“Bizi görəndə çox sevinirlər” - çempiondan növbəti nümunəvi addım

15 Yanvar 2021 19:40 Digər növlər 648
“Bizi görəndə çox sevinirlər”  - çempiondan növbəti nümunəvi addım

London-2012 Yay Paralimpiya Oyunlarının qalibi, həmçinin dördqat gümüş mükafatçısı və dünya rekordçusu Natali Rəcəbli daha bir nümunəvi addımla diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı paralimpiyaçı Vətən müharibəsində Azərbaycanın tarixi zəfər qazanmasında böyük pay sahiblərindən olan, canlarını fəda edən şəhidlərimizin ailələrinə baş çəkir.

“Həmrəy ol, qalib ol” adlı layihənin təsisçisi olan Rəcəbli ailəsi bu dəfə şəhid Sübhan Cəbrayılovun evini ziyarət edib. Onlar Vətən torpaqlarının işğaldan azad olunmasında böyük şücaət göstərən mərhum baş gizirin oğlu Rahimin doğum günündə ailəyə baş çəkiblər. Natali Rəcəbli bunu özləri üçün vətəndaşlıq borcu hesab etdiyini bildirib: “Onlar öz övladlarını burada qoyub xalqımız üçün döyüşə gediblər. Bizim də borcumuz bu uşaqların yanında olmaqdır. Buna qədər həmin ailəyə iki dəfə baş çəkmişdik. İlk dəfə gedəndə sadəcə şəhid ailəsi olduğunu bilirdik, tanımırdıq. Yoldaşı Sübhanın Aprel döyüşlərində də iştirak etdiyini bildirdi. Həm də idmanla məşğul olub. Ailədə hər şey var, yardıma ehtiyacları yoxdur. Həmişə zəng edirik ki, nəyəsə ehtiyac varmı? Yoldaşı da deyir ki, heç nə lazım deyil, siz nəsə gətirəndə utanıram. Çox cəsur, mərd xanımdır. Sadəcə, əliboş getməmək üçün uşaqlara hədiyyələr aparmışıq. Dünən də qəhrəman şəhidimizin oğlu Rahimin doğum günü idi, bu xoş gündə yanlarında olmaq istədik. Bizi görəndə çox sevinirlər. Çalışırıq tək olmadıqlarını bilsinlər”.

Paralimpiyaçı əlavə edib ki, şəhidin qızını rəssamlıq məktəbinə yazdıracaq: “Qızı Fidan rəssamlığı xoşlayır. Pandemiya bitdikdən sonra onu rəssamlıq məktəbinə yazdıracağam. Artıq hər şeyi danışmışam”.

Natali Rəcəblinin həyat yoldaşı, keçmiş cüdoçu Cəsur Rəcəbli də öz təəssüratlarını bölüşüb: “Biz o ailənin evində olan zaman digər cəsur şəhidimiz, “Vətən uğrunda” medalı ilə təltif olunan Mehrab Niftəliyevin də qızının orada olduğunu gördük. Halbuki onları da çoxdan idi axtarırdıq. Şuşa necə ki, Azərbaycan üçün vacib şəhərdir, qəhrəmanlarımız onu da tarixi döyüşlə qaytardılar. Müharibənin iştirakçıları, qəhrəmanları da xüsusi insanlar olub. Buna onların ailələrinə baş çəkdiyimiz zaman şahid oluruq. Onlar tam başqa dünyanın insanları olublar. Onların övladları ilə görüşlərə öz övladımızı da aparırıq. Məqsədimiz odur ki, oğlumuz da baş verənləri dərk etsin, o uşaqların atalarının necə qəhrəmanlıq etdiklərini bilsinlər”.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü baş gizir Sübhan Cəbrayılov Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın, Qubadlının işğaldan azad olunmasında iştirak edib. Oktyabrın 19-da Qubadlı uğrunda gedən şiddətli döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 23-də isə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Vətən uğrunda” medalı və “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

Digər Xəbərlər
Xəbər Lenti