1 il də gözləyəcəyik!

2 Aprel 2020 10:10 Dünya futbolu 374
1 il də gözləyəcəyik!

UEFA daha iki turnirin təxirə salınmasına qərar verib.

Sportinfo.az xəbər verir ki, 21 yaşadək futbolçular və qadınlar arasında AVRO-2021-in final mərhələləri 2021-ci deyil, 2022-ci ildə təşkil olunacaq.

Bu barədə qərar UEFA ilə quruma üzv olan milli assosiasiyaların nümayəndələri arasında videokonfransdan sonra verilib. Gənclərin Macarıstan və Sloveniyada, xanım futbolçuların İngiltərədə baş tutmalı olan yarışları bir il sonraya təxirə salınıb.

Buna koronavirus pandemiyası üzündən baş tutan təxirəsalmalar səbəb olub. AVRO-2020 və Tokio-2020 2021-ci ilin yayına keçirildiyindən həmin vaxt təqvim çox sıx olacaq. Bu səbəbdən də U-21-lər və qadınların çempionatı bir il sonraya saxlanılıb.

Hazırda hər iki Avropa çempionatında seçmə mərhələ davam edir. Azərbaycan yığmaları bu turnirlərdə uğursuz çıxış edir. 6 oyundan sonra 6 xala malik U-21 seçmə mərhələnin 2-ci qrupunda 6 komanda arasında 5-cidir. 4 oyunun hamısında uduzan qadın millimiz isə D qrupunda sonuncu – 5-ci yerdə qərarlaşıb.

Bunadək 2020-ci ildə keçirilməli olan Avropa çempionatlarının final mərhələləri ilə bağlı da qərar verilib. 17 yaşadək oğlanlar və 19 yaşadək qızların yarışı ləğv edilib, 19 yaşadək oğlanlarla 17 yaşadək qızların yarışı təxirə salınıb.

Digər Xəbərlər
Xəbər Lenti