"Artıq ağrılarım azalıb, 1-2 günlük dərmanlarım qalıb"

8 Avqust 2020 18:20 Azərbaycan Futbolu 982
"Artıq ağrılarım azalıb, 1-2 günlük dərmanlarım qalıb"

Xəbər verdiyimiz kimi, millimizin sabiq yarımmüdafiəçisi Mirhüseyn Seyidov koronavirusa yoluxub.

Keçmiş futbolçunun səhhətinin necə olduğunu maraqlanmaq üçün özü ilə əlaqə saxladıq.

Sportinfo.az xəbər verir ki, Seyidov fanat.az-a açıqlamasında bildirdi ki, indi vəziyyəti yaxşıdır:

"Demək olar ki, düzəlmişəm. Bu gün müalicəmin 21-ci günü tamam oldu. Artıq ağrılarım azalıb. Sadəcə 1-2 günlük dərmanlarım qalıb. Onları da qəbul etdikdən sonra yenidən test verəcəm".

27 yaşlı sabiq futbolçu insanları koronavirusa yoluxmaya səbəb olacaq amillərdən ehtiyatlı olmağa çağırdı: "Məndə qan analizi neqativ çıxdı, amma ağrılarım olduğu üçün KT çəkdirdim.

O zaman ciyərimdə ləkə göründü. O da ən çox soyuqdan olur, boğazdan düşür. Deyəcəyim odur ki, hər kəs özünü əsas soyuqdan qorusun. İdmandan sonra, tərli vaxtda kondisionerdən, soyuq sudan, dondurmadan ehtiyat etsinlər.

Çünki bunlar təsir edir. Şükürlər olsun ki, məndə elə də ağır formada deyildi. Amma xoşagəlməz ağrılar var və bu hal adamı narahat edir. Bilmirsən ki, nədəndir: yorğunluqdan, yoxsa yuxusuzluqdan.

Hamı özünü qorusun. Əsas da evdə yaşlı valideynləri olanlar onlarla mümkün qədər çox təmasda olmasınlar. Bu arada Avroliqada çıxış edəcək komandalarımıza uğurlar. Bu il çətin ildir və bu çətin vaxtda millimizə, idmançılara möhkəm can sağlığı arzu edirəm".

2 gün sonra ad gününü qeyd edəcək Mirhüseyn bu ilki ad günü tədbirinin əvvəlki illərdən fərqlənməyəcəyini də qeyd etdi: "Həmişə necə keçibsə, bu il də elə olacaq. Heç vaxt böyük məclislərin tərəfdarı olmamışam.

Məclis üçün çəkilən xərclərin yarısını bu gün kiməsə kömək üçün istifadə etmək mənim üçün həm böyük hədiyyə, həm də sevindirici olar. Bu gün çətin dönəmdən keçirik. Maksimum çalışıb ehtiyacı olanlara dəstək olmalıyıq".

Son olaraq futbol mövzusuna qayıdaraq, PFL-in 21 avqustda ölkə çempionatına start vermək qərarına münasibət öyrəndik. Seyidovun fikrincə, qurumun bu addımı məqsədəuyğundur:

"Karantini uzatmaqla iş bitmir. Sadəcə qorunub qaydalara əməl etsək, mənə elə gəlir ki, problem olmayacaq. Nəzərə alsaq ki, qarşıda Avroliqa və millinin oyunları var, çempionat başlamalıdır. Yoxsa klublar bir yana, millimiz üçün çox çətin olar"

Xəbər Lenti