AÇ-da uğurla çıxış edən gimnastlarımız necə qarşılandı? - VİDEO+FOTOREPORTAJ

6 Noyabr 2019 00:56 Digər növlər 601
AÇ-da uğurla çıxış edən gimnastlarımız necə qarşılandı? - VİDEO+FOTOREPORTAJ

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar.

Sportinfo.az xəbər verir ki, gimnastlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndələri, yaxınları və jurnalistlər qarşılayıblar.

Gənclər yaş qrupunda mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərində bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Gimnastlarımız qitə birinciliyində tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük temp və balans hərəkətlərində bürünc medala yiyələnib.

Akrobatlarımız ilə eyni vaxtda Belçikanın Gent şəhərində keçirilən “Happy Cup” beynəlxalq turnirində iştirak edən bədii gimnastlarımız da Vətənə qayıdıblar. Turnirdə 2009-cu il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər İbrahimova həm çoxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb.

Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla yarışlarda fəxri kürsünün birinci pilləsinə yüksəlib. Hər iki gimnast yarışa ciddi hazırlaşdığını, əsas rəqiblərinin Rusiya, Ukrayna, Macarıstan və Belçika idmançılarının olduğunu deyiblər.

Digər Xəbərlər
Xəbər Lenti