Tahir Süleymanov: "Bu, "Neftçi" üçün əlavə üstünlük, motivasiyadır"

12 İyul 2021 16:00 Gündəm 1 205
Tahir Süleymanov: "Bu, "Neftçi" üçün əlavə üstünlük, motivasiyadır"

Azərbaycan klublarının avrokuboklarda evdə keçirəcəkləri oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı buraxılacaq.

Bununla bağlı AFFA tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb.

COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar AFFA tərəfindən klublara göndəriləcək.

Klublarımızdan "Neftçi" Çempionlar Liqasında oynadığı halda, "Qarabağ", "Sumqayıt" və "Keşlə" Konfrans Liqasında mübarizə aparacaq.

Fanatlara dəstək olaraq mütəxəssislər arasında ilk dəfə bu məsələni Tahir Süleymanov gündəmə gətirib.

"Neftçi"nin sabiq vitse-prezidenti hələ "Dinamo" ilə səfər qarşılaşmasından öncə bizim saytda mövzunu qabardıb və fikirlərini əsaslandırıb. Bu, "Neftçi", ümumən bütün klubların azarkeşləri tərəfindən qərarı çöşquyla qarşılandı.

Süleymanov Operativ Qərargahın son qərarı barədə Sportinfo.az-a bunları söyləyib:

"Bu qərarı çox müsbət qarşıladım. Azarkeşlərin səsinə səs vermək mütləq idi. Bir çoxları məsələnin üstündən sükutla keçdilər.

Amma tək biz dəstək vermədik - siz tribuna verdiz, jurnalistlər ordusu məsələyə çox həssas yanaşdı.

Həqiqətən də Avropa çempionatı oyunlarında 20-25 min azarkeşin Bakıda oyunları seyr etməsi fonunda, avrokuboklarda tribunaların boş saxlanılması birmənalı qarşılanmazdı və kənar söhbətlərə yol açardı.

"Neftçi" fanatları digər azarkeşlərlə birgə, bu məqamda çox fəal idilər və müvafiq qurumlar durumu, ictimai rəyi doğru təhlil edib, müsbət qərar verdilər - alqışalayiqdir.

Uzun müddətdir artıq klub azarkeşləri məlum, obyektiv səbəblərə görə stadionlara buraxılmırdılar. İnanıram ki, ilk oyundan etibarən, "Neftçi" fanatlarının timsalında tribunalara qayıdış möhtəşəm olacaq.

Buna psixoloji olaraq əla zəmin də yaradılıb. İlk matçda "Neftçi" "Dinamo" üzərində qələbə qazanıb və azarkeşlər yüksək əhval-ruhiyyədə tribunalara can atırlar.

Tək istək bütün fanatların, stadiona gələcək insanların pandemiya qaydalarına əməl etməsi, təhlükəsizlik məsələlərini gözləmələridir.

Futbolu möhtəşəm edən azarkeşlərdir. Futbol onlar üçün oynanılır. Fanatlar tribunalar üçün darıxıblar və bu, "Neftçi" üçün əlavə üstünlük, mativasiyadır. İnanılmaz dəstəklə əzəli rəqib Bakıdan da əliboş yola salınmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti