3 il çoxlu pul qazanıb, AFFA rəhbərliyinə 3 dəqiqə vaxt ayıran De Byazidən 3 seçmə…

24 Noyabr 2023 15:00 Milli komanda 1 094
3 il çoxlu pul qazanıb, AFFA rəhbərliyinə 3 dəqiqə vaxt ayıran De Byazidən 3 seçmə…

Canni De Byazinin 2020-ci ilin ikinci yarısından başlayan Azərbaycan karyerası dünən rəsmən bitdi.

Üç müxtəlif turnirin (Millətlər Liqası, DÇ-2022, Avro-2022) seçmə mərhələsinə 4 dəfə komanda çıxarmış italiyalının gəlişi olmasa da, gedişi qalmaqallı alındı.

Heç vaxt yadımdan çıxmaz, bu təyinatdan 1-2 həftə qabaq idi. De Byazinin adı təzə-təzə mətbuata sızdırılmışdı. Adam çox həvəsli, çox istəkli idi.

Bura gəlməyə elə can atırdı k… Nədən bildim? Onun Azərbaycanda 1-2 tanış meneceri var (indi qaçıb hardasa gizləniblər).

Onlar, həmçinin postsovet məkanından münasibətdə olduğu agentlər gündə-gündə zəng vururdu mənə.

Dincliyim yox idi, əl çəkmirdilər. Hamısı bir ağızdan xahiş edirdi: De Byazi Azərbaycana gəlmək istəyir, mətbuatdan kömək umur, bizə deyir ki, AFFA ilə anlaşsam, hamıyla dost olacam.

Bir-iki həftə belə davam elədi, axırda xəbəri çıxdı, De Byazi gəldi, AFFA ilə müqaviləyə qol çəkdi, fikirləşdim ki, day məndən əl çəkərlər.

Demə, həngamə qabaqda imiş! Ona kimi italyanın xahişini edən menecerlər bir-birindən xəbərsiz yığırdılar məni.

Hə, onda bildim ki, hərəsinə bir söz verib: AFFA-dan alacağı puldan menecerlik payını.

Növbəti günlərdə nə oldusa, nə olmadısa, xəbər tutdum ki, De Byazini AFFA-ya təklif edən menecerlərdən biri onun «pişiyini divara dırmaşdırıb», federasiyanı da bir-birinə qatıb.

Bilmədim day pulunu aldı, ya yox. Dedim, hə, görəcəyimiz günlər qabaqdadır…

19.11.2023. Belçikanın paytaxtı Brüssel. Ev sahiblərinin 5:0 hesabıyla qazandığı matçdan bir qədər keçib. Mətbuat konfransı gedir.

Biabırçı məğlubiyyətin yaratdığı gərgin ab-hava fonunda sorğu-sual gedir.

De Byazi uğursuzluğuna don geyindirmək üçün özünə əl qatır, guya əsəbiləşib. Artistliyə davam edir və bu dəm cəm şəklində «axmaq» ifadəsini işlədir.

Əlbəttə, mən bu sözü özümə götürmürəm. De Byazinin, əslində, jurnalistləri nəzərdə tutmadığımı da düşünürəm.

O, məncə, AFFA-nı, gəlişinə yol açan, üstəlik, müqaviləsini hər seçmə mərhələdə uzadan rəsmilərə göndərmə edib həmin kəlməylə.

Sözünü onlara aid etməsəydi, İcraiyyə Komitəsində cəmi 3 dəqiqə danışıb, iclasın bitməsini gözləmədən qapını çırpıb getməzdi.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti