"Əslində test vermək istəmirdim, dedilər ki, verməsən..."

30 İyun 2020 22:40 Digər növlər 660
"Əslində test vermək istəmirdim, dedilər ki, verməsən..."

“AMADA-nın mənim barəmdə çıxardığı 12 illik sanksiya qərəzlidir. Öz bildikləri kimi ediblər. Birinci cəzanı verməmiş, mənə ikincisini tətbiq ediblər”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a ağır atletika üzrə idmançı Həsənbəy Həsənzadə (+109) deyib.

Ağırlıqqaldırandan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində Ekzogen AAS/oksandrolon, həmçinin Ekzogen AAS/ oksimetolon metabolitləri və metasteron tapılıb.

O, bu səbəbdən 144 ay (12 il) cəzalandırılıb. Atletin diskvalifikasiya müddəti ötən ilin martın 11-dən hesablanmağa başlanılıb və 2031-ci il martın 11-də bitəcək.

Lakin 20 yaşlı idmançı bu cəzanı qəbul etmir: “2017-ci ilin yayında Şüvəlan qəsəbəsində milli komanda ilə toplanışda idim, Avropa çempionatına hazırlaşırdıq. Orda olan müddətdə yuyunub, kondisionerin altında yatdığımdan, bərk xəstələndim. Yığmanın həkimindən məni müalicə etməyini istədim.

O da mənə dedi ki, məndə dərman yoxdur. Ona görə də yığmanın baş məşqçisi ilə qərar alındı ki, yarışa getməyib, evdə müalicə alım. Dörd ay idi ki, öskürürdüm. Tanış həkim vardı, o mənə dedi ki, səndə artıq ağciyərdə pnevmoniya olmağa doğru gedir.

İnternetdən öyrəndik ki, oksandrin adlı dərman bu xəstəliyin müalicəsi üçün istifadə olunur. Atam həm də şəxsi məşqçimdir. Onda mənim 17 yaşım vardı. Bu dərmandan istifadə edib, 2018-ci ilin sentyabrında tam sağaldım.

Ötən ilin fevralın 9-da Azərbaycan çempionu oldum və mənə deyildi ki, test götürüləcək. AMADA məni yoxlayanda dopinq testdə oksandrolon maddəsindən istifadə etdiyim aşkara çıxdı. Dedilər ki, oksandrolon və oksandrin eyni tərkibli maddələrdir.

Halbuki bizə laboratoriyada eyni xassəli maddələr olmasının təsdiqinə dair sübut təqdim olunmadı. Nə olsun ki, adlar oxşardır?! (əslində internetdə həmin maddələrin eyni tərkibli olmasına dair faktlar mövcuddur – S.M.)

Milli komandada olduğum müddətdə də AMADA bizə belə maddənin dopinq tərkibli olduğuna dair heç bir tədbir keçirməyib. Bir sözlə, buna görə mənə dörd illik sanksiya tətbiq olundu. Biz bu məsələ ilə bağlı vəkil də tutmuşduq. Sübutlar da təqdim etdik, qəbul edilmədi.

Mənə maraqlıdır ki, mənimlə eyni vaxtda dopinq test götürülən Orxan Zeynalovun dörd illik cəzasını elan etdilər (ötən ilin iyulun 11-də elan edilib – S.M.), mənimkini yubatdılar. Niyə axı?! Bir sözlə, mənə dörd illik cəza verildiyini bildirdilər, amma bunu rəsmi şəkildə təsdiqləmədilər”.

İdmançı ikinci dəfə dopinqə düşməsini belə əsaslandırıb: “Universitetə hazırlaşırdım. Fikirləşdim ki, onsuz da dörd illiyə cəzalandırılmışam. Universiteti bitirərəm, həmin müddətdə də cəzamın müddəti bitər və idmana yenidən qayıdaram.

İkinci dəfə oktyabrın 12-də gəlib dopinq test götürdülər. Artıq idmanla məşğul olmurdum deyə, hansısa maddənin testdə görsənməsi normaldır. Əslində test vermək istəmirdim. Dedilər ki, verməsən, dopinqə düşmüş hesab ediləcəksən. Belədə ikinci dəfə də məni belə dopinqdə ilişdirdilər”.

O, İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə şikayət etmək istədiklərini bildirib: “AMADA WADA-ya (Beynəlxalq Anti-Dopinq Agentliyi) tabedir.

Onların qaydalarında da var ki, araşdırmanın nə qədər müddət getməsindən asılı olmayaraq, altı ay ərzində idmançının sanksiyası açıqlanmalıdır. AMADA da birinci cəzanın müddətini 8-9 ay uzatdı.

Birinci cəzanı elan etməmiş, gəlib ikinci cəzanı verdilər. Nəticədə dörd il birinciyə, səkkiz il də ikinciyə görə cəza elan etdilər. 12 illik cəza isə dünyada görülməyib. Bu, bir ilkdir.

O deməkdir ki, daha 30 yaşdan sonra idmana qayıtmalıyam. Bundan sonra idman nəyimə lazımdır?! Onsuz da dörd illik cəzalandırılanda bir az küsmüşdüm, idmana qayıtmamaq barədə düşünürdüm.

Fikrimiz var ki, İdman Arbitraj Məhkəməsinə AMADA-nın bu qərarından şikayət edək. Amma ora da şikayətin özü 1800 avrodur. AMADA-nın özünün qaydalarında var ki, əgər idmançının dopinqdən qəsdən istifadə etmədiyi müəyyənləşərsə, cəza yüngülləşdirilə və ya ləğv edilə bilər.

Mən birinci dərmanı idmanda nəticəmi yaxşılaşdırmaq üçün yox, xəstəlikdən sağalmaq üçün istifadə etmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda