"Mahirin yanında ikinci hücumçuya ehtiyac var"

18 İyun 2021 11:00 Bizimkilər 1 676
"Mahirin yanında ikinci hücumçuya ehtiyac var"

"Mahir Emreli məşqlərdə gördüyümüz keyfiyyətini burada da sübut etdi.

Onun yaxşı texnikası var, oyunu oxuyur və son vuruşları effektivdir. Fərqlənmək üçün daim münasib vəziyyət axtarır və əla zərbələrə malikdir".

Sportinfo.az xəbər verir ki, bunu "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Avstriya Regional Liqasında çıxış edən "Bişofshofen"lə yoxlama matçında het-trik edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxışı barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis 24 yaşlı hücumçunun cərimə meydançasında yaxşı oynadığını bildirib:

"Rəqibin cərimə meydançasına daxil olmağı sevir. Bu da onu göstərir ki, Mahirin yanında ikinci hücumçuya ehtiyac var. Topla yaxşı oynadığından 3-5-2 sisteminə də uyğun gəlir".

"Bişofshofen"lə yoxlama oyunu "Legiya"nın 5:0 hesablı qələbəsi ilə başa çatıb. 60 dəqiqə meydanda olan Mahir Emreli 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti