Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq görüşü

6 Avqust 2020 15:46 Şahmat 747
Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq görüşü

Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan və Türkiyə Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə növbəti onlayn yarış keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu dəfə Azərbaycan və Türkiyə komandaları arasında "Bir Millət, İki Dövlət" şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq.

Azərbaycan komandasının əsas heyətində üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və Xanım Balacayeva çıxış edəcək.

Ehtiyat heyətdə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alacaq.

Reqlamentə əsasən hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.

8 - 10 avqustda keçiriləcək yarış saat 19:00-da başlayacaq. Partiyalar İdman TV-də canlı şərh olunacaq. Bu günlərdə Beynəlxalq Şahmat Federasiyası internet üzərindən ilk Ümumdünya Şahmat Olimpiadası təşkil edir. Türkiyə millisi onlayn olimpiadada mübarizəyə avqustun 15-də, Azərbaycan millisi isə avqustun 21-də qoşulacaq.

Qeyd edək ki, pandemiya dövründə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə internet üzərindən Azərbaycan Kuboku, "İpək Yolu" turniri, Azərbaycan və Ukraynanın qadın şahmatçılardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti