Belə acizanə danışma!

24 Oktyabr 2023 08:30 Milli komanda 720
Belə acizanə danışma!

Bir neçə gün əvvəl, konkretləşdirsək, AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburqu 3:2 hesabı ilə məğlub edən U-21 millimizin baş məşqçisi Samir Əliyev oyundan sonra işlətdiyi bir ifadə ilə diqqətləri çəkdi.

Lüksemburqla görüşdən əvvəl Şimali İrlandiyaya Bakıda 0:1 hesabı ilə uduzan yığmamızın baş məşqçisi bu qarşılaşmanın şokundan ayılmadığını bildirmişdi. Bununla yanaşı veteran futbolçu açıqlamasında, "Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışdım.

Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim. Çıxış yolu tapmalıyıq. Elə şeylər etməliyik ki, bu uşaqlar daim oynasın. Sabah mənim yerimdə kim olsa, bu əziyyətləri çəkəcək” - sözlərini söyləmişdi.

Düzdür, millimiz uzun illərdir ürəkaçan nəticələrlə yadda qalmır. İstər yerli, istərsə də əcnəbi məşqçilər olsun, hələ ki, komandanı "ağ günə” çıxaran tapılmayıb. Əlbəttə, ümidlər tükənməzdir. Elə bir vaxt gələ bilər ki, yığmaya təyin olunan hansısa mütəxəssis istədiyimiz nəticəni göstərər, nüfuzlu turnirlərin final mərhələsinə qatılar. Əlbəttə, hər şeydən əvvəl buna doğru addımlar atmaq lazımdır. Əslində, ötən il Əliyevin U-21-ə baş məşqçi təyin olunması ümidlərimizi bir qədər də artırdı. Futbol oynadığı dönəmlərdə legioner həyatı da yaşamış təcrübəli keçmiş hücumçunun gənclərdən ibarət komandanın "sükanı” arxasına gətirilməsi, əlbəttə, yaxşı addımdır. Qalır, ona zaman tanıyıb, lap bir neçə il gözləyib daha sonra nəticələr tələb etmək. Onun mütəxəssis bacarığına, futbol savadına şəxsən mənim şübhəm yoxdur. Yəni, potensiallı məşqçidir və yığmanın gələcəkdə daha yaxşı nəticələr göstərməsində mühüm rol oynaya bilər. Şübhəsiz, bunun üçün özünə, bacarığına inanmalıdır. İnam, uğurun yarısıdır deyiblər. Amma…

Əliyevin bir neçə gün əvvəlki açıqlamasını isə şəxsən, nəinki özünün, elə ona güvənən futbol ictimaiyyətinin də ümidlərini qırmaq kimi qiymətləndirdim. Bundan əlavə, onun "Məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim” fikri həm də AFFA-nın azərbaycanlı məşqçilərə güvənsizliyini, hörmətsizliyini bir daha, açıq şəkildə ortaya qoymuş oldu. Niyə belə düşünürəm? Bu sözləri o məşqçi deyə bilər ki, uzun illərdir başında olduğu komanda nəticə qazanmayıb və artıq özünü lazımsız hiss edər. Həmçinin əsas yığmanın baş məşqçisi De Byaziyə qarşı münasibətlərdə olduğu kimi futbol ictimaiyyəti tərəfindən istənilmədiyini anlayar.

Ancaq nə mətbuatda, nə də futbol ictimaiyyəti arasında Samirlə bağlı belə hal var. O, U-21-in baş məşqçisi təyin olunanda, şəxsən izlədiklərimi deyirəm, həm idman mətbuatının həm də futbol ictimaiyyətinin böyük hissəsinin dəstəyini hiss etdi. Bu gün də həmin dəstəyi görməkdədir. Yəni, özü düşündüyü kimi, üzərində heç də təzyiqlər yoxdur. Üstəgəl, Samir vəzifəsində yeni sayılır və futbolumuzun bugünkü durumunu görən hamı anlayır, başa düşür ki, qısa müddət ərzində nəyəsə nail olmaq mümkün deyil. Bu gün futbol ictimaiyyəti tərəfindən Samirdən böyük ölçüdə heç nə tələb olunmursa, ona davamlı dəstək göstərilirsə və zaman tanınırsa, məşqçinin belə, təslim olmuş kimi danışmasının səbəbi nədir? Əlbəttə, bu sözlər AFFA-nı hədəfə gətirir. Belə çıxır ki, qurum rəhbərliyi mütəxəssisə zaman tanımır və onun üzərində təzyiqlər yaradır. Bərbad günə qoyduqları futbolumuzun durumunu nəzərə almadan Əliyevdən nəticə tələb edirlər. Bu nə dərəcədə düzgündür? Məntiqlə düşünəndə belə çıxır ki, AFFA digər yerli məşqçilər kimi Samiri də gözümçıxdıya salıb vəzifəsindən göndərmək, əvəzinə istədikləri əcnəbini gətirmək niyyətindədir. Halbuki qurum belə münasibəti əcnəbi məşqçilərə göstərmir və ya bunu istəmir. Çox uzağa getməyək, AFFA elə yığmanın Samirdən öncəki baş məşqçisi, serbiyalı Milan Obradoviçə niyə söz keçirə bilmirdi? Adam ölkədə ən çox tənqid olunan yığma məşqçilərindən idi. Ancaq hər dəfə arsızlıq edib əməlləri ilə postunu buraxmaq istəmədiyini deyirdi. Hələ Bernard Lippert vardı. İllərlə Azərbaycanın pullarını "yedi”, U-21-ə rəhbərlik etdi, ancaq bunun qarşılığında nə inkişaf, nə irəliləyiş gördük. Həm də AFFA-da müəyyən vəzifələri yerinə yetirən almana qurumdan nədənsə, "gözüm üstə qaşım var” deyən olmadı. Çünki ortada peşəkar müqavilələr və böyük pullar vardı. Nə AFFA-ya sərf edirdi, nə də özünə.

Qısası, yerli məşqiyə təzyiq etmək asandır, əslində isə AFFA onları qorumalı, faydasız əcnəbilərə qurban verməməlidir. Odur ki, Samir, möhkəm ol, üzərində təzyiq hiss etmə. Onsuz da U-21-dən yaxın illərdə böyük nəticələr gözləmirik. İstəyimiz onların inkişafında rol oynamağındır. Futbol ictimaiyyətinin böyük hissəsi sənə güvənir. Və möhkəm ol, bir də belə acizanə danışıb özünü qorxutma. İctimaiyyət sənə inanır, özün də inan (qaynarinfo)...

Səbuhi Həsənov

Digər Xəbərlər
Xəbər Lenti