Yeni ünvan axtarışında - Azad ulduzlar hansı klublara üstünlük verəcək?

14 İyul 2020 16:42 Dünya futbolu 638
Yeni ünvan axtarışında - Azad ulduzlar hansı klublara üstünlük verəcək?

Yəqin ki, futbolsevərlər cari mövsümü unutmayacaqlar.

Sportinfo.az xəbər verir ki, koronavirus futbol dünyasından da yan keçmədi.

Həm klublar, həm futbolçular, həm də azarkeşlər ziyan gördülər. Adətən, yayda gündəm, komandaların heyəti hansı oyunçularla gücləndirməsi olurdu.

Pandemiya buna da təsir edir. Hazırda Avropanın müxtəlif ölkələrində çempionatların davam etməsi keçidlərin müəyyən qədər kölgədə qalmasına səbəb olur.

Azad agentə çevrilən və çevriləcək futbolçuların sayı da kifayət qədərdi. Onlar da özlərinə yeni ünvan axtarışına çıxıblar. Bu yazıda həmin futbolçulardan bəhs edəcəyik.

David Silva (Mançester Siti)
İspaniyanın yetişdirdiyi ən texnikalı futbolçulardan biri sayılan Silva “Siti”yə karyerasının 10 ilini verdi. Onu klubun əfsanələrindən biri saymaq olar. Ötən qış David maraqlı rekordla yadda qaldı. Yarımmüdafiəçi MS-nin heyətində Premyer Liqada 300 oyun həddinə çatan ilk oyunçu oldu. David “Siti”nin heyətində 58 qol vurub və 90 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümün sonunda onun klubdan ayrılacağı dəqiqdir. Çox güman, Silva yetişdiyi “Valensiya”ya qayıdacaq. İngiltərə mətbuatına inansaq, bəstəboy orta xətt oyunçusu “yarasalar”la üçillik müqavilə imzalamaq fikrindədir. İtaliya mətbuatı isə fərqli fikirdədir. Silvanın karyerasını “Milan”da davam etdirəcəyini iddia edənlər də var. Yarımmüdafiəçinin 34 yaşı olmasına baxmayaraq, o, istənilən klubu gücləndirə bilər. Yəqin ki, Davidi hələ bir neçə il də yaşıl meydanlarda görə biləcəyik.

Edinson Kavani (PSJ)
“Palermo”da parlayan, “Napoli”də isə geniş kütlənin sevgisini qazanan uruqvaylı forvard Fransada əsl ulduza çevrilməyi bacardı. O, PSJ-nin tarixində iz qoyan oyunçulardan biridir. Edinson yerli azarkeşlərin ürəyində, vurduğu qollarla taxt qurmağı bacarıb. Ancaq 7 il Paris təmsilçisində top qovan forvard Fransanı tərk etmək fikrinə düşüb. PSJ-də keçirdiyi müddət ərzində 301 matçda meydana çıxan Edinson 200 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb. Son illər onun rəhbərliklə problemlər yaşadığı bəlli idi. Görünür, vəziyyət heç də yaxşı deyil. Mətbuat problemin maliyyədən qaynaqlandığını deyir. Bu səbəbdən cənubi amerikalı oyunçu klubu tərk etmək istəyir. Onu heyətində görmək istəyən komandaların sayı kifayət qədərdir. Ən real variant kimi isə “İnter” görünür. Antonio Konte Kavanini transfer etmək arzusundadır. Problem futbolçunun yüksək məvacib tələb etməsindədir. Edinson illik 12 milyon avro istəyir. “İnter”in rəhbərliyi isə ona 5 milyon avro ödəyə biləcəyini deyir. Uruqvaylının da yaşı az deyil, amma o, əla formadadır. Kavani hələ də dünyanın ən güclü mərkəz hücumçularından biri sayılır.

Villian (Çelsi)
Braziliyalı cari mövsümü pis keçirmir. Onun vurduğu qollar və etdiyi məhsuldar ötürmələr “Çelsi”yə dəfələrlə xallar qazandırıb. Buna baxmayaraq, Villian da azad agent statusunda klubunu tərk edəcək. “Zadəganlar”ın “Vest Hem”ə məğlub olduğu oyunda dubl edən braziliyalı unikal rekordla yadda qaldı. O, Premyer Liqada 12 ayın hər birində qol vuran yeganə oyunçu kimi tarixə düşdü. Nəzərə almaq lazımdı ki, “Çelsi” hücumu gücləndirmək üçün bir neçə transfer həyata keçirib. Bu səbəbdən Villianın London təmsilçisini tərk edəcəyini demək mümkündür. Amma cənubi amerikalı futbolçu İngiltərəni tərk etməyə bilər. Onunla “Tottenhem”, “Arsenal” və “Mançester Yunayted” kimi klublar maraqlanırlar. 7 il “Çelsi”nin şərəfini qoruyan 31 yaşlı oyunçunun hansı variantı seçəcəyi maraqlıdır.

