Nazir: "Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək"

23 Sentyabr 2020 12:30 Digər növlər 972
Nazir: "Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək"

"Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb.

Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılışından sonra deyib.

O, bildirib ki, akademiyanın təmiri 95-96 faiz yekunlaşıb. "İstəyirik ki, zallara və auditoriyaya tələbələrimiz qayıtsın, təhsil prosesi başlasın. Amma yenə də yoluxma hallarının olduğunu görürük.

Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn keçirilsin. Bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik".

Rəhimov güləş və digər idman növlərinin federasiyalarının daxili yarışları keçirmək üçün nazirliyə müraciət etdiyini söyləyib: "Tək güləş yox, digər idman növləri də noyabr-dekabr aylarında yerli çempionat keçirmək istəyirlər.

Çox istərdik ki, bu yarışlar baş tutsun. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük Proqram hazırlayırıq. Bu, həm də fitness və idman zallarının açılmasına aiddir.

Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz ki, bizim üçün də çempionatları keçirmək çox vacibdir. İdmançı bir ay evdə qalsa, ona bərpa üçün 3-4 ay vaxt lazımdır. Bu isə çətinlik yaradır.

Yarış praktikası yoxdursa, bu, həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək. Noyabrın ortalarında Milli Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə Qran-pri Bakıda keçirilməlidir.

Artıq 15 ölkə qeydiyyatdan keçib. Həmin vaxtadək ümumi situasiya ilə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda gerçəkləşəcək".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!