"Bursaspor"lu futbolçuların Namiqlə problemi var?

20 Sentyabr 2021 14:00 Bizimkilər 1 667
"Bursaspor"lu futbolçuların Namiqlə problemi var?

"Bursaspor"da legioner həyatı yaşayan Namiq Ələsgərov dünən növbəti oyununu keçirib.

Ötən tur ehtiyatdan meydana çıxaraq 2 asistlə yadda qalan Ələsgərovu baş məşqçi Fatih Təkkə bu dəfə əsas heyətdə meydana buraxmışdı.

"Tuzlaspor"la səfər görüşünün ilk hissəsini Namiqin passivinə yazmaq olar. Bunun səbəbi isə onun komandasının ancaq müdafiə olunmaqla məşğul olması idi.

Yalnız 33-cü dəqiqədə "Tuzlaspor"dan İsmail Konukun qırmızı vərəqə almasından sonra "Bursaspor"un əl-qolu açıldı.

Buna kimi hesabın açılmamasına görə isə qonaqlar qapıçısı Canberk Yurdakula borcludur. Məhz onun fantastik çıxarışları komandasının dadına çatdı.

İkinci yarıya say üstünlüyü ilə başlayan "Bursaspor" oyuna öz ağırlığını qoymağa başladı. Rəqib qapısında ilk real qol epizodu da Namiq Ələsgərovun sayəsində yarandı.

Topu qəbul edib sürətlə cərimə meydançasına reyd edən futbolçumuzu rəqib müdafiəçi yalnız qayda pozuntusu ilə saxlamağı bacardı. Təyin olunmuş 11 metrlik zərbəni Batuhan Kor dəyərləndirə bilmədi.

İkinci yarının əvvəlini sol cinahda keçirən Ələsgərov 67-ci dəqiqədə Reagy Ofosun meydana çıxmasından sonra sağ cinahda görünməyə başladı.

Oyunun sonuna kimi qonaq komanda rəqib qapısında bir neçə real qol epizodu yarada bildi ki, həmin hücumların qurulmasında Namiq Əlsəgərov birbaşa iştirak etdi.

Təhlükəli hücumlar hər nə qədər Namiqin cinahından qurulsa da onun komanda yoldaşları sol cinahda çıxış edən Ofosun ilə hücum qurmağa daha çox meyl göstərirdilər. Əcnəbi futbolçu isə demək olar ona gələn bütün topları itirməklə məşğul idi.

"Bursaspor"60 dəqiqədən artıq meydanda azlıqda qalan rəqibinə qol vura bilməyincə görüş bərabərliklə başa çatdı. "Bursaspor" adına uğurlu oyun olmasa da Namiq Ələsgərovun əla oyun keçirdiyini deyə bilərik.

Görüşdən sonra klubun sosial şəbəkə hesablarından da azarkeşlər yalnız Ələsgərovun oyununu yaxşı olaraq qiymətləndirirdilər.

Matçdan sonra uğursuz nəticələrə görə baş məşqçi Fatih Təkkə istefaya göndərildi. Ümid edək ki, yeni baş məşqçi hücumların Namiq Ələsgərovla daha kəsərli olmasını futbolçularına başa salacaq. Belə də həm Namiq daha çox önə çıxacaq, həm də komandası ondan daha çox fayda görmüş olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti