"Hər ikisi ayrılan pulları yeyir, komandanı dağıtmağa çalışır"

11 İyul 2020 12:16 Azərbaycan Futbolu 941
"Hər ikisi ayrılan pulları yeyir, komandanı dağıtmağa çalışır"

Koronavirus pandemiyasının ölkə futboluna və klublara təsiri qaçılmaz oldu.

Klublarda maddi baxımdan dəyişikliyin olduğu, bəzi komandalarda məvacib gecikmələrinin yaşandığı məlumdu.

Sportinfo.az xəbər verir ki, bu klublardan biri də Region Liqası təmsilçisi Qusar “Şahdağ”ıdır. Lakin komandanın futbolçusu Firudin Ağalarov məvacib gecikməsinin pandemiya ilə yox, klub daxilində başverənlərlə bağlı olduğunu iddia edir.

Ağalarovla məvaciblərin gecikməsi, klub daxilində olan hadisələr və başqa mövzular ətrafında danışdıq.
- Komanda pis vəziyyətdədi, pul yeyintiləri olur, məvaciblərimiz verilmir. Prezidentlər bir-birini əvəz etsə də, heç nə dəyişmir, klub uçuruma gedir (Futbol+).

- Neçə aydı məvacib almırsız?
- Artıq iki aydı maaş almırıq, may və iyun ayları üçün.

- Belə başa düşdüm ki, klub prezidentinin fəaliyyətindən narazısız.
- Mən bütün komanda adından danışıram. Bizim hazırkı prezidentimiz Hafiz Seyidovdu. Əvvəl prezident Ərəstun Niftiyev idi. O, neçə illər ərzində uşaqların haqqını yedi. AZENCO şirkətinin rəhbəri Etibar Pirverdiyevin kluba ayırdığı pulları mənimsədi. Yanvarda Hafiz Seyidov gəldi, o da məvacibləri vermir, klubu dağıdır.

- Yəni Ərəstun Niftiyevlə Hafiz Seyidovun fəaliyyəti dövründə heç bir dəyişiklik olmayıb?
- Bəli, heç bir dəyişiklik olmayıb. Keçmiş prezidentlə indiki arasında heç bir fərq yoxdu. Eyni fəaliyyətdi. Hər ikisi şirkət tərəfindən komanda üçün ayrılan pulları yeyir, komandanı dağıtmağa çalışır.

- Ərəstun Niftiyevin də dövründə məvacib gecikməsi olurdu?
- Bəli, onda gecikmələr daha çox olub. Aylarla pulsuz oynadığımız vaxt olub. Uşaqların məvacibi verilməyib. 2016/17 mövsümündə ardıcıl dörd ay məvacib almamışıq.

- Məvacib məsələsi ilə bağlı klub rəhbəri ilə görüşünüz olmayıb?
- Yox, görüş keçirilməyib. Klub rəhbəri çox yaxşı insandı. O, prezidentə güvənir, onlar da bu inamdan istifadə edib, uşaqların pulunu mənimsəyirlər. Əsas məsələ də prezidentlikdi.

- Bəs hazırkı prezident Hafiz Seyidovla danışığınız, görüşünüz olmayıb?
- Hafiz Seyidov bizimlə bir dəfə görüşüb, o da yanvar ayında, kluba təzə gələndə. Həmin vaxtdan sonra ona zəng edərək, görüşmək istədiyimizi bildirdik, imtina etdi. Görüşüb, məvaciblə bağlı danışmaq istəyirdik. Bütün komanda təsdiqəyər ki, bu məvaciblər yeyilir. 2015/16 mövsümündə də 10 ay maaşlar verilməmişdi. Həmin vaxt da kluba Ərəstun Niftiyev rəhbərlik edirdi.

- Digər futbolçular nə düşünür? Komandadan ayrılanlar var?
- İndiyədək hər şey öz qaydasında idi. Pandemiyadan sonra komandada qarışıqlıq yarandı. Bakıdan olan futbolçulara komandadan ayrılmaqla bağlı məcburi ərizə yazdırırlar. Futbolçuların bəziləri imza atıb, bəziləri yox. Məcbur edirlər ki, ərizəyə qol çəkin. Futbolçu məvacib almadan necə qol çəkib, komandadan ayrıla bilər? Bütün futbolçular prezidentdən narazıdı. Klubu futboldan anlayışı olmayanlar idarə edir.

- Prezidentin kluba gələn vaxtdan futbolçulardan hansısa tələbi olub?
- Tələb çempionluq idi. Yəqin sonradan söz-söhbət olub, kimsə sözləri ilə ona təsir edib. “Nə nəticə əldə edirsiz ki, məvacib də verilsin?” kimi söhbətlər olub.

- Komanda daxilində, futbolçular arasında münasibət, ab-hava necədi?
- Futbolçular arasında münasibət əladı, arzumuz çempionluq idi, bunun üçün çalışırdıq. Pandemiyaya görə çempionat ləğv edildiyinə görə qismət olmadı. Amma həm futbolçular arasında, həm də baş məşqçi Kamran Əlibabayevlə münasibət çox yaxşıdı. Komandanın daxilində yox, kənardan təsir edən, münasibətləri pozmağa çalışan çox insan var. Bakıdan olan futbolçuları komandadan uzaqlaşdırmaq, bəzi futbolçuların ayağının altını qazmaq istəyirlər. Kapitanımız prezidentə zəng edəndə bildirdi ki, komanda fəaliyyətini dayandırıb. Halbuki bizim bundan xəbərimiz olmayıb. Futbolçulara, komanda üzvlərinə demədən, klub necə fəaliyyətini dayandıra bilər?

- Komandaya kənar şəxslərin təsir etdiyini söylədiz. Bu şəxslər kimlərdi?
- Bu şəxslər köhnə komandada da olub. Həmin insanlardı, bunu ən yaxşı Ərəstun Niftiyev bilir, başçı odu. Yenə eyni şeylərdi, təkrarlanır.

- Bəs Bakıdan olan futbolçuların sıxışdırılmasının səbəbi nədi?
- Onların məvacibini ələ keçirərək, özlərinə şərait qurmaq istəyirlər.

- Klubun fəaliyyətinin dayandırması barədə sizə əlavə məlumat verən olmadı?
- Xeyr, heç kim bununla bağlı bizə heç nə demədi. Sadəcə, klub prezidenti bildirdi ki, komanda fəaliyyətini dayandırıb. Biz futbolçular da dedik ki, bunun bizə aidiyyatı yoxdu, məvacibimizi tələb edirik. O da cavab verdi ki, alınsa, sentyabrdan yenidən fəaliyyətə başlayacağıq. Həmin vaxt da seçim edəcəklər ki, komandada kim qalır, kim gedir. Qalan futbolçularla da yeni müqavilə imzalanacaq. Prezidentin futboldan yaxşı anlayışı yoxdu, kənardan ona deyirlər, o da belə edir. Futbola uyğun iş görmür. Prezidentə ondan şikayət edəcəyimizi də bildirmişdik. O da dedi ki, kimə istəyirsiz şikayət edin, mənim üçün fərqi yoxdu.

- Bəs şikayət etmisiz?
- Vəziyyət düzələr deyə gözləyirik. Komanda olaraq şikayət etmək fikrimiz də var.

Xəbər Lenti