Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb

13 İyul 2020 12:30 Azərbaycan Futbolu 811
Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb

Sportinfo.az xəbər verir ki, Azərbaycan futbolunda durğunluq yaşandığı dönəmdə dünyanın bir çox ölkələrində mövsüm davam etdirilir.

Diqqəti əcnəbi liqalara ayırmağımızın əsas səbəblərindən biri futbola ac qalmamağa görədisə, bəzi ölkələrdə azərbaycanlı futbolçuların top qovması faktı da mühüm rol oynayır.

Premyer Liqada komanda sayının azalması, birinci diviziona nəzarətin gücləndirilməsi və ən əsası, maliyyənin əvvəlki kimi olmamasına görədi ki, yerli futbolçular ac qalmamaq üçün şələ-şüləsini yığıb ölkəni tərk edir. Əvvəl belələrinin sayı barmaqla sayılacaq qədər az idisə, indi maşallah...

Yığmanın şərəfini qorumasına baxmayaraq, Azərbaycan futbolu ilə yaxından-uzaqdan əlaqəsi olmayan, futbolçu kimi yetişməsində əmək sərf etmədiklərimizlə işimiz yoxdu.

Məsələn, Riçard Almeyda, Pavel Paşayev, Dmitri Nazarov, Eddi İsrafilov, Renat və Rüfət Dadaşov kimi milli futbolçularına adamın “azərbaycanlı” deməyə dili gəlmir. Onları bu diyara birləşdirən yığma və pasport amilidi, başqa heç nə.

Ona görə də legioner mövzusunda əsasən özümüzkülərdən, yəni Azərbaycanda doğulan, futbolun sirlərinə gözümüzün qabağında yiyələnən, ürəyi vətənlə döyünən, hər fürsətdə qaçıb Bakıya gələnlərdən söz açacağıq. Ölkədən kənarda top qovan belələrinin sayı isə kifayət qədərdi.

Kamal Mirzəyev
Uzaq Küveytə gedişi sırf təsadüf nəticəsində baş tutmuşdu. Ötən yay “Əl-Salmiyə” adlı komanda təlim-məşq toplanışı üçün Qəbələyə gələndə eyniadlı təmsilçimizlə yoldaşlıq görüşündə qüvvəsini sınamışdı. Kamal uzun ayrılıqdan sonra “Qəbələ”yə qayıtmışdı və yeni mövsümdə köhnə-yeni komandasına kömək etmək üçün hazırlaşırdı. “Əl-Salmiyə”nin baş məşqçisi Kamalı gördü, bəyəndi və Küveytə getməsinə nail oldu.

Həmyerlimiz düz 1 ildi adı çəkilən ölkədədi. Komandasının aparıcı üzvünə çevrilməklə adından söz etdirməyi bacarıb. Bildiyimizə görə, məşqçilər heyəti və rəhbərlik müqaviləsini yeniləməkdə maraqlıdı. Lakin Mirzəyevin orda olması ona və ölkə futboluna nə qazandırır? Puldan başqa heç nə. Yəni Küveyt futbolu bir legionerin “artırması” baxımından doğru ünvan deyil. Məsləhətli çempionat olsaydı, Kamal yığma məşqçilərinin diqqətini çəkərdi.

Nicat Qurbanov
Legioner olması ilə qürur duyduğumuz tək-tük futbolçulardandı. Nicat da futbolsuz qalmamaq üçün ötən yay Gürcüstana yollanmış, həmin vaxt birinci divizionda mübarizə aparacaq “Samtredia” ilə anlaşmışdı. Nicatın və digər futbolçuların sayəsində adı çəkilən komanda elitaya vəsiqə qazandı.
27 yaşlı futbolçu bu gün də “Samtredia”dadı. Gürcüstan təmsilçisinin əsas heyətində yerini möhkəmlədib, oyunu ilə rəğbət qazanıb və ən əsası, 4 oyunda 2 qol vurmağa müvəffəq olub.

Gürcü futbolçuların Azərbaycana qaçdığı vaxtda bizimkinin orda “artırması” mümkünsüzdü. Ha “Samtredia”da oynadın, ha “Səbail”də - ciddi fərq yoxdu. İşin maraqlı tərəfi Nicatın öz oyunu ilə həm gürcülərə, həm də qonşu ölkədə yaşayan ermənilərə Azərbaycanda da bacarıqlı futbolçuların olmasını sübut etməsidi. Odu ki, Qurbanovu alqışlamağa və dəstəkləməyə dəyər.

Nurlan Novruzov
Vaxtilə ölkənin gənc və perspektivli futbolçularından sayılan, gələcəyinə böyük ümidlər bəslənən, 2014/15 mövsümündə “Bakı”nın heyətində vurduğu 15 qolla mövsümün bombardiri adını qazanan Nurlan Novruzov artıq iki ildi ölkədən kənarda top dalınca qaçır. Təxminən 1 il Türkiyənin BAL liqasında “Dersim 62 Spor”la “Şanlıurfa Bələdiyəspor”un uğurları üçün tər tökdü, daha sonra Moldovada “Dinamo-Avto”da çıxış etdi. Bu ilin əvvəlindən isə Estoniyada “Narva-Trans”da oynayır. Vaxtilə ölkə çempionatının bombardiri olmuş birini Türkiyənin həvəskar liqasında, Moldova, Estoniya kimi ölkələrin ortabablarında görməyin nə demək olduğunu izah etmək artıqdı. Adama Azərbaycan futbolunda yer yoxdu deyə, topun dalınca başqa ölkədə qaçır.
Amit Quluzadə

Müstəqillik tarixinin yeganə azərbaycanlı futbolçusudu ki, 6 fərqli ölkədə legioner həyatı yaşamağa imkan tapıb. Gənc yaşlarında özü haqda xoş fikirlər formalaşdıran, “Neftçi”də oynadığı dönəmdə “Fənərbaxça” rəsmilərinin diqqətini çəkən dayaq yarımmüdafiəçisi Berti Foqtsun dönəmində millinin formasını geyməyə imkan tapmışdı. Lakin sonradan kölgəyə çəkildi, əvvəlki Amiti xatırlatmadı.

Quluzadə 2011-ci ildən bu yana Türkiyə, Portuqaliya, Yunanıstan, Kosovo, Bosniya və Hersoqovina təmsilçilərinin şərəfini qorumağı bacarıb. İndi isə Moldova “Sperantsa”sının sıralarındadı. Yeni komandasında necə olacağını zaman göstərəcək. Lakin Amitin Türkiyə xaric, digər ölkələrin heç birində özünü doğrultmadığı, daha doğrusu, lazımi qədər oynamadığı acı reallıqdı. Bu gün-sabah 28 yaşı tamam olacaq. Bundan sonra legioner kimi nəsə edəcəyi, nələrisə öyrənəcəyi inandırıcı görünmür. O da digər həmkarları kimi futbolsuz qalmamaq üçün başqa yerdə top qovur.

Fərid Nəbiyev
Haqqında 1 faiz də olsa, ümidlə danışa biləcəyimiz legioner varsa, o da “Qəbələ”nin yetirməsi Fəriddi. Adam 2 ildən çoxdu Çexiyadadı. Düzdü, bir ara sənəd problemi üzündən icarə əsasında Gürcüstanda top qovmalı oldu. Lakin Fərid Nəbiyev deyəndə ağla istər-istəməz Çexiya, lap dəqiq desək, Praqa “Slaviya”sı gəlir.

“Slaviya”nın əsas heyətində debüt etmək imkanı olmasa da, ikinci komandanın aparıcı fiqurlarından birinə çevrildi, qolları sıraladı. Lakin oyun təcrübəsinin azlığından əziyyət çəkməməsi üçün Jijkov “Viktoriya”sına icarəyə verildi. Artıq xeyli vaxtda aşağı dəstədə “Viktoriya”nın uğurları üçün tər tökür və yetərincə oynamaq şansı qazanır. Cəmi 20 yaşı var, üstəlik, Çexiya kimi ölkədə skautların gözü qarşısındadı. Bu isə o deməkdi ki, sonrakı mərhələ Nəbiyevin özündən asılıdı. Oyunu və bacarığı ilə özü-özünə yol açmalıdı. Bundan gözəl şans ola bilməz.

