Azərbaycanda federasiya prezidenti dəyişdi - FOTO

11 Sentyabr 2020 12:58 Digər növlər 566
Azərbaycanda federasiya prezidenti dəyişdi - FOTO

"Əziz dostlar, Azərbaycan Kikboksinq Federasiyasında rəhbər dəyişikliyi oldu".

Sportinfo.az xəbər verir ki bu barədə məlumatı Milli Məclis sədrinin müavini Adil Əliyev "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Federasiyanın idarə heyətinin onlayn iclası keçirildi. İdarə heyətinin qərarına əsasən, Orxan Əliyev Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçildi.

İnanıram ki, Orxan Əliyev federasiyanın əvvəlki uğurlarını davam etdirəcək və effektiv fəaliyyət göstərərək daha böyük uğurlara imza atacaq.

Azərbaycan Kikboksinq Federasiyası ölkədə və beynəlxalq arenada stabil və inkişaf etmiş idman birliyi kimi qəbul olunur. Sıralarında minlərlə idmançını birləşdirir.

Federasiyada ölkəmiz üçün sağlam və vətənpərvər gənclər yetişir. Məni federasiyanın fəxri prezidenti seçdikləri üçün idarə heyətinin üzvlərinə öz təşəkkürümü bildirirəm".

O.Əliyev 1981-ci il iyunun 20-də Ermənistanda – Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərib.

Müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. Beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub. Azərbaycan, ingilis, türk və rus dillərini bilir.

Orxan Əliyev ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir.

Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kikboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.

Digər Xəbərlər
Xəbər Lenti