Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana verildi

3 Dekabr 2019 11:45 Digər növlər 551
Beynəlxalq Gimnastika Federasiyasının bayrağı Azərbaycana verildi

Yaponiyanın paytaxtı Tokio şəhərində start götürmüş batut gimnastikası üzrə 34-cü dünya çempionatı sona çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycanı yarışlarda batut gimnastikası üzrə yığma komandanın üzvləri Ruslan Ağamirov, İlya Qrişunin və Oleq Piunov təmsil edib.

Gimnastlar ən yaxşı nəticəni sinxron proqramda göstəriblər. Ruslan və İlya cütlüyü 34 komanda arasında 18-ci yerdə qərarlaşıb.

Çempionatın həm açılış, həm də bağlanış mərasimi ölkəmiz üçün əlamətdar olub. Belə ki, açılış mərasimi zamanı ölkəmizi yarışlarda hakimlər arasında təmsil edən Kamil Quliyev yarışın hakimləri adından and içib.

Bağlanış mərasimində isə Beynəlxalq Gimnastika Federasiyasının bayrağı növbəti Dünya Çempionatı üçün Azərbaycana təqdim edilib. Bayrağı Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov və Azərbaycan Gimnastika Federasiyasının batut gimnastikası üzrə idman meneceri Fatimə Şəfizadə qəbul edib.

Batut gimnastikası üzrə Dünya Çempionatına 2021-ci ildə Azərbaycan ev sahibliyi edəcək. Həmin ilin 11-14 noyabr tarixlərində batut gimnastikası üzrə 35-ci Dünya Çempionatı, 19-22 noyabrında isə bu növ üzrə 28-ci Dünya Yaş Qrupu Yarışları təşkil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti