Ərdoğanın mesajı: Silahlı ermənilər və sülhməramlılar çıxarılacaq

15 Yanvar 00:56 Gündəm 6 014
Ərdoğanın mesajı: Silahlı ermənilər və sülhməramlılar çıxarılacaq

Ərdoğan və Putin üç məsələni müzakirə etdi: Moskvada üçtərəfli görüş; Birgə Monitorinq Mərkəzi; Qarabağda hərbi fəaliyyətlər;

Moskva görüşündən sonra Putinin Ərdoğanı məlumatlandırması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasında Türkiyənin tərəf olmasından irəli gəlməklə yanaşı, müzakirə olunan məsələlər müəyyən təxminlərə də yol açır.

Rusiya Qarabağ məsələsində Türkiyənin, dolayısı ilə Azərbaycanın mövqeyini əsas götürür və bu, Moskvada 4 saatlıq görüş zamanı Bakının cari tələbi üzərində razılıq əldə olunduğu ehtimalını gücləndirir: Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması.

- Görüşdə Azərbaycan 10 noyabr razılaşmasının 4-cü bəndinə əsasən erməni silahlılarının çıxarılması üçün konkret vaxt istəyib: İlham Əliyevin görüşdən öncə Xankəndi və sülhməramlılarla bağlı mesajları da bu fikri önə çıxarır;

- Rusiya bu məsələ ilə bağlı konkret vaxt təyin edib: görüşdə məsələ konkretləşdirildiyi üçün Əliyev mətbuat konfransında “10 noyabr bəyanatı uğurla həyata keçirilir” dedi;

- Və nəhayət, Putinlə Ərdoğan bu məsələ üzərində son müzakirələri apardılar.

Proseslərin inkişafı bu ehtimalları irəli sürməyə imkan verir, lakin əsas sual yenə qalır: Ermən silahlıları nə vaxt çıxarılacaq?

10 noyabr razılaşmasının 4-cü bəndində qeyd olunur ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Hərçənd, sülhməramlılar gəlsə də erməni silahlıları çıxmayıb.

Mümkündür ki, razılaşmanın 5-ci bəndində əks olunan sülhməramlı mərkəzin yaradılması – Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə prosesə start verilsin.

- Bakının müharibənin bitməsindən sonra iki ay - məhz mərkəzdə fəaliyyət göstərən Türkiyə hərbi heyətinin gəlişinə qədər səbr etməsi, Moskva görüşündən öncə “Xankəndi və sülhməramlılarla bağlı” ilk dəfə rəsmi münasibət açıqlaması (Türkiyədən hərbi yük təyyarələrinin gəlişi fonunda) və rus torpaqlarında tələbini irəli sürməsi;

- Ərdoğan və Putinin telefon söhbətində Birgə Monitorinq Mərkəzi və Qarabağda hərbi fəaliyyətlərin müzakirəsi;

İki məqam bu gözləntini artırır və bəzi informasiyalar: Ermənistan ordusunda müddətdən artıq hərbi qulluqçularla müqavilələrə xitam verilməsi, yalnız Qarabağdan gələcək hərbçilərin bir qismi ilə müqavilə imzalanacağı; Qarabağdakı silahlı ermənilər onlara çıxmağa hazırlaşmaqla bağlı göstərişin gəlməsi;

Prezident İlham Əliyevin ötən ilin sonunda Türkiyə Müdafiə naziri Hulusi Akarı qəbul edərkən “mərkəz 10 günə, maksimum iki həftəyə fəaliyyətə başlayacaq” açıqlaması Birgə Monitorinq Mərkəzinin yaxın günlərdə fəaliyyətə başlayacağını deməyə əsas verir. Mümkündür ki, Ərdoğan və Putin də mərkəzlə bağlı fəaliyyətə başlamamışdan öncə son müzakirələri aparıb.

Sülhməramlılar...

Telefon söhbətində Ərdoğanın Putinə dediyi “Ankara Dağlıq Qarabağda sülhməramlıların mövcudluğu və monitorinq prosesi olmadan azərbaycanlıların və ermənilərin birgə yaşaması üçün şəraitin formalaşdırılmasının tərəfdarıdır” sözləri xüsusilə diqqət çəkdi.

Kremlin rəsmi açıqlamasında bu məqama yer verilməyib, lakin Ərdoğanın sözləri deməyə əsas verir ki, qapalı müzakirələr Qarabağda sülhməramlıların olmaması istiqamətində də aparılır. Və bu məqam həm də bəzi məsələlərin təsdiqini yenidən gücləndirir:

1. Azərbaycanlı məcburi köçkünlər ermənilərin yaşaması üçün ayrılan Xankəndi, Xocavənd və Xocalıya da qayıdacaq;

2. Qarabağda birgəyaşayış sülhməramlıların nəzarəti ilə Azərbaycan idarəçiliyi altında təşkil olunacaq;

3. Rusiyanın bunun əksinə ata biləcəyi addımlara qarşı Türkiyə qarant rolunda çıxış edir;

4. Bakı və Ankara sülhməramlıların bölgədə qalmasının vaxtının (5 il) uzadılmasına imkan verməyəcək;

Bakı və Ankara bu məsələlərdə prinsipiallıq nümayiş etdirir və Rusiyadan razılaşmanı yerinə yetirmək tələb olunur.

Asif Nərimanlı

Digər Xəbərlər
Xəbər Lenti
27 Fevral 11:40 Abasova nə tövbə..?