Elxan Məmmədov sirli "sağ əli"ndən niyə imtina etdi?

14 İyul 2020 18:06 Azərbaycan Futbolu 921
Elxan Məmmədov sirli "sağ əli"ndən niyə imtina etdi?

AFFA bu gün texniki direktoru ilə yollarını ayırdı.

Texniki direktor Bernhard Lippertin müqaviləsi iyunun 30-da başa çatıb. Almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.

Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

Bernhard Lippert 2008-ci ilin fevralından AFFA-da işləyirdi. O, bura Almaniya Futbol İttifaqının (AFİ) təqdimatı ilə gəlmişdi. Həmin vaxt AFFA-ya yenicə təyinat alan Elxan Məmmədovun baş katib kimi ilk addımlarından biri AFİ ilə yaxınlaşmaq, onların məsləhətləriylə hərəkət etmək idi.

Bu əlaqələr hesabına Azərbaycana çoxlu sayda almaniyalı gəldi: istər məşqçi, istər funksioner kimi. Berti Foqts, Oliver Pilzer, Bernard Raab və digərlərini xatırlamaq kifayətdir.

Onların içində Lippert «ən uzunömürlü» oldu. Bu da təsadüfi deyildi. U-17 və U-21 yığmalarının baş məşqçisi kimi uğursuzluqlara düçar olması da mövqeyinə mənfi təsir etmədi. Əksinə, E.Məmmədov onu bir qədər də irəli çəkdi, bütün təzyiqlərdən qorudu.

Uzun illərdir AFFA-nın Texniki Direktoru olan Lippertin aylıq qazancı barədə az qala əfsanələr dolaşır. Onun maaşının 25-30 min avro təşkil etməsini dövrü mətbuat zaman-zaman diqqətə alıb.

Düzdür, almaniyalı bu rəqəmin üzərindən gülərək keçib və təsdiqləməyib. Amma federasiya rəhbərliyinin əməkhaqqı mövzusunda dalğın səssizliyi bu şübhələri bir qədər də artırıb və şübhələr yaradıb: bəlkə də o, maaş məsələsində «əlinin əli»yə razılaşıb.

Ya elə, ya belə – Lippert Məmmədovun «sağ əli» və vəziri sayılırdı. AFFA-nın baş katibi və icraçı vitse-prezidenti onsuz bir addım atmaz, məsləhətsiz iş görməzdi.

Bunu AFFA-dakıların hər biri bilir. Lippert federasiyanın gündəlik həyatı ilə yanaşı, bütün yaş qrupları üzrə yığmaların fəaliyyətinə müdaxilə edirdi.

Bir təyinat onsuz olmazdı. Əgər bir məşqçiyə «yox» deyirdisə, Məmmədov onunla mübahisəyə girişmir, razılaşırdı. Bu, belə idi: Lippert ondan sonra AFFA-nın ikinci möhkəm adamı hesab olunurdu.

Lippert illər uzunu ölkənin futbolu həyatına zərrə qədər fayda verməsə də, şəxsən Məmmədovun özü üçün çox iş gördü. Almaniya Futbol İttifaqı, həmçinin adıçəkilən qurumun vasitəsilə UEFA ilə əlaqələrini bir qədər də genişləndirdi, yeni münasibətilər müstəvisinə çıxartdı.

Məhz Lippertin pərdəarxası çalışmalarının nəticəsidir ki, Məmmədov Avropanın mərkəzi futbol təşkilatının üst mənsəb sahiblərinin diqqətini çəkib, işbirliyi qurmalarına şərait yaranıb. Texniki Direktorun «istifadə müddəti» buna kimi idi.

Lippertin Azərbaycandan ayrılması bizim üçün gözlənilməz oldu. Bu gedişin nəzərdən keçirilməsini xeyli müddət əvvəl – ötən ilin payızındsa qeyd etmişdik.

O zaman nə koronavirus pandemiyası var idi, nə də AFFA maliyyə çatışmazlığı ilə üzləşmişdi. Həmin vaxt hər şey qaydasında gedirmiş kimi görünürdü.

Lakin bilirdik ki, bu, nisbidir və yenilmk qapıdadır. Miloş Velebitin aşağı yaş qrupları üzrə yığmalara baş koordinator təyinatı Lippertin dayaqlarını sarsıtmışdı və Məmmədov artıq onunla deyil, serbiyalı yeni funksionerlə daha çox «him-cim» etməyə başlamışdı.

Bu yaxınlaşmanın almaniyalının sonunu gətirməsi zaman məsələsi idi və o fürsət indi dəyərləndirildi. Müqavilə məbləğinin azaldıla biləcəyi barədə eşidən Lippert ölkəsinə qayıtmaq istəyini büruzə verincə, 12 illik «əməkdaşlıq protokolu» burada bitdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!