"Futbola baxmaq istədiyimi dedim, məni apardı otağına..". - Əsgəri Polad Həşimov haqda

15 İyul 2020 09:14 Azərbaycan Futbolu 1 463
"Futbola baxmaq istədiyimi dedim, məni apardı otağına..". - Əsgəri Polad Həşimov haqda

Sportinfo.az xəbər verir ki, jurnalist Seymur Kazımov şəhid olan general-mayor Polad Haşımov haqda xatirələrini bölüşüb.

Hərbi xidmətini onun komandirliyi altında başa vurduğunu deyən jurnalistin yazısını təqdim edirik:

General mayor Polad Həşimov mənim komandirim olub. Mərd zabit idi. Cəsur zabit idi. Əminliklə deyirəm, həm cəmiyyətimiz, həm də ordumuz üçün çox böyük itkidir. Təpədən-dırnağa zabit idi, nizamnamədən kənara çıxmazdı, amma bəzi hallarda əsgərin salamatı üçün güzəştə getməyi də vardı. Ünsiyyətimiz çox olub, amma 2 dəfə cəzasına da məruz qalmışam - bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim.

2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.
Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində bu xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik.

Onun haqqında çox şey danışa, yaza bilərəm. Qalanları məndə qalsın.

2018-ci ildə Talışdakı “Polad postu”nda oldum. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.
Təşəkkür edirəm, 2006-ci ildəki mayor, 2020-ci ildəki general mayor Həşimov! Allah rəhmət eləsin, qəbrin nurla dolsun, mənim generalım!

P.S Bir müddətdir buraya daxil olmuram, bunu yazandan sonra yenidən gedəcəyəm.... yazmaya, paylaşmaya bilməzdim...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı