Futbolumuzun cəbrayıllıları sevinc içindədir - Bu rayonda komanda yaranacaqmı?

9 Oktyabr 2020 23:00 Azərbaycan Futbolu 964
Futbolumuzun cəbrayıllıları sevinc içindədir - Bu rayonda komanda yaranacaqmı?

Sportinfo.az xəbər verir ki, şanlı ordumuz 30 ilə yaxın düşmən tapdağı altında olan Cəbrayıl şəhərini və rayonun 9 kəndini erməni işğalından azad edib.

Bu xəbər bütün ölkə vətandaşlarının, xüsusilə də əslən Cəbrayıldan olan insanların sevincinə səbəb olub.

Odur ki, Cəbrayıldan olan futbol adamlarının bu xoş xəbərə münasibətini öyrəndik.

Səbuhi Səfiyarlı (futbol agenti): “Adam bilmir nədən başlasın, nədə qutarsın. Çoxdan biz cəbrayıllılar bu xəbəri gözləyirdik. Sentyabrın 27-dən bəri qulağımız səsdə, gözümüz yolda idi. Bir ay əvvəl kimsə desəydi ki, Cəbrayıl azad olunacaq, hardasa inamsızlıq ola bilərdi. Çünki 30 ilə yaxın idi“bu gün, sabah torpaqlar qayıdacaq” sözünü eşidirdik. Ancaq sentyabrın 27-də müzəffər ordumuzun həmlələrini görəndə, cəbhədən yayılan videoları izləyəndə, Ali Baş Komandanımızın inamlı çıxışını dinlıəyəndə, bizdə topraqlarımızın tezliklə geri qayıdacağına inam yarandı. Heç kimdə şübhə qalmadı ki, tezliklə dədə-baba torpağımıza qayıdacağıq. Çox şükür, biz cəbrayıllılar o günü gördük və eyni sevinci işğal altında olan başqa rayonlarımızın əhalisinə də yaşamağı arzulayıram. Ola bilsin, bizim yaşımız o qədər də böyük dövrü əhatə etmir və torpaq nisgilinin nə olduğunu o qədər də hiss etmirik. Ancaq yaşlı nəslin nümayəndələri məcburi köçkün statusu ilə barışmırdılar və qısa vaxtda öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdılar. Əslində elə biz - orta yaşlın nümayəndələri də Cəbrayıla qayıdacağımız günü böyük həsrətlə gözləyirik. Yenə deyirəm, şükür Allaha ki, Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuz, qalib generallarımız və igid əsgərlərimiz bizə o sevinci yaşatdılar. Torpaq həsrəti ilə dünyasını dəyişən ağsaqqal-ağbirçəklərimizə Allahdan rəhmət diləyib, Cəbrayıla qayıdacağımızı günü səbirsizliklə gözləyirik. Bir futbol adamı kimi çox istərdim ki, yaxın vaxtlarda Cəbrayıl təmsilçisi doğma rayonda ilk oyununu keçirsin. Cəbrayıllılar öz doğma komandasının oyununu izləmək üçün stadionun tribunalarını doldursunlar”.

Xaqani Məmmədov (Hakimlər Komitəsinin sabiq rəhbəri): “İnanın, nə deyəcəyimi, sevincimi sizə necə çatdıracağımı bilmirəm. Sentyabrın 27-dən, ordumuzun döyüşə başladığı ilk gündən hər an gözləyirdim ki, Cəbrayılın düşməndən azad olunduğunu elan edəcəklər. Dünən (srağagün) ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev televiziyada bu xəbəri xalqımıza çatdıranda bilmədim sevincimdən gülüm, yoxsa ağlayım. Nəhayət, biz o torpaqlara geri dönürük. Mən orta məktəbi bitirdikdən sonra Cəbrayıldan ayrılmışam. Ancaq bu günə kimi cəbrayıllı günlərimi xatırlayıram, orda keçirdiyim hər saniyəni, hər dəqiqəni, hər saatı xatırlayıram. Uşaqlıq, gənclik xatirələrimi sizinlə bölüşməmi məndən istəsəz, bu dəqiqə heç nəyi yadıma sala bilmərəm. O demək deyil ki, xatirəm yoxdu. Əksinə, doğulub boya-başa çatdığım yurdla bağlı o qədər xatirələrim var ki... Ancaq sizinlə danışan zaman qəhər məni boğur. Allahıma və dövlət başçısına təşəkkür edirəm ki, bizə bu sevinci yaşatdı. Cəbrayıl futbol rayonu olub. Bu gün neçə-neçə futbolçunun adını çəkə bilərəm ki, məhz bu rayonun yetirməsidi. İnşallah, o gün olsun ki, Cəbrayıl stadionunda oyun keçirilsin və mən də həmin görüşdə fit çalım. Onda əminliklə hakim karyerama son verdiyimi deyə bilərəm”.

Yaşar Abuzərov (veteran futbolçu): “Cəbrayılın işğaldan azad olunması ilə bağlı rəsmi xəbər çıxınca, o qədər sevindim, elə hisslər keçirdim ki, bilmirəm onu sizə necə izah edim. Bunu ancaq mənim kimi həmin hissləri yaşayan insanlar başa düşə bilər. Cəbrayılda doğulub boya-başa çatan insan üçün bundan yaxşı xəbər ola bilməz. O topraqları bizə qaytaran hər bir əsgərə, zabitə, başda Ali Baş Komandan İlham Əliyev olmaqla təşəkkür etmək istəyirəm. Bizə geri qayıtmağa icazə verilən gün doğma rayonuma dönməyi planlaşdırıram. Sizə bir etiraf da etmək istəyirəm. Dünən (srağagün) prezidentimiz İlham Əliyev bu xəbəri efirdə səsləndirincə, öz-özümə xəyal etdim ki, yenidən Cəbrayıldayam, rayonda yeni komanda yaradıram və həmin komanda ölkə çempionatında iştirak etmək üçün PFL-ə müraciət edir. Futbol adamı üçün bundan böyük xoşbəxtlik nə ola bilər?! Ordumuzun zəfər yürüşünün davam edəcəyini, işğal altında olan başqa rayonlarımızın da azad olunacağını gözləyirəm. Onda siz jurnalistlər Qarabağ derbilərindən yazarsız” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"