Xankəndidə küllənən ermənilər, Şuşada səslənən Mehtər marşı - 1 il öncə və indiki Qarabağ

12 May 2021 09:00 Gündəm 969
Xankəndidə küllənən ermənilər, Şuşada səslənən Mehtər marşı - 1 il öncə və indiki Qarabağ

İkinci dünya müharibəsində qələbənin 76-cı ildönümü ilə bağlı mayın 9-da dünyanın bir çox ölkələrində tədbirlər, yürüşlər, toplantılar oldu.

Azərbaycan cəmiyyəti üçün indiki qədər maraqsız olmamışdı Faşizm üzərində Qələbə Günü...

Səbəbsiz deyil. Qalib, erməni faşizmini yenən xalqımızın öz milli - 8 noyabr Zəfər Günü var artıq. Dövlətimiz öz ərazi bütövlüyünü təmin edib, Qarabağı işğaldan azad edib, qalib xalq kimi tarixə düşüb. Vətən Müharibəsi, Qələbə günü dedikdə, beynimizdə, göz önümüzdə Qarabağ, Şuşa Zəfəri canlanır.

Əlbəttə, 2-ci dünya müharibəsində döyüşən, savaşan babalarımızı da daim xatırlayacağıq, xatirələrini əziz tutacağıq, ümumbəşəri məsələ – faşizm üzərində qələbə günü kimi 9 Mayı da müxtəlif formalarda qeyd edəcəyik, anım tədbirləri keçirəcəyik, ziyarətlər edəcəyik.
Ancaq bizim Böyük Qələbəmiz 8 noyabrdadır, həmin günü təntənəli şəkildə qeyd edəcəyik...
Müşahidələr, sosial şəbəkələrdə insanların paylaşımları göstərir ki, cəmiyyətimizin diqqəti bu il 9 mayda daha çox Xankəndiyə yönəlmişdi. Çünki ermənilər neçə vaxtdır belə təbliğat aparırdılar ki, mayın 9-da bu şəhərdə böyük parad, yürüş olacaq.
Azərbaycan ictimaiyyəti, rəsmi şəxslər, media sülhməramlıların Xankəndidə parad keçirəcəyinə dair informasiyalara ilk gündən kifayət qədər sərt reaksiya verdi. Nəticəsinin olduğunu deyə bilərik: Xankəndidə parad olmadı!

Sadəcə, Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bazasında 450-dən çox sülhməramlı II dünya müharibəsində qələbənin 76-cı ildönümünə həsr olunmuş təntənəli toplantıda iştirak edib.
Rusiya Müdafiə Nazirliyinin saytının yaydığı məlumatda bildirilir ki, təntənəli tədbir zamanı 1945-ci il mayın 1-də Reyxstaq binasının damına sancılmış Zəfər bayrağının orijinalının meydana gətirilməsi ilə başlayıb. Daha sonra Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin şəxsi heyətinə video təbriki çatdırılıb.
Təntənəli toplantı zamanı Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov hərbçilərə təbrik nitqi ilə müraciət edib.

O deyib: "Qələbə günü ümumi zəfər, milli qürur və azadlıq verən əsgərlərin əbədi xatirəsi günüdür. Həyatımızı Vətənə xidmətə həsr etmiş bizim üçün Böyük Vətən müharibəsi əsgərlərinin və komandirlərinin sönməz qəhrəmanlığı cəsarət və Vətənə fədakar sədaqət nümunəsidir."
Sonra bütün iştirak edənlər müharibədə həlak olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mitinq zamanı 20 hərbçi rəsmi vəzifələrini nümunəvi yerinə yetirdiyinə görə Rusiya Federasiyası Müdafiə Nazirliyinin medalları və fəxri fərmanlarla təltif edilib.

suhmeramli.jpg (130 KB)
Təntənəli tədbir başa çatdıqdan sonra Aerokosmik qüvvələrin mahnı və rəqs ansamblının sənətçiləri sülhməramlılar üçün bayram konserti ilə çıxış ediblər. Bayram konsertinin proqramı rəqslərdən, mahnılardan və müharibə illərinin şeirlərindən ibarət olub.
Rəsmlərdən və rəsmi xəbərdən də görünür ki, rus hərbçilər sadəcə bir toplantı keçiriblər, Qələbə gününü qeyd ediblər.

***

Düzdür, heç bu toplantı da olmamalı idi, olmasa daha yaxşı olardı, sülhməramlı anlayışına kölgə salan daha bir fakt kimi fiksə olunmazdı.
Ancaq nəzərə alaq ki, bu, rəsmən Rusiya ordusudur və onların dislokasiya yerində bir anım tədbiri keçirməsi siyasi baxımdan xoşagələn olmasa da, bunu faciə, cinayət kimi də qiymətləndirməyin tərəfdarı deyiləm. Rusiyanın hərbi birləşmələri – sülhməramlı kontingent təkcə Qarabağda deyil, mövcud olduqları digər yerlərdə də Qələbə günü ilə bağlı törən düzənləyiblər. Məsələn, 9 mayda Moldovadakı rus sülhməramlı kontingent də təntənəli tədbir keçirib...

***

Xankəndidəki təntənəli tədbirdə əslində, diqqəti cəlb edən başqa məsələdir və bu ciddi nəticələr çıxarmağa yetərlidir: Törənə tamaşa etməyə gələn Qarabağ erməniləri daha sonra şəhərin küçələrindən birində yürüş ediblər, 44 günlük müharibədə ölən əsgərlərin qəbrini ziyarət ediblər. Yürüşdən yayılan fotolara diqqətlə baxın: Hamısı məzlum görkəmdə, bədbəxt, çarəsiz durumda... Bir keşiş öndə gedir, bir sürü banderoloq isə gözünü döyə-döyə, key baxışlarla onun ardınca addımlayırlar. Əllərində də bir əski parçası...
Düşünürəm ki, biz məhz bu fakta, Xankəndinin və oradakı ermənilərin indiki halına, durumuna baxmalıyıq və ən əsası, 1 il öncə ilə bugünü müqayisə etməliyik.

Birinci müqayisə:

-Çox da uzağa getməyək, cəmi 1 il öncə Xankəndidə 9 mayda ermənilər silahlı, top-tüfəngli, tanklı-BMP-li bir parad keçirmişdilər. Bəs indi necə idilər? Yoxdur daha top-tüfəng, tank, BMP! Azərbaycan tələb edib, 10 noyabr bəyanatına uyğun olaraq Ermənistan ordusunu çəkib, yerli erməni “ordusu” da artıq yoxdur! Eləcə, başını itirmiş, hərbi forma geyindirilmiş əliyalın ermənilər var. Hansısa utopik xəyallarla yaşayan siyasi çevrələrin aldatdığı məzlumlar, bədbəxtlər, ayağı ayağına dolaşan məğlublar. Karikatura təsiri bağışlayır onların görüntüsü...

banderoloq esas.!.jpg (99 KB)
Sosial şəbəkələrdə bu “yürüşü” Azərbaycana həqarət kimi təqdim edən soydaşlarımız var. Əlbəttə, onları başa düşmək olar. Narahat olmaq olar, narazı qalmaq da olar. Ancaq bəziləri bunu “Bəs deyirdiz Qarabağ Azərbaycandır, odey, ermənilər Xankəndidə yürüş edir” kimi təqdim edir.

Yoldaşlar, Xankəndi Qarabağın cəmi bir böyük kəndi qədərdir, ermənilər yaşayan, yaşamaq hüququ olan kəndi, fərqindəsinizmi bunun? Qarabağ azaddır, sadəcə Xankəndidə və digər bəzi ərazilərdə yaşayan ermənilər özləri azad deyil! Onları da vətəndaşımız olaraq azad etməyə çalışırıq.

Sabah, nə zamansa ermənilər dinc yaşamağı qəbul edəndə, Azərbaycan Xankəndidə bir tədbir keçirəndə də əlbəttə ki, orada iştirak edən kütlənin tərkində ermənilər də olacaq...

Amma beyni zəhərlənmiş, vətəndaşımız olan ermənini anlatmaq elə bilirsiniz asandır? Bu səbəbdən hələlik Xankəndidə Azərbaycanın idarəetməsi bərqərar olmayıb. Bunun üçün bir neçə il vaxt lazımdır. Erməni vətəndaşların xam xəyallardan, separatçılıq düşüncələrindən qurtulub, Azərbaycan qanunları altında yaşamaqdan başqa çarəsi olmadığını onlara zor-xoş anladacağıq. Ya bunu qəbullanıb Qarabağda yaşamağı seçəcəklər, ya da yavaş-yavaş özlərinə yeni yaşayış yeri tapacaqlar Ermənistanda, Rusiyada, Fransada və s...