Samir Qurbanov
O da Çexiyadadı, “Viktoriya”da Fəridin komanda yoldaşıdı. Ötən il “Qəbələ”nin Avropa təmsilçisinə icarəyə verdiyi yarımmüdafiəçinin 19 yaşı martda tamam olub. Yəni indiki məqamda Samirdən dağ yaratmağı tələb edə bilmərik. Ölkə xaricinə uyğunlaşmaq prosesini keçir, “artırmaq” üzərində çalışır. İcarə müqaviləsinin müddəti 2021-in yayına qədərdi. Yəni qarşıda daha bir ili var.

Ona görə də “Viktoriya”nın əsas heyətində möhkəmlənmədiyinə görə Samiri “asıb-kəsmək” absurddu. Dəstək olmalı, təkan verməliyik. Lakin eyni zamanda özü də əlinə bu yaşda hansı şansın düşdüyünü bilməlidi. Nəbiyev kimi, Qurbanova da böyük ümidlər bəslənilir. Bu gün onların xaricdə olmalarının səbəbi nə klubsuzluqdu, nə də pulsuzluq. Sırf uğurlu və baxımlı karyera ümidi ilə ailələrindən uzaq düşüblər. Bu yerdə hər ikisinə şans yaradan “Qəbələ” rəhbərliyinə və agentləri Vaqif Heydərliyə “təşəkkür” düşür.

Arziman Rizvanov
Vaxtilə “Neftçi”nin əvəzedicilərinin sıralarında olan, lakin sonradan uğurlu karyera dalınca Avropaya yollanan 20 yaşlı yarımmüdafiəçinin dayanacağı da Çexiya olmuşdu. Bir müddət “Ostrava”nın U-19-nun, ardınca “Bohemians”ın B komandasının sıralarında olan Arziman hazırda Ukraynadadı. Elita təmsilçisi “Olimpik”də özünə yer edə bilmədi deyə, aşağı dəstədə mübarizə aparan “Avanqard”a icarəyə verildi.

Yaşını nəzərə alsaq, Ukraynada Azərbaycan pasportu ilə çıxış edən və legioner sayılan həmyerlimizi də uğurlu legioner həyatı yaşamağa cəhd edənlərin sırasına əlavə edə bilərik. Bunun üçün isə ilk növbədə “Avanqard”da özünə yer edib, premyer-liqa təmsilçilərinin diqqətini çəkməlidi.

Nəticə
Ümumi mənzərə ilə tanış olduz. Girişdə də qeyd etdiyimiz kimi, nazarovların, almeydaların, paşayevlərın mövzuya aidiyyatı yoxdu. Konkret azərbaycanlı futbolçulardan söz açdıq. Bəlkə də unutduqlarımız oldu. Amma bu gün göz qabağında olanlarımız bunlardı. Aralarında pul qazanmaq üçün gedənlər də var, futbolsuz qalmamaq üçün səfərə çıxanlar da. Hətta uğurlu gələcəyə ümid edən gənclər də. Lakin heç bir halda fakt faktlığını dəyişmir: xaricdə barmaqla göstərə biləcəyimiz legionerimiz yoxdu!

Heç Dmitrisi, Eddisi, Rüfəti də barmaqla göstərilməyə layiq deyil. AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında isə, çox güman, yığmanı əcnəbi mütəxəssisə tapşırmaq ideyası müzakirə olunacaq. Ay binəvalar, bir azərbaycanlı futbolçu xaricdə üzümüzü ağ edə bilmir, fəxrlə göstərəcəyimiz legionerimiz yoxdu, siz də legioner məşqçi hayındasız (Futbol+)...

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda