbovun böyük işlər görəcəyinə ümidlidir: “Məncə, yaxşı təyinatdır. Fərid Qayıbov həm gəncdir, həm də yetərincə təcrübəlidir. Uzun illərdir idmandadır, idarəetmənin nə demək olduğunu bilir, ən kiçik postdan Avropa Gimnastika Federasiyasının Prezidenti vəzifəsinə qədər yüksələ bilib. Azərbaycan Gimnastika Federasiyasında iş zamanı digər idman növlərini də görmək, yarışlarını, gedən prosesləri izləmək imkanı olub. Yəni işin hansı durumda olduğunu çox yaxşı bilir. Əminəm ki, islahatlar edərək idmanı hazırkı çətin vəziyyətdən çıxara biləcək. Fərid Qayıbovun öz baxış bucağı var və bunu nazirlikdəki təqdimatı zamanı və sonrakı açıqlamasında dilə də gətirib. Regionların inkişafı, idmanımızdakı həddindən artıq legionerlə yüklənməsi, infrastrukturun lazımi qaydada istifadə olunması və başqa məsələlər barədə iş görmək hazırdır, buna yetəri qədər enerjisi və həvəsi də var. Yaxınlarda təyin olunacaq müavinləri ilə birlikdə çox yaxşı işlər görəcəklər. Ən azından mən buna ümid edirəm. O ki qaldı futbola, Qayıbov əsl futbol azarkeşidir, dəfələrlə onu stadionlarda, tribunalarda, özü də sıravi azarkeşlərin arasında görmüşük. Fərid bəy hər şeyi çox yaxşı görür. Dünən də Portuqaliya ilə matçda stadionda idi. Yəni gördükləri ona bəsdir, artığına ehtiyac yoxdur. O da bilir ki, Azərbaycan futbolu bundan da pis günə düşə bilməz, çünki hər şey çox bərbaddır. Əminəm ki, yeni nazirimiz dövlət başçımıza, ölkə rəhbərliyinə bu barədə müvafiq məlumatları verəcək. Belə olan halda isə dəyişikliklər qaçılmaz olacaq. Hamı bilir ki, həm futbolda, həm də ölkə idmanında ciddi kadr islahatına ehtiyac var. Bu baş verməlidir ki, işlər ”ölü nöqtə"dən tərpənsin".

İdman jurnalistikasında problemlər var

Aydın Bağırov: “Bu təyinat idmanımıza yeni bir nəfəs gətirə bilər”

Qol.az saytının baş redaktoru Aydın Bağırov yeni nazirin ilk olaraq görməli işə diqqət çəkdi: “Təyinatın nəticəsini zaman göstərəcək. Fərid Qayıbov uzun illər Avropa Gimnastika Federasiyasında fəaliyyət göstərib. Hər halda, onun bu vəzifəyə gətirilməsi düşünülmüş bir addımdır. Düşünürəm ki, idmanımıza bu təyinat yeni bir nəfəs gətirə bilər. Prezident də görüşdə haqlı olaraq idman sahəsindəki nöqsanları qabartdı və bunun araşdırılması ilə bağlı tapşırıqlarını verdi. Düşünürəm ki, gənclər və idman nazirinin ilk fəaliyyəti gənclikdən daha çox idman sahəsindəki nöqsanların aradan qaldırılmasına yönəldilməlidir. Həqiqətən bu sahədə çox ciddi problemlər var. İlk növbədə, boks, güləş, cüdo və futbol federasiyalarının fəaliyyəti ilə bağlı bu sahələrə rəhbərlik edənlərlə çox ciddi söhbət aparılmalı, islahatların vacibliyi onların diqqətinə çatdırılmalıdır. Birinci olaraq, bütün idman federasiyalarında legioner siyasətindən imtina olunmalıdır. Onlara xərclənən pullar daxili kadrlarımızın, yerli gənc istedadlarımızın yetişdirilməsinə, bölgələrdə, kəndlərdə onların axtarılıb tapılmasına yönəldilməlidir. Prezidentin də dediyi kimi, bölgələrdəki olimpiya komitələrinin fəaliyyəti düzgün istiqamətdə qurulmalıdır. Komitələr ancaq idmanla məşğul olan və olmaq istəyənlərin üzünə açılmalıdır ki, yaxın illərdə gənc, istedadlı uşaqlarımızı görə bilək. Onlar gələcəkdə olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında bizi layiqincə təmsil edə bilsinlər, bayrağımızı qaldırsınlar, bir idmançı kimi özlərini Azərbaycana qazandırsınlar” (musavat.com).

Cavanşir ABBASLI,

Digər Xəbərlər
Xəbər Lenti