“Ağdamda məzarları ziyarət edib, dualarımızı oxuyacağıq”

20 Noyabr 2020 18:10 Bizimkilər 288
“Ağdamda məzarları ziyarət edib, dualarımızı oxuyacağıq”

Bu gün Azərbaycan Ordusunun Ağdam rayonuna daxil olması ölkə ərazisində sevinclə qarşılanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam sakini olan vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar edir, Ali Baş Komandana və Ordumuza təşəkkür edirlər.

Onlar arasında Ağdamdan olan Azərbaycan mədəniyyətinin tanınmış simaları da yer alıb.

Xalq artisti Mənsum İbrahimov sosial şəbəkədə Ağdamın görüntüsünü paylaşaraq “Gözümüz aydın olsun, artıq Ağdam bizdədir”,- şərhini yazıb.

Xalq artisti Aygün Bayramova sözügedən xəbəri instaqramda yayaraq xoşbəxt olduğunu bildirib: “Allaha şükürlər olsun. Bu gün çox xoşbəxtəm. Şəhidlərimizin ruhu şad olsun, Qarabağ Azərbaycandır!”

Müğənni Günel Zeynalova instaqramda qeyd edib: “Gözümüz aydın olsun. Ağdamım! Qarabağın gözü, gözəllik guşəsi! 30 illik həsrət sona çatdı. Baba yurdum, artıq azadsan. Bizim idin, yenə də bizimləsən. Əvvəlcə, atam, anamın gözü aydın olsun. Dədələrimizin məzarlarını ziyarət edib dualarımızı oxuyacağıq”.

Müğənni-bəstəkar Tunar Rəhim instaqram platformasında öz ifasını paylaşaraq bildirib: “30 il “Qarabağ” oxudum! İnşallah, artıq o ifamı niskilsiz, həsrət çəkmədən vətənimdə, Ağdamımda, Qarabağında oxuyum. Arzuma çatdım! Prezidentim İlham Əliyevə sonsuz təşəkkür edirəm!! Təbriklər, qardaşlarım, gözün aydın, Azərbaycan”.

Digər Xəbərlər
Xəbər Lenti