“Sülh müqaviləsi kapitulyasiya sənədinə bənzəməməlidir...” - Paşinyanın təzə hoqqası

8 Mart 2023 03:20 Gündəm 784
“Sülh müqaviləsi kapitulyasiya sənədinə bənzəməməlidir...” - Paşinyanın təzə hoqqası

“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında qərarlıyam”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftəsonu Berlində erməni icması ilə görüşü zamanı deyib.

“Lakin bu, Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır. Bu, regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hazırda onun sülh gündəliyi ilə bağlı konkret mandatı var: “Biz bütün diqqətimizi bu mandatın həyata keçirilməsinə yönəltmişik. Və bizim beynəlxalq ictimaiyyətin, region xalqlarının dəstəyinə ehtiyacımız var”.

Maraqlıdır, Nikol “sülh sənədi Ermənistan üçün kapitulyasiyaya bənzər bir sənəd olmamalıdır” sözləri ilə nə demək istəyir? Rəsmi Bakının təklif elədiyi və İrəvanın da guya etiraz eləmədiyi 5 məlum baza prinsipindən, görəsən, hansı biri erməni tərəfdə belə bir narahatlıq yaradır, yoxsa Paşinyan sülh sənədindən yayınmaq üçün təzə bəhanə tapıb?

Məsələ ondadır ki, Ermənistan onsuz da kapitulyant ölkədir. Bunu Nikol Paşinyan 2020-ci ilin 10 noyabrında təsdiqləyib. Bəlkə sülh sazişinin mətninə mütləq “miatsum”la, Qarabağla bağlı hansısa element əlavə eləməliyik ki, erməni tərəfi onu “kapitulyasiya sənədi”nə bənzədib də özünü təhqir edilmiş saymasın? Qısası, sırf beynəlxalq hüquqa əsaslanacaq sülh müqaviləsi Paşinyanı niyə əndişələndirir?

Erməni icması ilə görüşdə Paşinyan onu da bildirib ki, Qarabağ məsələsi xarici güclər üçün (ilk növbədə Rusiyanı nəzərdə tutur-red.) Ermənistanı “nəzarət altında” saxlamaq üçün bir rıçaq rolu oynayıb.

Elə isə Ermənistan rəhbərliyi niyə Azərbaycanla tezliklə sülh sazişi imzalayıb belə bir təsir-təzyiq rıçaqından qurtulmaq istəmir?

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi ekspert Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Paşinyan həmçinin Azərbaycanın təklif etdiyi 5 bəndlik baza prinsipinin Ermənistan üçün məqbul olduğunu söyləyib: “Ancaq müəyyən əlavələr etmək imkanından da yararlanaraq əvvəlcə Bakıya 6 bəndlik bir təklif göndərdi və sonradan digər əlavələr də etdi. Əvvəlki 6 bəndlik təklifinin dördü Azərbaycanın təkliflərinin təkrarıdır, digərləri mətləbə dəxli olmayan məsələlərdir. Cəmi iki bəndin üzərində ermənilər uzun müddət təkid elədilər. Onun biri Minsk Qrupunun prosesə cəlb edilməsi idi. Digəri isə Qarabağ məsələsinin sülh sazişində öz əksini tapmasıdır ki, Azərbaycan bu iki məsələyə qəti şəkildə etiraz edib. Lakin Ermənistan kifayətlənmədi və təkliflər verməkdə davam elədi. İndi tələb edirlər ki, Qarabağ ermənilərinin təhlükəsizlik məsələləri şəffaf beynəlxalq mexanizmlər çərçivəsində müzakirə olunsun. Yəni Azərbaycanla Qarabağ nümayəndələri arasında yox, beynəlxalq səviyyədə və şəffaf şəkildə müzakirə edilsin. Daha bir tələb silahsızlaşdırılmış bölgələrin yaradılmasıdır. Söhbət Azərbaycan-Ermənistan sərhədindən gedir. Ermənistan sərhəddə 3 kilometrlik silahsızlaşdırılmış xətt yaradılmasını təklif edir. Eyni zamanda Qarabağda təmas xəttində də yenə 3 kilometrlik silahsızlaşdırılmış bölgə təklifi ermənilər tərəfindən irəli sürülüb. Paşinyan deyəndə ki, biz istəyirik imzalanacaq saziş kapitulyasiya aktına bənzəməsin, onu nəzərdə tutur ki, ermənilərin də bu təklifləri nəzərə alınsın. Əks halda, Paşinyanın sülh sazişinə imza atmaq cəsarəti yoxdur. İctimai rəy artıq onun əleyhinə çevrilməkdə davam edir, dəstək gün-gündən azalır. Buna görə Paşinyan hansısa təkliflərinin nəzərə alınmasını istəyir ki, sabah desin bizim də bu tələblər sülh sazişində nəzərə alınıb. Ancaq təəssüf ki, Paşinyanın verdiyi təkliflər sülh sazişinin imzalanmasına yox, bu prosesi pozmağa yönəlib. Paşinyan sülh prosesi qarşısında yeni əngəllər yaradır. Paşinyan şübhəsiz sülh sazişinin imzalanmasında və Rusiyanın bölgədən getməsində maraqlıdır. Ancaq eyni zamanda hakimiyyətdə də qalmaq istəyir. Ona görə də məlum təklifləri verir, şərtləri irəli sürür. Paşinyan qorxur ki, sırf Azərbaycanın irəli sürdüyü 5 təklif əsasında sülh sazişini imzalasa, onun hakimiyyəti üçün çox ciddi problemlər yarana və nəticədə hakimiyyətini itirə bilər. Paşinyan üçün hakimiyyəti qorumaq əsas məsələdir. O, əvvəlcə hakimiyyətini qorumaq barədə düşünür. Ermənistanın dövlət maraqları birinci sırada deyil”.

Polkovnik Rövşən Məhərrəmov:

Rövşən Məhərrəmov

Hərbi ekspert Rövşən Məhərrəmov isə bildirdi ki, Paşinyan Ermənistan cəmiyyətindən və fürsət gözləyən revanşist müxalifətdən qorxur. Şərt formasında səsləndirdiyi yeni fikirlər bununla əlaqədardır: “Nikol Paşinyan həmçinin orduda, güc strukturlarında uzun illər hakimiyyətdə olan Qarabağ klanına bağlı yüksək çinli hərbçilərin olduğunun fərqindədir. Paşinyan hesab edir ki, sülh sazişini imzalasa və sazişdə Qarabağla bağlı ermənilərin xeyrinə nələrsə olmasa, ordu və güc strukturlarında kök atmış qruplar revanşist müxalifətlə birləşə və hakimiyyəti silahlı yolla devirə bilərlər. Paşinyan onu da bilir ki, Moskva onu hakimiyyətdən salmaq üçün fürsət, əlverişli məqam gözləyir. Onda belə bir qorxu var ki, sülh sazişini imzalasa, onu hakimiyyətdən qovmaq üçün fürsət gözləyən daxili və xarici düşmənləri hərəkətə keçəcək. Hakimiyyətini və hətta həyatını itirmək qorxusu onu sülh sazişi imzalamaqdan çəkindirir. Buna görə də vaxtaşırı Azərbaycanın qəbul etməyəcəyi əcaib şərtlər, təkliflər irəli sürməklə vaxt uzatmağa çalışır. Paşinyanın ən qorxduğu daxili qüvvə ordu və ruslarla gizli bağlı olan generallar, yüksək çinli hərbçilər və onların tabeliyində olan qüvvələrdir”.

Digər Xəbərlər
Xəbər Lenti