İntihar edən prezident, işgəncə görən məşhurlar - Futbolun "ən şərəfsiz qolu"

18 May 10:10 Dünya futbolu 197
İntihar edən prezident, işgəncə görən məşhurlar - Futbolun

Futbol təkcə oyun deyil. İndi sizlərə haqqında danışacağımız futbol matçında vurulan bir qolun hekayəsi əslində, minlərlə sənəddən daha çox şeyi izah edə bilər.

1973-cü ildə Çilidə baş verən çevriliş və ondan sonra baş verənlər bütün futbol dünyası üçün ağrılı bir tarix olub. Çili ilə Sovet İttifaqı arasındakı matçda vurulan qol “dünyanın ən şərəfsiz qolu” adını alaraq tarixə keçib.

1970-cu il Çili üçün bir dönüş nöqtəsi olub. Salvador Alyende qanuni seçki ilə Çiliyə rəhbərlik edirdi. Alyende hakimiyyəti Çili xalqını inkişaf etdirmək üçün radikal qərarlar qəbul edirdi və bu qərarların hamısı ölkənin xeyrinə idi.

Unitad Xalq Partiyasının sosialist lideri Alyende seçkidə qalib gəlmişdi. O, ölkəsi Çili üçün müstəqil bir inkişaf planı hazırlamışdı. Bu plan çərçivəsində mis və kömür mədənləri, dəmir, polad və dəmir yolları kimi strateji əhəmiyyətə malik milli dəyərlərini qorumaq və onlardan maksimum səmərəlilik əldə etməyi hədəfləyən bir siyasəti qəbul etmişdi. Alyende ölkədə Ford kimi beynəlxalq şirkətlərin ödədiyi az əməkhaqqı siyasətini rədd edirdi və şirkətlərə əl qoyurdu. Bu vəziyyət bir çoxlarının xoşuna gəlmədi. Getdikcə üsyan yetişirdi.

Böyüyən bu üsyan, əlbəttə ki, müsbət qarşılanmır və “CİA”-nın dəstəyi ilə Çilidə Alyende hakimiyyətinə qarşı çevriliş hazırlanırdı. Çevrilişin başında general Augusto Pinoçet dayanırdı.

Augusto Pinoçet

Əsasən məmurlar, bankirlər, bürokratlar birliyi koalisiyası Alyende hakimiyyətinə üsyan edirdi. General Augusto Pinoçetin başçılıq etdiyi qoşunlar prezident sarayını mühasirəyə almışdı. Alyende həmin mühasirədə təslim olmaqdan imtina edib və bu xain hücum qarşısında öz həyatına son qoymağı üstün tutur.

Çevrilişdən sonra 11 sentyabr 1973-cü ildən Çili üçün heç nə əvvəlki kimi olmadı. Putçistlər vətənpərvərlərə qeyri-insani işgəncələr verir və keçmiş hökumətin tərəfdarlarını istintaq məhkəmələrində qəddar hökmlərlə cəzalandırırdı.

Santyaqo stadionu, məhkumlara işgəncə verilən bir yerə çevrilmişdi. İşgəncə görən adamlar arasında məşhur şəxslər də var idi. Çilinin mütərəqqi vətənpərvərləri, birlik liderləri Estadio Nacional da Santyaqo stadionunda həbs olunub və hər cür işgəncələrə məruz qalmışdı. Bundan əlavə çilili musiqiçi Victor Jara işgəncə içində və ölümündən əvvəl Estadio Çili adlı mahnısını bəstələmişdi.

Hər cür qeyri-insani zorakılıq general Pinoçetin əsgərləri tərəfindən tətbiq olunurdu. Bu hadisələr bütün dünyada səs-küy yaratmışdı.

Çevrilişdən təxminən iki ay sonra Sovet İttifaqı və Çili futbol üzrə dünya kuboku seçmə mərhələsində üz-üzə gələcəkdilər. Sovet İttifaqında oynanılan ilk matç 0-0 hesabı ilə nəticələnmişdi.

Lakin ikinci oyun Çilidəki Santyaqo stadionunda oynanılacaqdı. Sovet İttifaqı bu stadionda oynamaqdan imtina edib. Komanda rəhbərliyi oyunçularını qeyri-insani işgəncələrin edildiyi bu stadiona göndərmək istəmədiyini bildirərək FİFA-ya ərizə yazıb.

Ərizədə deyilir:

“Məlum məsələdir ki, Çilidə faşist üsyanı nəticəsində hüquqi hökumət devrildi və ölkədə qanlı terror və repressiya rejimi hökm sürdü. Santyaqo Stadionu, futbol yarışması keçiriləcək bir yer olmaqdan çıxarılıb və Çili vətənpərvərlərinin işgəncə edildiyi bir düşərgəyə çevrilib. Sovet İttifaqı idmançıları Çili vətənpərvərlərinin qanı ilə doldurulmuş stadionda futbol oynamaqdan imtina edirlər”.

Bu ərizədən sonra FİFA baş verən hadisəni araşdırır, amma matçın bu stadionda keçirilməsinə əngəl olmadığını bildirir və ağla sığmayacaq məntiqsiz bir cavab verir: “Stadionun otu futbol oynamaq üçün əlverişlidir. Sahənin ölçüləri texniki standartlara uyğundur. Tamaşaçıların tribunaları səliqəli və təmizdir”.

Bu məktuba cavab olaraq Sovet İttifaqı da Çiliyə oyunçularını göndərmir.

Qarşılaşma Sovet İttifaqı oyuna gəlmədiyi üçün Çilinin texniki qələbəsi ilə nəticələnəcəkdi. Lakin FIFA simvolik olaraq oyunun keçirilməsini xahiş edir.

Bu vəziyyət qarşısında oynayan Çili Milli Komandası futbol tarixinin "ən şərəfsiz qolu"nu vurur.

Komanda Sovet İttifaqının boş qapısına topu göndərir. Qarşılaşmanya avstraliyalı hakim Erich Linemayrın start fiti ilə başlayan Çili futbolçuları boş sahədə qapıya irəliləyirlər.

Lakin həmin oyunda boş qapıya qol vurmaqdan imtina edən bir oyunçu var idi: Carlos Caszely

Xalq onu çox sevirdi. Çevrilişə qarşı çıxan oyunçu bu matça da zorla çıxarılmışdı. Ancaq o gün bu rüsvayçılığın bir hissəsi olmaq əvəzinə, öz yerində duraraq bu səhnədə yerini almamışdı.

Carlos Caszely

Bu hərəkətinə görə də ona rəğbət daha da artmışdı.

Qol vuran oyunçu isə Fransisko Valdez idi.

Turan Oruc

Xəbər Lenti