"Qarabağ"da hamı onun dönüşünü arzulayır…

23 Oktyabr 2023 01:50 Qarabağ 1 718
"Qarabağ"da hamı onun dönüşünü arzulayır…

Yəqin, çoxunuz ötən mövsüm "Gent"lə oyunları xatırlayırsız.

Bakıda Ramil Şeydayevin qaçırdığı penalti, minimal hesablı qələbə.

Səfərdə minimal hesablı məğlubiyyət, penaltilər seriyasında uduzub mübarizəni dayandırmağımız.

Hər iki oyunda bəxtsiz anlar yaşandı. Amma ən böyük bəxtsizlik nə Bakıda Şeydayevin qaçırdığı penalti, nə də səfərdəki penaltilər seriyasındakı məğlubiyyət oldu. Əsl bəxtsizlik səfər oyunu öncəsi Yankoviçin zədələnərək "Gent"lə matçı buraxması idi. İndi də o fikirdəyəm ki, çernoqoriyalı futbolçu həmin oyunda iştirak etsəydi, "Qarabağ" mərhələni keçəcəkdi.

Avropa Liqasının qrup mərhələsinə ardıcıl 2 qələbə ilə başlayan "Qarabağ"ı gələn həftə Leverkuzendə "Bayer"lə çətin oyun gözləyir. Xabi Alonsonun rəhbərlik etdiyi komanda əla formadadır. Həm Bundesliqada, həm də Avropa Liqasında baxımlı oyun sərgiləyirlər. Bu komandaya qarşı oynamaq çətin olacaq.

Çətin səfər ərəfəsində "Qarabağ" ciddi itkiylə üzləşib. Yankoviç Çernoqoriya millisində zədələnib, 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Yəni, "Qarabağ" "Bayer" qarşısına Yankoviçsiz çıxacaq. Çətin səfər bir qədər də bu itkidən dolayı çətinləşəcək. Çünki Yankoviç bu "Qarabağ"ın ən yaxşı futbolçularındandır. Onun orta sahədə Romao ilə tandemi o qədər effektli təsir bağışlayır ki, bir-birini tamamlayan iki belə futbolçuya çox az hallarda rast gəlinir.

"Qarabağ" yenə də çətin səfərə Yankoviçsiz yollanır. Ümid edək ki, bu dəfə onun yoxluğu hiss olunmaz (sportal.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!