“Azərbaycanın doqquz şəhəri yer üzündən silinib”

24 Sentyabr 16:50 Bizimkilər 562
“Azərbaycanın doqquz şəhəri yer üzündən silinib”

“Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edir ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi”.

Sportinfo.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, təqribən 30 illik işğal ərzində Ermənistan qəsdən bütün şəhər və kəndləri dağıdıb, bütün mədəni və dini abidələri viran qoyaraq, talayaraq, onları əsl urbisid - şəhərlərə qarşı genosid və kultursid - mədəniyyətə qarşı genosid nümunələrinə çevirib:

“Yəqin ki, İkinci Dünya müharibəsindən bəri şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib.

Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.

Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib. Bu isə bütün dünya müsəlmanlarına qarşı hörmətsizlikdir. Hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb.

Azad olunmuş ərazilərə səfərlər zamanı xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər Ermənistan tərəfindən törədilən vəhşiliyin şahidi olmuşlar. Şəhər və kəndlərin, o cümlədən Azərbaycan xalqına məxsus mədəni və dini irsin tamamilə dağıdılması beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb.

Azərbaycan tərəfindən hər bir ölkənin BMT-dəki nümayəndəliyinə şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab təqdim edilib. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması öz əksini tapıb”.

Digər Xəbərlər
Xəbər Lenti