“Bir neçə klubumuz olub, onları bərpa etməyə çalışacağıq" - Yeni prezident seçilən

22 Dekabr 2021 23:00 Digər növlər 805
“Bir neçə klubumuz olub, onları bərpa etməyə çalışacağıq" - Yeni prezident seçilən

Azərbaycan Avarçəkmə Federasiyasının ümumi yığıncağı keçirilib.

Sportinfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Azərbaycan Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat verib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib.

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Azərbaycan Avarçəkmə Federasiyasının yeni prezidenti seçilib.

Yığıncaqda həmçinin Kamil Hüseynov və Fərid Əmirov vitse-prezident, Leyla Əliyeva və Rəhman Xanlarov isə İdarə Heyətinə üzv seçiliblər.

"Bu, mənim üçün böyük etimaddır. Buna görə minnətdaram. Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Avarçəkmə sahəsində böyük nailiyyətlərin əldə olunması üçün əlimizdən gələni edəcəyik".

Vüqar Əhmədov bildirib ki, təkcə Mingəçevirdə deyil, digər bölgələrdə də gəncləri bu idman növünə cəlb edəcəklər:

"Mingəçevirdə olduq, orada avarçəkmənin inkişafından xəbərdarıq. Bakı, Bakı ətrafı və Şirvanda bu sahənin inkişafına, nailiyyətlərin əldə olunmasına çalışacağıq".

Əhmədov bu sahə ilə ciddi məşğul olacaqlarını vurğulayıb:

"Baxmayaraq ki, bu sahə bizim üçün yenidir. Təkcə Mingəçevir üzərində sistem qurulmayacaq. Hətta Qarabağda da bunu edəcəyik.

30 ildən sonra torpaqlarımız azad olunub. Orada genişmiqyaslı işlər görəcəyik. İndidən hazırlaşmaq lazımdır. İlkin olaraq, dekabrın 24-də federasiya əməkdaşları ilə görüşəcəyik.

Bu, çox gözəl sahədir. Təkcə Mingəçevirlə olmaz. Bir neçə klubumuz olub, onları bərpa etməyə çalışacağıq".

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə təyinatla bağlı bunları söyləyib:

"Ümid edirəm ki, federasiya fəaliyyətini gücləndirər, qarşıdakı olimpiadada iştirakı təmin edə bilərik. 2032-ci ildə isə medal gözləmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"