Üç azərbaycanlı Avropa çempionatının yarımfinalında

14 Fevral 2020 20:30 Güləş 626
Üç azərbaycanlı Avropa çempionatının yarımfinalında

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulub.

Sportinfo.az xəbər verir ki, onlardan 3-ü adını yarımfinala yazdıra bilib.

Mübarizəyə 1/8 finaldan başlayan Əli Rəhimzadə startda olimpiya, dünya və 3 qat Avopa çempionu Vladimir Xinceqaşviliylə üz-üzə gəlib. 65 kq-da mübarizə aparan gənc güləşçi titullu rəqibiylə görüşü çəkinmədən və yüksək səviyyədə keçirərək, böyükhesablı qələbəyə sevinib - 7:0. Rəhimzadənin 1/4 finalda rumıniyalı həmkarı George Bukurla dueli ağır keçib. Son saniyələrdə aldığı xal güləşçini yarımfinala yüksəldib. O, final uğrunda görüşdə belaruslu Niurqun Skriabinlə qarşılaşacaq.

70 kq çəki dərəcəsində yarışan Ağahüseyn Mustafayev ilk mərhələdə Ermənistan idmançısıyla üz-üzə gəlib. Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya rəqib daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən milli üzvü inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geridönüş edib. İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Avropa çempionatının gümüş medalçısı yarışa inamlı qələbəylə start verib - 15:8. Mustafayev daha sonra Belarus təmsilçisi Viktor Seradadan güclü olub. 1/4 finalda Ukrayna güləşçisi Aleksey Borutanı da sıradan çıxaran idmançı yarımfinala adlayıb. Onun bu mərhələdəki rəqibi Rumıniya təmsilçisi Mixail Sava olacaq.

Cəbrayıl Həsənov ötən analoji yarışda olduğu kimi, yenə ilk görüşdə Nika Kentçadzeni sınağa çəkib. Buxarestdə olduğu kimi, Romada da millinin kapitanı ilə 23 yaşadək güləşçilərin dünya çempionu arasında qarşılaşma gərgin mübarizə şəraitində keçib. Həsənov son dəqiqəyə kimi hesabda 0:3 geridə olsa da, xarakter göstərərək qələbəni təmin edib. 3 qat Avropa çempionunun növbəti görüşü də asan keçməyib. Həsənov Rumıniya güləşçisi Omarasxab Nacmudinovla mübarizədə xalların keyfiyyətinə görə mərhələ adlayan tərəf olub. Daha sonra Ermənistan güləşçisi Arman Avaqyana gücünü göstərən idmançı yarımfinala vəsiqə qazanıb. Həsənov finala çıxmaq üçün Maqomed Ramazanovu (Rusiya) məğlub etməlidir.

97 kq-da yarışan Nurməhəmməd Hacıyev startda Macarıstan pəhləvanı Pavel Oleyniki yolundan kənarlaşdırıb. Ancaq o, 1/4 finalda Rusiya təmsilçisi Abdulrəşid Sadullayevə uduzaraq yarımfinala yüksəlmək şansını itirib.

57 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Əfqan Xaşalov 1/8 finalda fransalı Valentin Damuru mübarizədən kənarlaşdırsa da, növbəti mərhələdə Almaniya təmsilçisi Castin Cunior Lerlə bacarmayıb - 2:8.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:45-də başlayacaq.

57 kq

1/8 final: Əfqan Xaşalov - Valentin Damur (Fransa) 11:0

1/4 final: Əfqan Xaşalov - Castin Cunior Ler (Almaniya) - 2:8

65 kq

1/8 final: Əli Rəhimzadə - Vladimir Xinceqaşvili (Gürcüstan) 7:0

1/4 final: Əli Rəhimzadə - George Bukur (Rumıniya) 3:2

1/2 final: Əli Rəhimzadə - Niurqun Skriabin (Belarus)

70 kq

Təsnifat: Ağahüseyn Mustafayev - Gevorq Mxeyan (Ermənistan) 15:8

1/8 final: Ağahüseyn Mustafayev - Viktar Serada (Belarus) 8:2

1/4 final: Ağahüseyn Mustafayev - Aleksey Boruta (Ukrayna) 5:2

1/2 final: Ağahüseyn Mustafayev - Mixail Sava (Rumıniya)

79 kq

Təsnifat: Cəbrayıl Həsənov - Nika Kentçadze (Gürcüstan) *3:3

1/8 final: Cəbrayıl Həsənov - Omarasxab Nacmudinov (Rumıniya) *8:8

1/4 final: Cəbrayıl Həsənov - Arman Avaqyan (Ermənistan) 8:4

1/2 final: Cəbrayıl Həsənov - Maqomed Ramazanov (Rusiya)

97 kq

1/8 final: Nurməhəmməd Hacıyev - Pavel Oleynik (Macarıstan) 7:2

1/4 final: Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (Rusiya) - 4:10

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!