"Xahiş edirəm ki, çempionat ləğv edilərkən maliyyə itkilərinin qarşısını alsınlar"

9 İyun 2020 23:45 Digər növlər 558
"Xahiş edirəm ki, çempionat ləğv edilərkən maliyyə itkilərinin qarşısını alsınlar"

"Təxirə salınan qitə çempionatlarının yeni tarixləri ötən ay onlayn keçirilmiş Avropa Gimnastikasının İcraiyyə Komitəsinin iclaslarında əsas mövzu idi".

Sportinfo.az xəbər verir ki, bunu Avropa Gimnastikasının (EG) prezidenti Fərid Qayıbov qurumun rəsmi saytındakı şəxsi bloqunda yazıb.

O daha əvvəl 2020-ci ildə 8 yarış planlaşdırdıqlarını, sonradan isə 5-ni 2021-ci ilə təxirə saldıqlarını xatırladıb. Qayıbovun sözlərinə görə, hazırda 3 olimpiya növü üzrə Avropa çempionatının təşkili sual altındadır:

"Hər gün bizə Avropa ölkələrində koronavirusla bağlı mövcud vəziyyət və bu ölkələrin hökumətləri tərəfindən hansı tədbirlərin görülməsi barədə məlumatlar daxil olur.

Vəziyyət daim dəyişir və durumun gələcəkdə necə inkişaf edəcəyini heç kim bilmir. Yaxşı xəbər budur ki, gimnastlar məşqləri bərpa edib. Milli federasiyalardan gimnastların yarışlara ehtiyac duyduğunu ifadə edən çox məlumat aldıq.

Gimnastlar, onların məşqçiləri və şübhəsiz ki, federasiyalar tədbirlərinin təqvimini planlaşdırmalıdır. Keçirdiyimiz sorğuya əsasən, federasiyaların əksəriyyəti Avropa çempionatlarının bu ilin sonunda təşkil edilməsini istədi".

EG prezidenti qitə yarışları üçün Bakıda və Ukraynanın paytaxtı Kiyevdə yerli təşkilat komitələrinin nümayəndələri ilə əlaqə yaratdıqlarını sözlərinə əlavə edib: "EC-də uzun müzakirələr nəticəsində bu tədbirlərin ilin sonunda - noyabr-dekabrda keçirməyi qərara gəldik".

Qayıbov hələ ki, bəzi sualların olduğunu deyib: "Məsələn, azarkeşlərin olması, tibbi və təhlükəsizlik tədbirləri, səyahət, yerləşmə və s. İdmançıların təhlükəsizliyini təmin etmək və COVID-19-a qarşı effektiv profilaktik tədbirlər hazırlamaq üçün yerli Təşkilat Komitəsi ilə çalışmağa davam edəcəyik.

Vəziyyəti davamlı qiymətləndirəcək və yuxarıda göstərilən məsələlərin həlli üzərində çalışacağıq. Daha sonrakı gün vəziyyət daha da etibarlı hesab olunmasa, buna uyğun reaksiya verəcəyik.

Məsləhət görürəm ki, federasiyalar uçuşları sifariş edərkən bütün amilləri nəzərə alsın. Həm də yarışlara ev sahibliyi edən federasiyalardan xahiş edirəm ki, çempionatlar ləğv edilərkən iştirakçıların maliyyə itkilərinin qarşısını alsınlar".

Digər Xəbərlər
Xəbər Lenti