Düşmən də bilir: “Zəngəzur dəhlizi açılacaq”, - dedisə, deməli, açılacaq!

12 May 2021 13:30 Gündəm 521
Düşmən də bilir: “Zəngəzur dəhlizi açılacaq”, - dedisə, deməli, açılacaq!

Prezident İlham Əliyevin mayın 10-da Naxçıvanda səsləndirdiyi xəbərdarlıqları oxuyanda ilk düşündüyüm bu oldu: görünür, Ali Baş Komandanın Şərqi Zəngəzurdan az öncə ünvanladığı sərt mesajlar ünvanına çatmadığı üçün bu dəfə Naxçıvandan, cəmi 50 km-likdən İrəvana çatdırılması vacib sayılıb.

Kifayət qədər açıq və kəskin oldu budəfəki xəbərdarlıq. Sitat: “Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar”.

“Dərhal məhv olunacaqlar”, bəyanatının verilməsi sadə məsələ deyil. Həm də həmsədr ölkələrdən, Kanadasayağı ermənipərəstərdən “status-mutatus” söhbətlərinə cavab verildi. Dövlət başçısı xatırlatdı ki, əgər 10 noyabr Bəyanatından imtina olunsa, düşmən üçün çox pis ola bilər, elə xilaskarları üçün də... Yəni 44 günlük sarsıdıcı zərbələrdən sonra Azərbaycanın savaşı dayandırması üçün ona-buna minnətçi düşənlər anlamalıdırlar ki, daha bundan sonra onların özbaşınalıqları, sarsaqlamaları cavabsız qalmayacaq, ən kəskin cavabı alacaqlar və “heç kim” onları xilas edə bilməyəcək!

Dövlətimizin başçısı bu xəbərdarlıqları mayın 8-də, Şuşanın işğal günü ilə bağlı matəm mərasimləri keçirərkən tüstülənə-tüstülənə revanşist bəyanatlar səsləndirən iqtidarlı-müxalifətli qüvvələrə etdi. Açıq dedi ki, revanşist fikirlər həmin qüvvələr üçün “özünəqəsddir”.

Dövlət başçısının dediklərinə diqqət edək: “Biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.

Şuşadakı parad da xəbərdarlıq idi. Ali Baş Komandan Naxçıvandan faktiki olaraq “səbrimizi daşırmasınlar” mesajını verib. Əslində, bu, ermənilərin özlərini yığışdırması, ağıllarını başlarına toplaması üçün bir fürsət ola bilər. Əks təqdirdə...onlar üçün “özünəqəsd”dir. Son günlər ən çox hoppanıb-düşən Qarabağ canisi Robert Köçəryandır. Əli minlərlə azərbaycanlının qanına batan bu alçaq cani daşnaklarla əl-ələ verib yenidən suları bulandırmaq istəyir. Anlayır ki, boğazadək qana batıb, bir gün qan gölündə boğulacaq, Nikol Paşinyanın qurduğu məhkəmədən Rusiyadakı himayədarlarının köməyi ilə xilas olsa da.

Ancaq hakimiyyətə can atan Köçəryan da, onun himayədarları da unutmasınlar Azərbaycan Prezidentinin Ağdam məscidi qarşısında səsləndirdiyi fikirləri.

O zaman dövlət başçısı “biz Köçəryan, Sərkisyan ordusunu məhv etmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Köçəryan, Sərkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız... Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik”.

Bu, həm də ona yönəlik fikirlər idi ki, Köçəryan-Sərkisyan cütlüyünə nəinki bir daha hakimiyyət vermək olmaz, əksinə, Azərbaycan vətəndaşı olmuş bu, Xocalı qatilləri hərbi tribunal qarşısında dayanmalıdırlar! Köçəryan özünü xiilas üçün hakimiyyətə yenidən can atır, həm də Şuşa, Hadrut nağıllarının “sədaları” altında. Amma erməni xalqı özünün birdəfəlik məhvini istəyirsə, bu cəlladların ardınca getsin. 2008-ci ilin 1 martında elə erməniləri qırıb-çatan daşnakların ardınca...

Qalib ölkənin sərkərdəsi düşmənin və havadarlarının diqqətinə onu da çatdırdı ki, “Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaq”.

Adi söz deyil, bunu düşmən də bilir. Şuşada qaldırılacaq bayrağımızın Azadlıq meydanındakı parada gətiriləcəyini deyib də, bunu isbat edəndən sonra düşmən də anlayır ki, İlham Əliyev sözü elə-belə demir! Zəngəzur dəhlizi açıqlacaq, dedisə, deməli, açılacaq!

Dövlət başçımız xatırlatdı ki, bu məsələ 10 noyabr tarixli birgə Bəyanatında təsbit edilib:

“Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək”.

Ölkə başçısı Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoyduğunu, Ordubaddan Ermənistan sərhədinə qədər çatışmayan 15-16 kilometrlik hissənin inşa ediləcəyini də söylədi. Qalır Azərbaycanın tarixi torpaqlarından, Qərbi Zəngəzurdan keçən hissənin bərpası, hansı ki, Köçəryan-Sərkisyan hakimiyyəti dövründə dağıdılıb, məhv edilib.

20 iyun seçkilərini kimin qazanmasından asılı olmayaraq, Ermənistanda Zəngəzur dəhlizinin açılmasına mane ola biləcək qüvvə yoxdur.

Çünki Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəmir yolunun Zəngəzurdan keçən hissəsi sovet dövründə Azərbaycan Dəmir Yollarının balansında olub, deməli, məhv edilən həm də Azərbaycanın mülkiyyətidir. Bu mənada dövlətimizə dəymiş zərərin də tələb ediləcəyi şübhəsizdir. Ancaq indiki halda Azərbaycan Zəngəzur dəhlizinin bərpası barədə müzakirələri bütünlükdə Ermənistanın dəmir yollarına sahiblənmiş Rusiya ilə aparır, dövlət başçısı da belə söylədi.

Və tarixi anons: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.

Beləliklə, dövlətimiz qətiyyətlidir, geri dönüş mümkünsüzdür, Naxçıvanla birbaşa quru yolu əlaqəmizin 30 ildən sonra (!) yaranması ilə növbəti tarixi ədalət bərpa olunacaq. Necə ola bilər ki, bir ölkənin yarım milyonadək əhalisi öz paytaxtına başqa ölkənin ərazisindən keçməklə, yaxud hava nəqliyyatı ilə yetişmək imkanı əldə etsin?! Özü də məhz Ermənistanın terrorçu-işğalçı siyasəti nəticəsində! Bir gün buna son qoyulmalı idi və qoyulacaq da!

Ali Baş Komandan Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edərkən həm də naxçıvanlı igid oğulların qəhrəmanlığına dəyər vermiş oldu. Bu, həm də Prezidentin şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına diqqət və qayğının nümunəsiydi. Vətən uğrunda mücadilə verən hər kəsə böyük ehtiram göstərilməsi zərurətini nümayiş etdirdi Baş Komandan. Həm də bu ziyarət onun işarəsiydi ki, Qarabağ uğrunda canından keçən igidlərin doğmaları bu şərəf mücadiləsinin bəhrəsini görəcəklər – çox keçməyəcək Mincivan qatarının sərnişini olacaqlar. Zəngəzur dəhlizinin bərpası əsrin üçdə birini erməni blokadasında yaşayan Muxtar Respublikanın rifahı, inkişafı baxımından çox böyük hadisə olacaq. Heç şübhə etmirəm ki, günün birində cənab İlham Əliyevin xalqa növbəti müraciəti “mən çox xoşbəxtəm ki, atamın Naxçıvanla bağlı vəsiyyətini yerinə yetirdim”, sözləri ilə başlayacaq. Heydər Əliyevin 90-cı illərdə Naxçıvanın xilası, ayaqda qalması, sonrakı dönəmlərdə isə hətta blokadadan xilas olması üçün nə qədər çalışdığı məlumdur...Ermənilər fəlakətli durumda olan Ermənistandan qaçırlar. Qısa müddətdə 76 min nəfər ölkəni tərk edib. Seçkiöncəsi vəziyyət gərginləşir, küçələrdə növbəti mübarizə qaçılmaza çevrilir. İrəvanın 50 km-liyindəki Naxçıvanda isə həyatın daha da ASAN-laşması prosesinə start verilir, Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının təməlini qoydu qalib sərkərdə! Naxçıvan artıq 90-cı illərdəki deyil, 2000-lərin Naxçıvanı da keçmişdə qalıb. Düşmən Muxtar Respublikadakı Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromundan qalxan döyüş təyyarələrini unutmasın. Nə qədər gec deyilsə, reallığı anlasınlar, yoxsa Dəmir yumruq başa salacaq. Bu dəfə hər iki tərəfdən...

Elşad PAŞASOY

Digər Xəbərlər
Xəbər Lenti