Azərbaycanın bu rayonunda futbolu "ağladıblar": VİDEO+FOTOLAR

11 İyul 2020 12:47 Azərbaycan Futbolu 1 749
Azərbaycanın bu rayonunda futbolu "ağladıblar": VİDEO+FOTOLAR

Dünən Azərbaycan millisinə Canni De Byazininin baş məşqçi gətirilməsi rəsmi olaraq açıqlandı.

Bu təyinat futbolumuzu inkişaf etdirəcəkmi? Əsla! Nəinki yığmanın, ümumiyyətlə, futbolumuzun inkişafı milliləşdirilən almeydalardan, baş məşqçi gətirilən foqtslardan, de byazilərdən yox, bölgələrimizdə bu top oyununun necə yaşamasından keçir.

Heç yaşayanı var ki, hələ necə yaşamasından da danışaq? Bölgə klublarından "Qəbələ" qalıb, o da çoxdan "koma"dadır. Çox çəkməz, tabuta qoyub, AFFA-nın məşhur "qəbiristanlığ"ına apararlar.

Əyalət klubları dağıldıqca, təbii olaraq, stadionlar da ağzıgünə qalır, məhv olub gedir. Hazırda rayon uşaqlarının öz gələcəyini futbolçu kimi xəyal etməyə heç bir səbəbi, əsası yoxdur. Haradan olsun axı...

Bir vaxtlar Fabio Luis Ramimə, Oktay Dərəlioğluna, Asen Nikolova, Badri Kvarakseliyaya canlı baxan körpələrin nəvələri indi Mahir Emreliyə, Mirabdulla Abbasova belə, həsrətdir...

AFFA hər nə qədər bölgələrdən yan qaçsa da, bizlər hər imkanda məhv olan, vəziyyəti ürək ağrıdan stadionlara baş çəkməyə, hazırkı durumu ilə oxucularımızı yaxından tanış etməyə çalışırıq.

Deyir, ölünü diridən torpaq soyudur. Bu, yadlar üçün keçərlidir, amma valideyinlər üçün əsla. AFFA hər nə qədər futbolumuza, məhv olan bölgələrimizə yad olsa da, bizlər əsla unutmarıq.

Çünki bizim futbolumuza sevgimiz həqiqdir, sönməzdir. Eynən valideynin övladına olan məhəbbəti kimi. Bunun nəticəsidir ki, "futbol qəbiristanlığı"na gömülmüş klublarıı və onların stadionlarını davamlı xatırlayır və ziyarət edirik.

Bu dəfə ziyarətinə getdiyimiz "cənazə" isə İmişli Şəhər Mərkəzi stadionudur. Söhbət bir vaxtlar "Lokomotiv" və "MKT Araz"ın aranlı futbolsevərləri bir araya gətirdiyi, dünyaca məşhur türkiyəli referi Cüneyt Çakırın beynlxalq arenada ilk dəfə oyun idarə etdiyi 8000 nəfər tutumlu arenadan gedir.

Qısa müddətdə ölkəmizdə öz futbol dəsti-xəttini quran və böyük ümidlərin bəsləndiyi İmişli klubu 2007-ci ilin yayında bir andaca fəaliyyətini dayandırmışdı. O gün, bu gün imişlilərin Premyer Liqa həsrəti davam edir…

Stadionda qarşıma çıxan orta yaşlı şəxsin titrək səslə dedikləri: "Bax, qardaş, bax. Doyunca bax. Bu stadionun günləri olub e… Bir günün içində qıfıl vurub getdilər. Çətin ki, yaxın zamanda bu qıfıl buradan açıla və biz də futbol üzü görək".

Hörmətli futbol "başbilənlərimiz", nə qədər ki, gec deyil, ayılın. Dərk edin ki, inkişaf məhz İmişlinin timsalında digər futbol sevgisi ilə yaşayan bölgə stadionlarına vurulan qıfılların açılmasından başlayır.

O qıfıllar açılsa, Almeydadan, Nazarovdan yaxşı futbolçularımız, De Byazidən qat-qat səviyyəli məşqçilərimiz yetişəcək. Mütləq yetişəcək! Yetər ki, siz bunu istəyin, arada öz cibinizi yox, futbolu, onun sabahını düşünün.

Görürük, tamahınız böyükdür, iştahınız güclüdür, nəfsinizi saxlaya bilmirsiz, amma bir gün buna görə cavab verəcəyinizi də unutmayın. Nə bilmək olar, bəlkə də o gün heç də uzaqda deyil…

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu