Tural Yunanıstanda oturub, Elxan Məmmədova niyə təşəkkür etdi?

17 Sentyabr 2021 13:00 Bizimkilər 1 479
Tural Yunanıstanda oturub, Elxan Məmmədova niyə təşəkkür etdi?

Azərbaycanlı futbolçu Tural Bayramlı karyerasını Yunanıstanda davam etdirəcək.

İki gün əvvəl bu ölkənin 2-ci Liqasında mübarizə aparan “Perikos”la anlaşan 23 yaşlı yarımmüdafiəçi ikinci dəfə legioner həyatı yaşayacaq.

İşlərinin çox olmasına baxmayaraq, müsahibəyə razılıq verən Tural, Sportinfo.az-ın suallarını detallı cavablandırdı.

- “Perikos”a keçidin necə alındı?
- “Perikos”dan təklif gələndə o qədər də çox düşünmədim. Yenidən xaricdə oynamaq arzusunda idim. Açığı, o vaxt Latviyadan da qayıtmaq istəmirdim. Sadəcə, həmin vaxt “Dauqavpils”də elə durum yarandı ki, nəinki mən, komandanın yarısı klubdan ayrıldı. Vizanın müddəti bitənə kimi Latviyada qaldım, başqa bir klub ilə danışıqlar apardım. İşlər alınmadığımdan məcbur olub Azərbaycana qayıtdım. “Keşlə”də uğurlu movsüm keçirəndən sonra ötən il Türkiyənin Birinci Divizionunda oynamaq variantı yaranmışdı. Yenə də son ana kimi məni qane edəcək təklifi gözlədim. Ən sonda isə “Zirə” ilə müqavilə bağladım. Qətiyyən peşman deyiləm. Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etmək mənə çox şey verib. Sadıqov gözəl kollektiv formalaşdırdı, ona və məşqçilər korpusuna, kluba uğurlar arzu edirəm.

- Ölkə daxilindən maraqlanan klublar var idi?
- Mövsüm bitəndən sonra bir-iki variant ortaya çıxmışdı. Desəm ki, kimsə konkret müqavilə üçün çağırıb, yalan olar. Öncə də dediyim kimi, Avropada oynamaq arzusunda idim. Pandemiya zamanında Avropaya çıxmaq daha da çətinləşmişdi. Elə məsələlər var idi ki, adam heyrətə gəlirdi. Danışıqlar gedirdi, son anda nələrsə alınmırdı. Bir də görürdün hər şey müqavilə bağlamağa doğru gedir, yenə hansısa əmma çıxırdı ortaya. Mövsüm bitən kimi özüm üçün qətiləşdirdim ki, xaricdə oynamaq istəyirəm, Avropaya gedəcəm.

- Keçidinə kim vasitəçilik etdi?
- Uzun illər əməkdaşlıq etdiyim, güvəndiyim insanlar var menecment sahəsində. Latviya gedəndə də, ölkə daxilində klublara keçəndə də onlardan məsləhət alıb, əməkdaşlıq edirdim. Yunanıstan variantı da onların sayəsində ortaya çıxdı. Yaxın, dost saydığım insanlardır, onlar da mənim üçün yaxşılığdan başqa heç nə arzulamırlar. Bir də ki, pandemiya dönəmində viza almaq çox çətinləşib. Bu yerdə AFFA rəhbərləyinə, əməkdaşlarına minnətdaram. Sənəd işlərim çox yubanırdı, keçidim alınmaya da bilərdi. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova müraciət etdikdən sonra viza problemi tez bir zamana həll olundu və dəvət olunan vaxta qədər Yunanıstana çatdım.

- Klubun qarşısına hansı hədəf qoyulub?
- “Perikos” kifayət qədər zəngin tarixi olan klubdur. Katarini şəhəri kiçik olsa da, burada demək olar hamı idmanla yaşayır. Stadiona gedirsən, yüngül atletlka ilə məşğul olanlara doludur. Futbola sevgiləri də öz yerində. Klub rəhbərliyi ən yüksək hədəflərə iddialıdır. Təbii ki, Superliqaya çıxmaq əla olardı. Hələ yeni gəlmişəm, komanda ilə təzə-təzə tanış oluram. Onu bilirəm ki, Superliqa-2 adlanan aşağı dəstənin də səviyyəsi kifayət qədər yüksəkdir, burda bir çox tanınmış futbolçular çıxış edir.

- Müqavilə müddəti neçə illikdir?
- Gələn ilin iyunun sonuna kimi anlaşdıq. Mənim üçün yeni ölkədir, yeni təcrübədir. Görək, sonrası nəcə olacaq.

- Maliyyə şərtləri necədir? Azərbaycandakından çox qazanacaqsan?
- Belə deyim, “Zirə”də aldığım maaşa gəlmişəm. Burada bonuslar da ayrıca müzakirə olunur, klublar bonus sisteminə böyük önəm verir. Açığı, pul məsələsini qabartmamışam. Latviyaya gedəndə də maaşım yüksək deyildi. Avropada oynamaq, irəli getmək istəyirəm. Onu da deyim ki, məni burada əla qarşıladılar. Hamı maraq göstərir. Bunlar üçün da Azərbaycandan legioner cəlb etmək qeyri-adi bir olaydır.

- İnternet qaynaqlarında hələ də “Perikos”un futbolçusu kimi gösterilməmisən. Səbəb?
- Niyə ki? Mənə o qədər linklər atıblar yunan saytlarından. Sadəcə, adam dillərində heç nə anlamır, elə şəkillərimə baxıram. Maraq üçün “Vikipedia”da “Perikos”un səhifəsinə da baxa bilərsiniz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti