Gələn ildən “böyük qayıdış” başlayır - Bərpa işləri sürətlənib…

15 Aprel 2021 17:50 Bizimkilər 1 555
Gələn ildən “böyük qayıdış” başlayır - Bərpa işləri sürətlənib…

Böyük qayıdış” uzaqda deyil. Dövlət başçısı məcburi köçkünlərin yurdlarına qayıtması üçün ilkin tarixi açıqladı.

Dövlət başçısı ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışı zamanı qeyd edib ki, məcburi köçkünlərin hamısının nə vaxt qaytarılacağını demək çətindir, lakin onlar mərhələlərlə geri qaytarılacaq:

"Böyük ehtimalla qayıdış infrastruktura yaxın olan kəndlərdən başlayacaq. Məsələn, Ağdam, Füzuli, Cəbrayılda xətlər, elektrik, su çəkmək daha asandır və yavaş-yavaş biz davam edəcəyik. Eyni zamanda biz Laçında hava limanı inşa etməyi düşünürük, çünki Laçına getmək asan deyil. Həmçinin Kəlbəcərə də yol çəkilir.

Mövcud yollar hazırda Rusiya sülhməramlılarının nəzarətindədir, biz bu yollardan istifadə edirik, lakin bəzən nə vaxt və necə, bəlli olmur. Bizim çoxlu tunellər tikməyə ehtiyacımız var. Beləliklə, dəqiq vaxt demək mənə çətindir, amma bu iş mərhələlərlə aparılacaq. Ümid edirəm, gələn ildən başlayaraq ilk məcburi köçkünlər artıq öz torpaqlarına qaytarılacaq”.

Bəs görəsən, bu prosesə hazırlıq hansı mərhələdədir, dövlət qurumları nə kimi işlər görür? Məcburi köçkünlərin bu barədə fikirləri nələrdir?

“Yeni Müsavat” aidiyyəti qurumların həyata keçirdiyi tədbirləri araşdırıb. Dövlət başçısının da qeyd etdiyi kimi, ilkin mərhələdə kommunal imkanların yaradılması, elektrik, su və yolun çəkilməsi işləri aparılmalıdır. Hazırda prezidentin tapşırığına uyğun olaraq bu istiqamətdə işlər sürətləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, bu qurum yol çəkilməsinə hələ müharibə yekunlaşmamış başlayıb: “Vətən müharibəsi davam edə-edə dövlət başçısının tapşırığına uyğun olaraq Tərtər, Suqovuşan, Talış kəndləri istiqamətində yol çəkilişinə başladıq. Artıq müharibənin bitməsindən qısa müddət sonra - dekabr ayının 20-də həmin istiqamətdə 29 km yol tam olaraq tikildi, hazırda da istifadədədir. Qələbədən 1 həftə sonra dövlət başçısının tapşırığına uyğun olaraq Füzuli -Şuşa istiqamətində zəfər yolunun inşasına başlanıldı. Hazırda orada sürətlə işlər davam etdirilir. İki hərəkət zolağı enində çəkilir. Ordumuzun Şuşanın azad edilməsinə qədər özünə cığır açdığı bir yol idi. Həmin yol genişləndirildi və biz planlaşdırmışıq ki, avqust ayının sonuna qədər həmin yol asfaltlanıb istifadəyə verilsin.

Buna paralel olaraq ölkə başçısı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Füzuli-Şuşa magistral yolunun təməlini də qoydu. Zəfər yoluna paralel olaraq, 6 və 4 zolaqlı , birinci texniki dərəcəli yol inşa olunur. Həmin yolun 2022-ci ilin sonuna, 2023-cü ilin əvvəlinə qədər tikilib istifadəyə verilməsi təmin olunacaq”.

Anar Nəcəfli efirdə kövrəldi, danışa bilmədi — VİDEO | KONKRET

A.Nəcəfli həmçinin qeyd etdi ki, hazırda bir neçə yol layihələndirmə mərhələsindədir: “Ölkə başçısı Füzuli və Xocavənd rayonlarına səfəri zamanı orada Füzuli –Hadrut və Hadrut –Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Səfərdən dərhal sonra həmin yolların tikintisinə start verildi, hazırda da işlər davam etdirilir. Bizim daha bir yolumuz Xudafərin-Qubadlı-Laçın yoludur ki, artıq o yolun da inşasına başlanılıb. Daha bir layihəmiz Kəlbəcər istiqamətində olan yol idi ki, ilkin mərhələdə işlərə başlanılıb, həmçinin hazırda layihələndirmə işləri aparılır. Murovdağ silsiləsini keçməklə tunellərin inşası və Kəlbəcər –İstisu istiqamətində, o cümlədən Kəlbəcər-Laçın istiqamətində yolun inşası layihələndirmə mərhələsindədir. Hadrut –Cəbrayıl-Şükürbəyli avtomobil yolu və Xudafərin-Qubadlı-Laçın yolu başlanğıcını bizim Hacıqabul–Mincivan-Zəngəzur avtomobil yolundan götürür. Magistralın Horadiz-Mincivan-Zəngəzur hissəsinin də layihələndirilməsi aparılır ki, o yol da yenidən tikilməlidir. Bunlar ilkin layihələrdir, yəqin ki, növbəti mərhələdə digər layihələr də işlənib hazırlanacaq”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin Anar Cəbrayıllı da “Yeni Müsavat”a açıqlamasında artıq xüsusi əhəmiyyətli nöqtələrin su ilə təminatının həyata keçirildiyini, növbəti mərhələdə isə ayrı-ayrı rayonların baş planına uyğun olaraq su xətlərinin çəkiləcəyini qeyd etdi: “Su təminatı ilə bağlı xidməti təşkil etmişik. Hadrutda, Şuşada su mənbələrini təftiş etdik, orada lazım olan işləri gördük. Həmçinin su xətlərini təftiş etdik, qəza hallarını aradan qaldırdıq. Bu gün Şuşaya 2 mənbədən – həm Zarıslıdan, həm kiçik Kirs mənbəyindən su veririk. Hadrutu su mənbəyi ilə təmin etdik. Qubadlıda, Zəngilandakı hərbi hissələrimizi, sərhəd xidmətlərimizi , Füzulidə, Cəbrayılda yerləşən hərbi hissələri su ilə təmin etdik, su xətlərini işə saldıq. Bu gün həmin bölgələrdə xidmət aparan heyət onlardan istifadə edir. Hadrutdakı monitorinq mərkəzini də su ilə təmin etdik, tullantı suları üçün də infrastruktur yaradıldı. Növbəti mərhələdə Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin salınması ilə bağlı baş plan hazır olduqdan sonra biz layihələndirmə işlərinə başlayacağıq. İlk növbədə hansı rayonda nə qədər həyət evi, nə qədər çoxmərtəbəli bina olacaq, onlar bəlli olduqdan sonra layihələndirmə aparılacaq”.

Qeyd edək ki, işğaldan azad olunan ərazilərin elektrik enerjisi ilə təminatı istiqamətində də artıq xeyli işlər görülüb. Bu barədə zaman-zaman mətbuatda gedən məlumatlara nəzər salsaq görərik ki, artıq ilkin mərhələdə əksər ərazilərə elektrik təminatı həyata keçirilib. Hələ müharibənin gedişi dövründə Cəbrayılın şəhər mərkəzinə elektrik xətti çəkildi. Oradan Hadrut qəsəbəsinə, Xocavənd rayonu ərazisi və ətraf kəndlər elektrik enerjisi ilə təmin olundu. Ardınca Hadrutdan Şuşaya elektrik xətti çəkilib. 37 gün ərazində Füzulidən Şükürbəyli stansiyasından Hadruta, oradan da Şuşaya elektrik enerjisi verildi. Daha sonra Laçında istifadəyə verilən yarımstansiya mənbə kimi götürülməklə Qubadlıya, Zəngilana elektrik xətləri çəkilib. Ağdamda monitorinq mərkəzi elektrik enerjisi ilə təmin olunub. Hazırda Suqovuşana çox müasir avadanlıqlarla xətlər çəkilir. Qeyd edək ki, bu ilkin tələbatı ödəmək üçün, xüsusi əhəmiyyətli yerlərin elektriklə təminatı üçün həyata keçirilən işlərdir. Əhalinin yaşayışı üçün çəkiləcək xətlər isə hər rayon və qəsəbənin baş planına, əhali tutumuna, fəaliyyət göstərəcək obyektlərin, istehsal müəssisələrinin tələbatına uyğun olaraq həyata keçiriləcək.

Seymur VERDİZADƏ | AzPolitika — onlayn siyasi-ictimai qəzet

Azad olunmuş rayonlara məcburi köçkünlərin qayıtmasına gəlincə, Cəbrayıl rayonundan olan sabiq məcburi köçkün Seymur Verdizadə o torpaqlara qayıtmağa hazır olduqlarını, hətta bərpa prosesində iştirak etməyi arzuladıqlarını bildirdi: “Mən ötən gün Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarından qayıtmışam. Problem burasındadır ki, biz çox namərd bir düşmənlə üz-üzə qalmışıq, bütün ərazilər minalanıb. Təsəvvür edin ki, bizə bir neçə addımlıqdakı çəmənlikdən bir lalə dərməyə icazə vermədilər. Orada minaaxtaranlarla da bizim söhbətimiz oldu, onlar da etiraf etdilər ki, ərazilərin minalardan təmizlənməsi xeyli zaman tələb edəcək. Lakin Azərbaycan dövləti nə zaman əraziləri minalardan təmizləsə, nə vaxt infrastruktur qursa biz qayıdacağıq. Biz 2 aydan sonra da qayıtmağa hazırıq, ancaq müşahidələrim onu deməyə əsas verir ki, proses bir neçə il davam edəcək. Ola bilər ki, müəyyən yaşayış məntəqələri minalardan təmizlənsin, infrastruktur yaradılsın və köç başlasın. Ancaq istənilən halda Qarabağa 5 ailənin də qayıtması yeni dövrün başlanmasıdır, bu dünyaya verilən bir mesajdır. Böyük qayıdış üçün bütün işlər sürətləndirilməlidir. Mən də bir vətəndaş kimi bu iş üçün lazım olan hər cür fədakarlığı etməyə hazıram, əgər təklif gəlsə fəhlə də işləyərəm, daş da qaldıraram. Digər məcburi köçkünlər də bu quruculuq prosesində iştirak etmək istəyirlər”.

S.Verdizadə azad olunan rayonların bərpa planı hazırlanarkən yerli sakinlərin də fikirlərinin öyrənilməsini zəruri hesab edir: “Mənim hökumətə bir təklifim var. Onsuz da insanlarımız hazırda işsizlikdən əziyyət çəkir. Arzu edərdim ki, bərpa prosesində yerli əhalinin iştirakı təmin olunsun. Məcburi köçkünlər yerli şəraiti, relyefi yaxşı bilirlər. Orada hansı məhsulların əkilib –becərilməsi, coğrafiyanı daha yaxşı bilirlər. Bərpa prosesində, kəndlərin yaradılmasında, gələcək məşğulluğun yaradılmasında məcburi köçkünlərin iştirakı bərpa olunmalıdır. Qarabağın yollarını tanımayan, Bakıda isti kabinetdən çıxmayan adamlar bu işləri təkbaşına həll etməsinlər. Mən bir media adamı kimi Qarabağ camaatının fikirlərini çatdırmağı özümə borc bildim. Müvafiq qurumlar bərpa sənədlərini hazırlayarkən yerli əhalinin rəyini də nəzərə alsınlar. Qələbədən 5 ay keçib, ancaq hələ də məcburi köçkünlərin rəyi öyrənilməyib. Əgər yerli əhalinin iştirakı təmin olunsa, biz dövlət başçısının dediyi vaxtda köçə başlaya biləcəyik. Yox məmurlar bu işi də yarıtmasalar bizim qayıdışımız ləngiyə bilər”.

Digər Xəbərlər
Xəbər Lenti