İndiki anda “ümumiyyətlə, Xankəndidə erməni niyə olmalıdır” demək də demoqogiyadır. Çünki zəlzələdən, vəlvələdən Azərbaycan müstəqilliyini bərpa edənə - 1991-ci ilə qədər Xankəndidə əhalinin əksəri ermənilər idi. Vətəndaşımız olan ermənilər. Etiraf edək, müstəqilliyimizin bərpasına qədərki son 50-60 ildə Xankəndi ermənilərin şəhəri kimi tanınırdı. Qarışdırmayın, Ermənistanın yox, Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin sıx məskunlaşdığı şəhər. Günahı kimindir, niyə belə olub, bu digər mövzunun söhbətidir və uzun məsələdir. Günümüzün reallığı isə odur ki, Xankəndidə ermənilərin yaşamaq hüququ var. Necə yaşamalıdırlar, təbii ki, dinc, Azərbaycan qanunları altında. Bəs indi niyə belə yaşamırlar? Çünki 30 illik düşmənçiliyi, 200 illik işğalçı təfəkkürü bir anda aradan qaldırmaq, reallıqları onlara təcili qandırmaq mümkün deyil.
Lazım gəlsə, hansısa revanişist baş qaldırsa onun başını antiterror əməliyyatları ilə əzəcəyik. Ancaq eyni zamanda dinc yaşamaq istəyənlər üçün də fərqli metodlar tətbiq etməliyik, bunlar zamana bağlı məsələdir.

Ermənilər Xankəndidə indi sadəcə sonmüş ocağın külü ilə oynamaqla məşğuldur.

İkinci müqayisə:

- Ötən illərdə mayda Şuşada ermənilər yallı gedirdi. Bu il Azərbaycan ordusu Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümünü qeyd edib!

shusha nizami ordu.jpg (110 KB)

shus1-681x377.jpg (83 KB)
Mehtər marşı sədaları altında əsgərlərimiz yürüş də edib!

Mehtər marşını Xankəndidə ermənilər də dinləyib!

Gələn illərdə onlar Azərbaycan Ordusunun təntənəli yürüşlərinə daha yaxından baxacaqlar, buna məcburdurlar.

Üçüncü müqayisə:

- Ötən il bu vaxt bütün Qarabağ erməni işğalı altında inləyirdi. İndi Qarabağ azaddır. Reallıq bundan ibarətdir. Biz indi işğaldan azad olunmuş torpaqlarımızı bərpa etməklə məşğuluq. Proses bir neçə il çəkəcək. Biz Füzulidə, Cəbrayılda, Zəngilanda, Ağdamda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda... məskunlaşdıqca, oraları abad etdikcə, Zəngəzur dəhlizini işə salmaqla paralel olaraq Xankəndidə, Xocavəndin, Ağdərənin, Xocalının bir hissəsində yaşamaq hüququ olan erməniləri də “əhilləşdirməklə”, qanunlarımıza tabe olmaqdan başqa variant qalmadığını anlatmaqla məşğul olacağıq.

1 il öncəki Qarabağla indiki Qarabağ və oradakı reallıqlara baxanda heç bir nigaranlıq qalmamalıdır.
“Artsax” utopiyası da qısa müddət ərzində tarixin zibilliyinə gömüləcək. Bu, hələlik ermənilərin yapışdığı saman çöpüdür. İşlər nizama zamanla, təmkinlə, mərhələ ilə qoyulur. Bircə Xankəndi başağrısı qalıb, çox yox, məncə, cəmi 1-2 il sonra bu məsələ də həllini tapacaq.
Bir qədər səbr tələb edir bunlar. Asan iş deyil. Çünki ermənilərin yaşamaq hüququ var orada, elə ölçü-biçili davranmalıyıq ki, onsuz da bizə qərəzli olan ermənipərəst gücləri, bəzi Qərb, Avropa ölkələrini üstümüzə qaldırmayaq.

Elşad MƏMMƏDLİ

Digər Xəbərlər
Xəbər Lenti