Mario Götse (Borussiya D)
28 yaşlı yarımmüdafiəçinin karyerasında işlər yoluna düşmək bilmir. DÇ-2014-ün finalında vurduğu qolla Almaniya yığmasına çempionluq qazandıran Götse də özünə yeni klub axtarmalı olacaq. Onun karyerası arzuladığı kimi alınmadı. “Bavariya”da yaşanan uğursuzluqdan sonra o, şansını doğma komandasında sınamaq qərarına gəldi. Mario səhhətində yaranmış problemləri də artıq arxada qoyub. Buna baxmayaraq, “Borussiya”ya qayıdış onun üçün uğursuz alındı. Dortmund təmsilçisini çalışdıran Lüsyen Favr etiraf edir ki, üstünlük verdiyi 3-4-3 sxemi Götseyə uyğun deyil. Məşqçi oyunçu üçün meydanda yer tapmaqda çətinlik çəkir. Mütəxəssisin bu açıqlamasından bir neçə gün sonra isə klubun idman direktoru Mixael Tsork rəsmi açıqlama verdi. O, Marionun klubu tərk edəcəyini bildirdi. Cari mövsüm o, Bundesliqada 15 oyuna çıxıb və 3 qol vurub. Almaniyalının cəmi 28 yaşı var. Adətən, bu yaşda futbolçular formasının zirvə nöqtəsində olurlar. Bu səbəbdən orta xətt oyunçusu üçün hələ heç nə itirilməyib. Marionun istedadına söz ola bilməz. Artıq İtaliya təmsilçiləri onun uğrunda mübarizəyə başlayıblar. “Milan”, “Latsio” və “Roma” Götseni transfer etmək istəyir. İstedadlı oyunçu illik 5 milyon avro məvacib almaq arzusundadır. Bu məsələ müəyyən problemlər yarada bilər. İyunun sonlarında Almaniyanın “Bild” nəşri Mario ilə “Atletiko”nun da maraqlandığını xəbər verdi. Koronavirus klubların maliyyə vəziyyətinə ciddi zərbə vurub. Bu səbəbdən Madrid təmsilçisi almaniyalıya illik 2 milyon avro məvacib təklif edir. Görünür, alman futbolunun “Qızıl oğlan”ı güzəştə getməli olacaq.

Yan Vertongen (Tottenhem)
Belçikalı müdafiəçi London təmsilçisinin ən təcrübəli futbolçularından biri sayılır. O, 8 ildir “Tottenhem”in şərəfini qoruyur. Maurisio Poçettinonun rəhbərliyi altında klubun yüksəlişə keçməsində Yanın da danılmaz əməyi var idi. Cari mövsüm isə belçikalı 20 oyunda meydana çıxıb. Onun hesabında bir qol və eyni sayda məhsuldar ötürmə var. Joze Mourinyonun təcrübəli oyunçuya güvənmədiyi hiss olunur. “Tottenhem” mövsümün sonuna qədər oyunçu ilə müqavilə imzalasa da, Vertongenin klubu tərk edəcəyi bəllidir. İtaliya mətbuatı “Roma”nın, mərkəz müdafiəçisinə iki illik müqavilə təklif etdiyini bildirir. “Tuttosport” nəşri isə “İnter”in Vertongenlə yaxından maraqlandığını yazır. Antonio Konte Dieqo Qodinlə yolları ayırmaq fikrindədir. Bu, baş versə, klub Yan uğrunda mübarizəyə qoşulacaq.

Adam Lallana (Liverpul)
Cari mövsüm azarkeşlərinin çempionluq həsrətini bitirən “Liverpul” son illərdə həyata keçirdiyi uğurlu transferlərlə diqqəti çəkir. Yayda klubun Klaynla yanaşı, Lallana ilə də yolları ayıracağı gözlənilir. Əslində bu iki oyunçunun karyerası ilə bağlı paralellər aparmaq olar. Hər iki oyunçu “Sauthempton”da parlayıb. Adamın da “Liverpul”da istedadını nümayiş etdirməsinə böyük ölçüdə məhz zədələr mane oldu. 3 mövsüm uğurlu çıxış edən yarımmüdafiəçi 2017-ci ildə zədələndi. Məhz bu zədə Lallananın “Liverpul”dakı karyerasının üstündən xətt çəkdi. Cari mövsüm o, “qırmızılar”ın heyətində Premyer Liqada 15 oyun keçirib və klubun əzəli rəqibi MY ilə qarşılaşmada vacib qola imza atıb. O, artıq özünə yeni klub axtara bilər. İngiltərə mətbuatı orta xətt oyunçusunun “Lester”ə üz tutacağını yazır. Qeyd edək ki, hazırda “tülkülər”i “Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers çalışdırır. Məhz onun dönəmində Adam klubda parlaq futbolla yadda qalırdı. Onu heyətində görmək istəyən başqa klublar da var. “Vest Hem” və “Everton” futbolçu ilə maraqlanır. (kaspi)

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!