İki azərbaycanlı dünya çempionatının finalına çıxdı

8 Oktyabr 2021 00:00 Güləş 704
İki azərbaycanlı dünya çempionatının finalına çıxdı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb.

Hüseynov dünya ikincisi Kessidislə görüşdə 0:6 hesabıyla geridə olsa da, ikinci hissədə geridönüş edərək 7:6 hesabıyla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, 82 kq-da yarışan idmançı finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.

Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.

Digər yunan-Roma güləşçisi Sənan Süleymanov da finala yüksəlib. 77 kq-da çıxış edən idmançı Kayratbek Tuqolbayev (Qırğızıstan), Daler Rzazadə (Tacikistan) və Roland Şvartsa (Almaniya) qalib gəlib.

Süleymanov yarımfinalda belaruslu Timur Berdıyevə 5:4 hesabı ilə qalib gəlib. Onun həlledici qarşılaşmadakı rəqibi Rusiya təmsilçisi Roman Vlasov olacaq.

Daha bir yunan-Roma güləşçisi Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib.

O, finala gedən yolda yaponiyalı Ken Matsui ilə qarşılaşıb. 55 kq çəki dərəcəsində mübarizə aparan idmançımız rəqibinə 1:10 hesabı ilə uduzub. Əzizli bürünc medal uğrunda mübarizə aparacaq.

72 kq-dakı Ülvü Qənizadə İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb. 1/4 finalda uduzduğu iranlı finala çıxa bilmədiyindən, Azərbaycan güləşçisi təsəlliverici görüşlərə qatılmaq şansını itirib.

İndiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.

Digər Xəbərlər
Xəbər Lenti