“Nyukasl”ın baş məşqçisi Eddi Hou komandanın müdafiəçiləri Tino Livramento və Sven Botmanın durumuna dair açıqlama verib.
Sportinfo.az “sağsağanlar”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı Livramentonun yaxşı bərpa olunduğunu, Botmanın isə qarşıdakı matçda oynaya biləcəyini deyib:
“Tino yaxşı bərpa olunur, amma düşünmürəm ki, onun martın əvvəlinə planlaşdırılan qayıtmasını əhəmiyyətli dərəcədə qısalda bilərik.
Botmana gəldikdə isə yaxşı xəbər var: o, qarşıdakı oyuna hazır ola bilər”.
Livramento bu mövsüm bütün yarışlarda 19 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.
25 oyuna çıxan Botman isə 1 qol və 1 məhsuldar ilə yadda qalıb. “Nyukasl” fevralın 21-də, Premyer Liqa çərçivəsində “Mançester Siti”nin qonağı olacaq.
“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Bakıda “Qarabağ”ı 6:1 hesabı ilə məğlub edib. Cavab matçı fevralın 24-də İngiltərədə keçiriləcək.

