"Millinin formasını geyinəcəm və əsas oyunçularından olacam"

9 Noyabr 2021 19:20 Bizimkilər 963
"Millinin formasını geyinəcəm və əsas oyunçularından olacam"

Türkiyədə “Keçiörəngücü”də çıxış edən Vüsal İsgəndərli yenidən fərqlənməsi ilə gündəmə gəlib.

O, komandasının uğursuz çıxışı fonunda özünü heç də pis göstərmir.

1-ci liqanın 12-ci turunun “Gənclərbirliyi” (2:0) ilə oyununda komandasının ilk qoluna imza atan yarımmüdafiəçi Türkiyə karyerasında üçüncü qolunu vurmuş olub.

İstedadlı yarımmüdafiəçi baxımlı qolla fərqləndiyi oyun haqqında fikirlərini Sportinfo.az-la bölüşüb:

"Allaha şükürlər olsun ki, yenidən fərqlənməyi bacardım. Əsas heyətdə oynadım və ya ehtiyatdan oyunda girdim, güvən olduğu zaman özümü yaxşı tərəfdən göstərəcəm.

Belə çətin durumda komandamın qələbəsində pay sahibi olduğum üçün xoşbəxtəm. Qolumu anama həsr edirəm. Hər zaman ən böyük dəstəyi, mənə güvənən ailəmdən görmüşəm".

İsgəndərli hər nə qədər uğurlu oyunlar keçirsə də milli komandaya yenə dəvət almadı. Görəsən, Canni De Byazinin belə qərəzli münasibəti nə ilə bağldır?

Vüsalı dinləyək: "Artıq milli komanda haqqında danışmaq istəmirəm. Çağrılmadığım üçün günah məndə olsun, problem yoxdur.

Mən özümə güvənirəm. Milli komandanın formasını geyinəcəm və əsas oyunçulardan olacam. Bu gün yoxamsa, deməli, belə məsləhətdi".

Digər Xəbərlər
Xəbər Lenti