"Ağlayırlar, cəzadan qorxduqları üçün yalvarırlar" - FOTOLAR

4 Fevral 2021 17:40 Digər növlər 667
"Ağlayırlar, cəzadan qorxduqları üçün yalvarırlar" - FOTOLAR

2020-ci il idman dünyası üçün olduqca ağır alındı.

Pandemiyaya görə bir sıra yarışlar təxirə salındı.

Amma UFC tək-tük təşkilatlardan oldu ki, pandemiyaya adaptasiya olunmağı bacardı.

Digər idman növləri dayandırıldığı halda, UFC azarkeşləri döyüşlərlə sevindirdi. Deyn Uayt bu yöndə fantastik iş gördü və indi uğurunu daha da inkişaf etdirmək istəyir.

2021-ci il də möhtəşəm başladı. Konorun Pore ilə döyüşü 1,6 milyon abunə gətirdi ki, bu da 3-cü nəticə sayılır. Yalnız Makreqorun Dias və Həbiblə döyüşündə daha çox abunə olub. Qarşıda isə daha əyləncəli döyüşlər var: Usman-Berns, Adesanya-Blaxoviç, Mioçiç-Nqannu, Consun ağır çəkidə debütü və s.

Uayt əllərini məmnuniyyətlə ovuşdurur, həm də təşkilatın ən böyük düşmənlərini – internet piratlarını hədələyir. Qanunsuz internet yayımları minlərlə izləyici toplayır və UFC külli miqdarda vəsait itirir. Uayt 2021-ci ildə piratları müharibə gözlədiyini bildirib:

“Bu uşaqlar, həqiqətən sosial mediada yaxşıdırlar, amma yaxalandıqda ağlayırlar. Cəzadan qorxduqları üçün mərhəmət diləyirlər. Təşkilatımız həmişə quldurlara qarşı mübarizə aparıb.

2021-ci ildə sizin üçün bir sürprizimiz var. Görək sizi yaxaladıqda nə qədər yaxşı oğlan olduğunuzu göstərə biləcəksinizmi?”

Qanunsuz yayımlardan UFC-nin nə qədər itirdiyi haqda dəqiq rəqəm söyləmək çətindir. Amma 2011-ci ildə təşkilat elan etmişdi ki, illik itki 30 milyona yaxındır. İndi isə rəqəmin bir qədər də böyüdüyü bildirilir.

UFC-nin ESPEN-lə əməkdaşlığından sonra azarkeşlər xidmətin yaxşılaşdığını deyirlər. amma əvəzində qiymət qalxıb – 65,99 dollardan 69,99 dollara.

Sosiala şəbəkələrdə azarkeşlər narazılıq edirlər. bildirirlər ki, UFC-nin bütün döyüşlərinə baxmaq 1000 dollara başa gəlir. Bunun üzərinə digər təşkilatların da döyüşləri gələndə rəqəm çox böyüyür. Amma bu arqumentlər Uaytı maraqlandırmır. O, “müharibə” dilinə üstünlük verir:

“Haydı, internet kanalları şənbə günü xətti açın və görün nə baş verir. İlk dəfə bu xəbərdarlığı edəndə həmin uşaqlar mənə gülürdülər. Ona görə də, onlardan birini seçdim və cəzalandırmaq qərarına gəldim.

Bilirsiniz nə oldu? Onu tapdıq. Evini, telefon danışıqlarını izləyirik. Şənbə günü yayına qoşularsa, cinayət başında tutulacaq”.

Etiraf edək ki, internet piratlarına nəzarət etmək çox çətindir. Əvvəllər piratlar mağazalarda satılan kaset və DVD-lərdən istifadə edirdilər. Amma Uayt onlarla mübarizədə müəyyən uğura nail olub.

2014-cü ildə bir pirat UFC döyüşünü izləyicilərinə yükləyərkən tutuldu. Məhkəmə 27 yaşlı amerikalıya 32 milyon təzminat kəsdi. Amma o, bu məbləği ödəmədi. Məhkəmə çəkişməsi barışıqla yekunlaşdı. Həmin şəxs üzr istədi və piratlarla mübarizədə UFC-yə kömək edəcəyinə söz verdi.

UFC piratlarla mübarizəyə milyonlar sərf edir, amma Uayt tam qələbənin də mümkünsüz olduğunu etiraf edir:

“Onlar heç vaxt yox olmayacaqlar. Bütün interneti blok edə bilərsiniz, ancaq kölgə sənayesi yaşayacaq. Sadəcə onlardan bir-ikisini tutmaq istəyirəm. Bunu səbirsizliklə gözləyirəm”.

Keçən ilin dekabrında ABŞ-da qanunsuz yayımla bağlı qanuna dəyişiklik edildi. Buna görə sanksiyalar artdı, üstəlik qanunsuzluğa görə həbs cəzası da tətbiq olunacaq (10 ilə qədər). Qanuna dəyişiklik piratlarla mübarizədə Uayt üçün əlavə üstünlükdür.

UFC ilk növbədə Amerika bazarı uğrunda mübarizə aparır. Amma digər ölkələrdə vəziyyət daha acınacaqlıdır. Əslində Uayt çox sərt olmaqla da risk edir.

Tamaşaçı sədaqəti vacibdir və interneti məğlub etmək də asan deyil. Hər döyüş üçün 70 dollar ödəyə bilməyənlərin internetdə link axtarması başadüşüləndir.

Uayt bir qədər də sərt olsa, internet ona qarşı birləşə bilər. Belə olacağı təqdirdə, Uayt öz azarkeşləri ilə döyüşməli olacaq. Bun isə onun hazır olduğu güman edilmir.

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti