“Dağlıq Qarabağ münaqişəsi tarixin bir hissəsinə çevrilib”

23 Fevral 2021 17:10 Gündəm 459
“Dağlıq Qarabağ münaqişəsi tarixin bir hissəsinə çevrilib”

“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb: “Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var.

Əlbəttə, biz heç vaxt olmadığı kimi indi beynəlxalq birliyin həqiqəti bilməsini istəyirik. Çünki indi xarici diplomatlar, beynəlxalq medianın nümayəndələri işğaldan azad olunmuş əraziləri ziyarət edəndə hesab edirəm ki, onlar işğal nəticəsində bizim tarixi abidələrimizin, mədəni abidələrimizin nə vəziyyətə salındığını həqiqətən görürlər. Bizim əraziləri işğal edənlər hər şeyi məhv ediblər. Ümid edirəm ki, pandemiyadan sonra Mərkəzin növbəti tədbirində, həmçinin Mərkəzin üzvlərinin də işğaldan azad edilmiş bir sıra əraziləri ziyarət etmək və ola bilsin, orada müəyyən tədbiri təşkil etmək fürsəti olacaq. Lakin bu, əlbəttə, bizim gələcək əməkdaşlığımızın və müzakirələrimizin bir hissəsidir. Müharibə zamanı və müharibədən sonra göstərdiyiniz dəstəyə görə bir daha sizə minnətdarlığımı bildirmək istəyirəm”.

Digər Xəbərlər
Xəbər Lenti