"Ozobiçin milliyə gəlişi ilə çıxıb oyunları udası deyilik"

15 İyul 2021 21:00 Gündəm 1 272
"Ozobiçin milliyə gəlişi ilə çıxıb oyunları udası deyilik"

"Mənim fikrimcə, milli komandada azərbaycanlı uşaqlar oynamalıdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Flip Ozobiçin milliləşdiriliməsinə münasibət bildirən "Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

Təcrübəli futbolçu bir nəfərlə nəyinsə dəyişilməyəcəyini və düzəlmək üçün istiqamətin başqa yönə dəyişilməli olduğunu bildirib:

"Filip Ozobiç yaxşı insandı, amma azərbaycanlı deyil. Uzun illərdi ölkəmizdə yaşayır, ancaq milli komandada milli uşaqlar oynasa daha yaxşı olar.

Bir nəfərlə çox şey dəyişməyəcək. Uşaq futboluna daha çox önəm verilsin. Onsuz da uduzuruq.

Cavanlara daha çox şans verməklə 3-4 ildən sonra təcrübə yığıb, tam başqa cür olacaqlar. 1-2 nəfəri milliləşdirməklə ciddi dəyişiklik olmayacaq. Ozobiçin gəlişi ilə çıxıb oyunları udası deyilik. Futbol 1 nəfərin oyunu deyil".

Məmmədov "Qəbələ"də komanda yoldaşı olan xorvatiyalı futbolçu haqda müsbət fikirlər səsləndirib: "Ozobiç futbolçu kimi çox keyfiyyətlidir.

Gördüyüm ən yaxşı legionerlərdən biridir. Hər an komandada nəticəni dəyişə bilər.

Bütün komandanın oyunu getmədiyi məqamda bir zərbə, bir ötürmə ilə fərq yarada bilər. Futboluna, insanlığına sözüm yoxdur. Çox yaxşı oğlan və futbolçudur.

Amma milli komanda ilə bağlı eyni sözü deyə bilmərəm. Milli komandadan fərqli olaraq "Qarabağ"da və "Qəbələ"də hər zaman onun ətrafında yaxşı legionerlər olub. Azərbaycan millisində isə bu belə deyil".

Digər Xəbərlər
Xəbər Lenti