"Mənsimov əlaqə saxladı, açığı, nə deyəcəyimi bilmirdim"

12 İyul 2020 19:40 Azərbaycan Futbolu 1 547
"Mənsimov əlaqə saxladı, açığı, nə deyəcəyimi bilmirdim"

Lənkəranlı futbol azarkeşlərinin 2010-cu ilin 8 iyul tarixini unutduğuna qətiyyən inanmağımız gəlmir.

Ona görə yox ki, “Olimpiya” ilə səfər qarşılaşmasından qolsuz bərabərliklə qayıdan “Xəzər Lənkəran” həmin komanda ilə Lənkərandakı oyunda Alan Lalinin 78-ci dəqiqədə vurduğu qol sayəsində hesabı 1:1 edib avrokuboklarla ilk cəhddə vidalaşmışdı.

Ona görə ki, həmin gün Avropa futbolu cənubun paytaxtında qədəm qoymuşdu. Düzdür, buna qədər Azərbaycan yığması DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Finlandiyanı məhz “Fırtınalar meydanı”nda qəbul etmiş, yerli futbolsevərlər stadionda boş yer qoymamışdı.

Lakin bir lənkəranlı üçün ”Xəzər Lənkəran”ın doğma stadionda xarici komandaya qarşı necə mübarizə apardığı canlı izləməyin nə olduğunu özlərindən yaxşı bilən olmaz.

Düzdür, cənublular buna qədər də avrokuboklarda iştirak etmək imkanı qazanmışdı. Lakin Lənkərandakı arena beynəlxalq oyunları qəbul etməyə hazır olmadığından “ağ-yaşıllar” “Nistru”, “Lex” və Zaqreb “Dinamo”sunu Bakıda qəbul etmişdi.

“Olimpiya” ilə qarşılaşma bu baxımdan başqalarından fərqlənirdi. Həm məkan, həm də növbəti mərhələyə olan ümid baxımından. Təəssüf ki, ortabab Moldova təmsilçisini yarışdan kənarlaşdırmaq mümkün olmamışdı.

“Olimpiya” ilə matçlardan əvvəl “Xəzər Lənkəran”ın düşərgəsində vəziyyət heç də ürəkaçan deyildi. Komandanın içində yaşananları təfərrüatı ilə bilməsək də, transfer məsələsində baş məşqçi Ağasəlim Mircavadovla klub rəhbərliyi arasında fikir ayrılığının yaşandığı dəqiq idi.

Yekunda mərhələnin keçilməməsinin günahkarı təcrübəli mütəxəssis bilinmiş, o da öz növbəsində oyundan dərhal sonra istefa verdiyini açıqlamışdı.

Həmin vaxt komandanın qol ümidləri Emeka Opara ilə Alan Lalin olsa da, 34 yaşlı Zaur Ramazanovdan da gözləntilər böyük idi. Zaur səfər qarşılaşmasında 86-cı dəqiqədə meydana çıxsa da, Lənkərandakı görüşün ilk dəqiqəsindən şans qazanmışdı.

Ötənlərin ünlü siması 2010-cu il iyulun 8-ni belə xatırlayır (Futbol+): “Düzü, tarix tam yadımda qalmayıb. Amma həmin dönəmi və oyunları yaxşı xatırlayıram. “Karvan”dan ayrılan vaxtlar idi, bir müddət futbolsuz qalmışdım.

Mövsümün yekununda “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazanmışdı. Ağasəlim Mircavadov da Avroliqa üçün komanda formalaşdırırdı. Bir gün Ağasəlim müəllim zəng edib məni komandada görmək istədiyini dedi. Ardınca Mais Mənsimov da əlaqə saxladı. Açığı, nə deyəcəyimi bilmirdim.

Uzun müddət futbolsuz qalmışdım deyə, risk etmək istəmirdim. Sadəcə, fərdi şəkildə məşq edirdim. Təkbaşıma məşq etməklə komandaya bacardığım qədər kömək edəcəyimə əmin deyildim. Üstəlik, Avstriyadakı toplanışda iştirak etməmişdim.

Elə oldu ki, Bakıdan birbaşa Moldovaya yollanmalı oldum. Hazır olmadığıma görə ehtiyatda qaldım, sona yaxın bir neçə dəqiqə oynadım. Lənkərandakı cavab görüşündə isə Ağasəlim müəllim motivasiya vermək üçün adımı start heyətinə saldı. Hamının içində demişdi ki, sən məşqsiz də bacaracaqsan.

İkinci yarının ortalarına kimi oynasam da, qol vura bilmədim. Futboldan uzaq düşməyim özünü göstərirdi. Buna baxmayaraq, həm səfərdə, həm də Lənkəranda saysız qol imkanlarımız oldu. Yazıq qapıçıları kənarlardan top gətirməkdən bezmişdi.

“Olimpiya” bizdən qat-qat zəif komanda idi, sadəcə, bəxtləri gətirdi. Mərhələ keçəndən sonra da elə sevinirdilər ki, sanki Çempionlar Liqasını qazanıblar.

Moldavanlarla oyunda bir günahkar var idisə, o da bəxt idi. Həmin görüş mənim üçün əlamətdar oldu, peşəkar karyeramda sonuncu oyun kimi tarixə düşdü.

Mərhələ keçə bilməyəndən sonra Ağasəlim Mircavadov istefa verdi, yerinə Mirça Rednik gəldi. Elə oldu ki, Rednik komandada qalmağımı istəmədi. “Xəzər Lənkəran”dan ayrıldım və karyeramı başa vurdum.

O ki qaldı “Xəzər Lənkəran” – “Olimpiya” qarşılaşmasının Lənkəran stadionunda ilk avrokubok matçı olmasına, vallah, xüsusi ab-havanın yaşanması yadıma gəlmir. Çünki lənkəranlı fanatlar adi çempionat qarşılaşmasında da tribunaları tam doldurub komandaya dəstək verirdilər.

“Olimpiya” ilə görüşdə də, sağ olsunlar, sona qədər yanımızda olduqlarını göstərmişdilər. Onlar üçün rəqibin adı, turnirin əhəmiyyəti maraqlı deyildi. “Xəzər Lənkəran” oynayırsa, vəssalam, stadion dolmalıydı”.

Digər Xəbərlər
Xəbər Lenti